“İspanların kataloniyalılarla deyişməsini bizim ermənilərlə davamıza kopiyalamaq olmur” – İLQAR MƏMMƏDOV

48

"Qarabağ münaqişəsində daha güclü hüquqi mövqedən çıxış etmək və daha çox beynəlxalq tərəfdar yığmaq istəyiriksə, Azərbaycan daim düzgün seçki keçirməli, demokratik dəyərlərə hörmətini göstərməli, bələdiyyə hakimiyyətlərini gücləndirməlidir"

"İspanların kataloniyalılarla deyişməsi hələ çox davam edəcək. Onu bütövlükdə bizim ermənilərlə davamıza kopiyalamaq olmur, çünki şəraitlər tam fərqlidir". Hurriyyet.org xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

O qeyd edib ki, dünən "Foreign Policy" jurnalında Kataloniya separatçılarına qarşı bir yazı dərc olunyb: "Müəllif İspaniya ərazi bütövlüyünün tərəfdarı olaraq vurğulayır: "Beynəlxalq öz müqəddəratını təyin etmə prinsipi yerli hakimiyyət orqanları artıq güclü olan demokratiyalardan zəngin regionların ayrılması üçün nəzərdə tutulmamışdır". İspanlar bunu deyəndə heç də Azərbaycanın mövqeyini müdafiə etmiş olmurlar, çünki bu fikri davam edərkən onlar belə deyə bilərlər: "Zəngin olmayan bir regionun həddən artıq mərkəzləşmiş anti-demokratik dövlətdən ayrılması beynəlxalq öz müqəddəratını təyin etmə prinsipinə uyğundur". Qarabağ münaqişəsində biz daha güclü hüquqi mövqedən çıxış etmək və daha çox beynəlxalq tərəfdar yığmaq istəyiriksə, Azərbaycan nəinki daim düzgün seçki keçirməlidir, nəinki digər demokratik dəyərlərə hörmətini göstərməlidir, həm də bələdiyyə hakimiyyətlərini gücləndirməlidir. Bələdiyyə hakimiyyətinin səlahiyyətləndirilməsini REAL olaraq öz seçki platformamızda həm də Qarabağ münaqişəsinin tənzimlənməsinə təsadüfən bağlamırıq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org