İsrail İkinci Qarabağ müharibəsində nələri qazandı? – MARAQLI FAKTLAR

315

Rusiyanın cənub sərhədlərində NATO-nun hərbi-siyasi təsir təhlükəsi getdikcə artmaqdadır. 2020-ci il payızındakı İkinci Qarabağ müharibəsində Türkiyənin güclü dəstəyi fonunda İsrailin bu silahlı qarşıdurmada dolayı iştirakı kölgədə qaldı. Bu gün İsraillə Azərbaycan arasındakı olan yüksək hərbi-texniki əməkdaşlıq imkan verir ki, Bakı öz ordusunu qabaqcıl silah və hərbi texnika (AME) ilə yenidən təchiz etsin. Son beş ildə Azərbaycana yeni silah tədarükünün yüzdə 43 faizini İsrail təmin etdi (müqayisə üçün: Türkiyə – yalnız yüzdə 2,8 faiz). Eyni zamanda Təl-Əviv ölkəsinin neftə olan ehtiyaclarının yüzdə 40 faizini Bakıdan alır.

2016-cı ilin dekabrında İsrailin Baş naziri Binyamin Netanyahunun Bakıya səfəri zamanı tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında müqavilə imzaladılar. İsrail hərbi mütəxəssisləri və MOSSAD (İsrail siyasi kəşfiyyatı) işçilərinin Azərbaycanda daimi olaraq qalmasına razılıq verildi. O andan etibarən hərbi-texniki əməkdaşlıq sahəsində İsrail-Azərbaycan əməkdaşlığı sürətlənməyə başladı. İsrailin Bakıya göndərdiyi hərbi təchizat arasında ilk yeri pilotsuz uçan aparatlar (PUA) tutur. Son 12 ildə Azərbaycan Silahlı Qüvvələri demək olar ki, tamamilə İsrailin PUA-ları ilə təchiz edilmişdi. Yalnız son bir ildə vəziyyət xarici pilotsuz təyyarələrin tədarükçülərinin şaxələndirilməsinə doğru bir qədər dəyişməyə başladı. Qarabağ uğrunda növbəti müharibə ərəfəsində Azərbaycan Türkiyədən “Bayraktar TB2” pilotsuz döyüş təyyarələrini və “STM Kargu” multikopterlərinin bir hissəsini aldı.

“Azərbaycan-Rusiya münasibətləri zəiflədikcə, Tehran, Təl-Əviv və Ankara arasında Bakıya təsir uğrunda mübarizə durmadan artır”.

Azərbaycan ordusu həmçinin İsrailin “Tavor TAR-2”, “Uzi” avtomatları, “Neqev” yüngül pulemyotları, “Spike” və “LAHAT” tank əleyhinə raket sistemləri, “LORA” operativ-taktiki raket sistemləri, “MLRS” çoxsaylı raket sistemləri  ilə silahlandı.  Bundan əlavə çox sayda “Lynx”, 155 mm təkərli özüyeriyən artilleriya dayaqları, “ATMOS-2000”, 120 mm özüyeriyən “Cardom” və “Spear Mk2-47” minamyotları alındı.

İsrail Azərbaycana bir sıra müasir radarlar, “Barak-8” hava hücumundan müdafiə sistemləri, sərhəd gəmiləri və korvetlər çatdırdı. İsrailin “Elbit” şirkəti Rusiya istehsalı olan T-72 və T-55 tanklarını, həmçinin BMP-2-ni Azərbaycanın sifarişi ilə modernləşdirdi. Bir sözlə Təl-Əvivin hərbi sahədə Bakı ilə əməkdaşlığı çox genişdir və  heç də yuxarıda qeyd olunan silahlarla məhdudlaşmır.

Dağlıq Qarabağdakı əməliyyatı azərbaycanlılar tərəfindən deyil, hətta türklər tərəfindən deyil, sırf geopolitik hədəflər güdən İsrailli mütəxəssislər tərəfindən planlaşdırıldığı barədə fikirlər də var. İddialara görə İsrail rəhbərliyi çoxdandır ki, Azərbaycan ərazilərindən İrana qarşı öz kəşfiyyat və təxribat əməliyyatları aparmaq üçün istifadə etmək xəyalındadır. MOSSAD artıq Azərbaycanda İran ərazisindəki hərbi obyektlərin elektron izləmə stansiyasını yaradıb.

İsrail və Türkiyənin siyasi rəhbərliyi arasında bir sıra prinsipial məsələlərdə (Qüdsün statusu, Həmas qrupuna münasibət) davam edən fikir ayrılıqlarına baxmayaraq, MOSSAD və İsrail hərbi kəşfiyyat xidməti AMAN-la Türkiyənin kəşfiyyat xidməti MİT və türk ordusu sıx əlaqələr saxlayır. Onların Suriyadakı sıx qarşılıqlı əlaqələrinin olduğu qeyd olunur. Bəzən MOSSAD Kürdüstan İşçi Partiyasının (PKK) fəaliyyətləri barədə türk komandanlığı ilə məlumat paylaşır.

Burda bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, Ankara ancaq  Azərbaycan Silahlı Qüvvələrini Ermənistanla yaxınlaşan müharibə üçün silahlandırırdısa, Təl-Əviv həm də Bakı ilə Tehranın qarşıdurmasının perspektivlərini nəzərdə tuturdu. Bununla belə Şiə məzhəbli İran Azərbaycan şiələrinə təsirini artırmaq, Türkiyənin və İsrailin oradakı mövqelərinin güclənməsinin qarşısını almaq ümidini itirmir. Bakı isə İranda yaşayan milyonlarla azərbaycanlı soydaşlarını unutmur. Azərbaycan-Rusiya münasibətləri zəiflədikcə, Bakıda Tehran, Təl-Əviv və Ankara arasında nüfuz uğrunda mübarizə durmadan artır.

İndiyə qədər üstünlük İranın lehinə deyil. Demək olar ki, Gürcüstanı öz tərəfinə çəkən Azərbaycan getdikcə Cənubi Qafqazda Türkiyə və İsrail üçün tramplinə çevrilir. Bu mənada 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma çərçivəsində Azərbaycandan Naxçıvana-İranla sərhədə çıxışı olan dəhlizin açılması Təl-Əviv üçün xüsusi əhəmiyyət kəsb edir. Bu həm də Bakının Təl-Əviv və Ankara ilə hərbi və hərbi-texniki sahədə inteqrasiyanı daha da gücləndirir. Bu isə  NATO rəhbərliyinin maraqlarına tamamilə cavab verir. Təsadüfi deyil ki, Qarabağdakı döyüş əməliyyatları bitdikdən dərhal sonra Böyük Britaniya öz emissarını – Türkiyədəki keçmiş səfiri və indi Mİ-6 ingilis kəşfiyyat xidmətinin rəhbəri Riçard Muru Ankaraya göndərdi.

“BПK.ru” hərbi nəşri, 29 dekabr 2020.

Tərcümə etdi: Surxay Atakişiyev,