İsmayıllıdan olan iki əsgərin anası kömək istəyir

1062

Vətən müharibəsinin ilk günlərindən işğal altındakı torpaqlarımızın azad olunması üçün əlinə silah alanlar arasında əslən İsmayıllı rayon Qurbanəfəndi kəndindən olan Tərlan Eynulla oğlu Qurbanov və Kənan Eynulla oğlu Qurbanov qardaşları da var. Tərlan Qurbanov hərbi xidmətçi kimi, Kənan Qurbanov isə hərbi əməliyyatlarla bağlı qismən səfərbərlik başladıqdan sonra orduya çağrılıb. Hər iki qardaş bu günə kimi hərbi xidmətini davam etdirirlər. Kamera qarşısında əsgər ailərinə diqqətdən danışan məmurlar isə vətən torpaqlarının müdafiəsində iştirak edən iki əsgərin, Tərlan və Kənan Qurbanov qardaşlarının ailəsinin problemini görmək, dinləmək istəmir.

Tərlan və Kənan Qurbanov qardaşlarının anası Könül Mövlud qızı Qurbanovanın prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciətində də torpaqlarımızın müdafisində iştirak edən iki əsgərin ailəsinin problemlərindən söhbət açılır. Bir sürəti də “Yeni Sözçü” qəzetinin redaksiyasına ünvanlanan müraciətində Könül Qurbanova yazır ki, həyat yoldaşı ailəyə çörək pulu qazanmaq üçün ölkə xaricində olduğu, iki övladı isə hazırda hərbi xidmətdə olduğu üçün ailənin qadın üzvləri üzləşdikləri problem qarşısında sahibsiz qalıblar.

Vətənin müdafiəsinə iki əsgər göndərən və hazırda üç qadın və bir körpə uşaq olan ailənin ən böyük problemi isə yaşadıqları evdə təbii qaz, eləcə də odun və ya digər yanacaq almaq üçün imkanlarının olmamasıdır. Üzləşdikləri problemlə bağlı ailə İsmayıllı rayon İcra Hakimiyyətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə müraciət etsə də, heç bir faydası olmayıb. Vicdanlı vətəndaşlar ailəyə müəyyən yardım etsələr də, hakimiyyət orqanları əsgər ailəsinin fəryadlarını eşitmir.

Bu ilin əvvəlində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə, töhmət elan edilən İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun şəhid və əsgər ailələrinin problemlərinə ögey münasibət bəsləməsi isə məlum olan məsələdir. İsmayıllı rayon Topçu kəndindən olan şəhid Elşad Fazil oğlu Məmmədovun ailəsi şəhidin adının əbədiləşdirilməsi üçün dəfələrlə İsmayıllı rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciətlərinə qarşılıq verilməyib. Göürünür, şəhid ailəsinin müraciətinə laqeyd yanaşan icra başçısının əsgər ailəsinə sahib çıxması nonsens olardı.

Ötən il prezident Ilham Əliyevin sərənamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əfran Nəbiyevin isə əsgər ailələrinin problemlərinə diqqət ayırmağa vaxtı yoxdur. Hətta COVİD-19 virusu da Əfran Nəbiyevin fəaliyyətin azalda bilməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsində 44 günlük Vətən müharibəsi dövründə baş verənlərə növbəti yazıların birində aydınlıq gətirəcəyik.

Arzuman LOĞMANOĞLU