İsraildə səfirliyimizin açılması tezləşdirilməlidir

117

Ərəb ölkələri bir-birinin ardınca İsraillə diplomatik münasibətlər qurmağa davam edir. Birləşmiş Ərəb Əmirliyinin ardınca Bəhreyn də belə sazişə hazırlaşır. Sentyabrda anlaşma gözlənilir. Bu prosesin davamı olaraq başqa ərəb ölkələrinin də İsraillə barışıq ehtimalı yüksəkdir. Çünki həm Bəhreyn, həm Misir BƏƏ – İsrail sazişini alqışlayıblar.

Göründüyü kimi, tarixən bir-birinə qənim kəsilən, düşmən olan ərəb-yəhudi barışığı belə reallaşmaqdadır – baxmayaraq ki, bəzi ərəb dövlətləri, məsələn, Səudiyyə Ərəbistanı bunu təqdir etmir. Amma faktiki İsrail ABŞ-ın arzusu ilə ərəblərlə diplomatik əlaqələr qurur. Bizsə hələ də İsraildə səfirliyimizi aça bilməmişik.

Azərbaycanın İsraildə səfirliyinin olmamasını daha çox İran amili ilə əlaqələndirirlər. Hərgah İranla isti münasibətlərə malik olan Ermənistanın artıq İsraildə səfirliyi açılıb. Bəs biz nəyi gözləyirik, niyə gecikirik? Tel-Əvivdə səfirliyimiz olsa, Tehran hansı reaksiyanı verə bilər?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, rəsmi Bakının Tel-Əvivlə hər hansı saziş imzalamasına ehtiyac yoxdur, iki ölkə arasında diplomatik münasibətlər çoxdan qurulub. “Azərbaycan İsraillə çoxtərəfli əməkdaşlıq içindədir. Bu gün ərəb ölkələri Azərbaycanın keçdiyi yola gəlir. Lakin bizi narahat edən bir məsələ İsraildə Azərbaycan səfirliyinin olmamasıdır. İsrailin 1992-ci ildən Azərbaycanda səfirliyi olsa da, bizim hələ də orada diplomatik nümayəndəliyimiz açılmayıb. Mən parlamentdə dəfələrlə bu məsələni qaldırmışam. Hesab edirəm ki, iki dövlət arasında çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək, Azərbaycanın Qarabağ problemini İsraildə yaxşı tanıtmaq üçün səfirliyin açılmasına böyük ehtiyac var”.

Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ermənilərin faşizim  rejiminin tərəfdarı olmasının sübutudur

Asim Mollazadə: “Bu məsələ həllini tapmalıdır, İsraildə erməni icması fəaldır və Ermənistan bundan istifadə etmək istəyir”

A.Mollazadənin fikrincə, səfirliyin açılmasının bu qədər yubanmasını İran amili ilə izah edirlər: “Bir müddət əvvəl Xarici İşlər Nazirliyi maliyyə problemi ilə izah edirdi. Amma bu məsələ həllini tapmalıdır. İsraildə erməni icması fəaldır, radikaldır və Ermənistan bundan daha yaxşı istifadə etmək istəyir. Odur ki, Azərbaycanın İsraildə səfirliyinin olması vacibdir, bu hadisə Tel-Əvivlə münasibətlərin inkişafına xidmət edəcək”.

Deputat bütövlükdə İsraillə ərəb ölkələrinin diplomatik münasibətlərini qurmasını müsbət hadisə sayır: “Ümidvaram ki, digər ərəb ölkələri də İsraillə əlaqələr quracaq. Bu, Orta Şərqdə sülhün bərqərar olmasına xidmət edəcək. ABŞ prezidenti Donald Trampın bu məsələdə xüsusi təşəbbüsünü müsbət qiymətləndirirəm”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Elxan Şahinoğlu: “İranda erməni səfirliyi qarşısında aksiya keçirildi, sonra bitdi, bizə də etirazlar olacaq, sonra səngiyəcək”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bu məsələləri çox yubatmışıq. Onun sözlərinə görə, 90-cı illərdən İsraildə səfirlik açmağın labüdlüyünü yazır: “Əgər bir dövlət səndə səfirlik açıbsa, qarşılıqlı olaraq sən də həmin ölkədə səfirliyini açmalısan. Doğrudur, iki ölkə arasında münasibətlər çox inkişaf edib, bəzi sahələrdə əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Yəni biz İsraildən müasir hərbi texnika alırıq, onlara neft satırıq, ölkə neft tələbatının 30-40 faizini bizim hesabımıza təmin edir. Ona görə zəruri idi ki, Tel-Əvivdə səfirlik açaq”.

E.Şahinoğlu səfirliyimiz açılsa İrana görə etirazların qısa çəkəcəyini güman edir: “Deyir ki, guya İran və ərəb ölkələri sərt etiraz edəcək. İranda Ermənistan səfirliyi qarşısında bir-iki aksiya keçirildi, sonra məsələ bitdi. Ola bilsin, İrandakı səfirliyimiz önündə də 5-10 gün etirazlar olsun, sonra hər şey səngiyəcək. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, İsraillə əlaqələr İrana və hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Ərəblərin etiraz edəcəyinə gəlincə, Misirin 1970-ci illərdən, İordaniyanın 1994-dən İsraillə diplomatik münasibətləri var. İndi də BƏƏ və digər ərəb ölkələri İsraillə əlaqələr qurur. Ona görə Azərbaycan səfirliyini açsa, niyə ərəb ölkələri etiraz etsin? Sadəcə, xüsusi elan vermədən səfirliyi açmaq olar”.

Politoloq İsraildə böyük Azərbaycan diasporunun olmasına diqqət çəkdi: “Onlar vaxtilə buradan köçənlərdir və ana vətənlə əlaqə saxlamaq istəyirlər. Ancaq diplomatik missiya olmadığı üçün bir az problemlərlə üzləşirlər. Bu mənada mütləq səfirlik olmalıdır. Üstəlik, səfirliyin açılması heç də Fələstin məsələsində Azərbaycanın mövqeyinin dəyişməsi anlamına gələ bilməz. Türkiyənin də İsraillə münasibətləri soyuqdur, amma orada səfirliyi var, deməli, bizim də olmalıdır. Bu, sadəcə ikitərəfli əlaqələri yüksək tutmağa hesablanıb”.

Ramiyə Məmmədova: “İmamoğlunun daxili siyasətdə problemlər yaradacağını  düşünmürəm”

Ramiyə Məmmədova: “Türkiyədən sonra ən yüksək səviyyədə əlaqələrimiz olan İsraildə səfirliyimizin olmaması qəribədir”

Siyasi şərhçi Ramiyə Məmmədovanın dediyinə görə, yeni xarici işlər naziri Ceyhun Bayramov bu məsələni qaldırmalıdır. Ekspert hesab edir ki, Türkiyədən sonra ən yüksək səviyyədə əlaqələrimiz olan İsraildə səfirliyimizin olmaması qəribə görünür. “İsrail tərəfi də bu məsələdə israrlı deyil, Bakıdan ciddi tələbi yoxdur, hansısa şərtlər irəli sürmür. Çünki Bakıda səfirliyi var, növbə bizimdir. Mənə elə gəlir ki, indi yaranmış fürsətdən istifadə etməliyik. Ərəb ölkələri Tel-Əvivlə barışırsa bizə səfirliyi açmağa görə heç kim irad bildirə bilməz. Üstəlik, bu, rəsmi Bakının daxili işidir. Əgər İran narazılıq etsə, Ermənistanın İsraildə səfirlik açmasını Tehrana nümunə göstərə bilərik. Yəni prosesi yubatmağa ehtiyac yoxdur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”