İSLAM VƏ SEÇKİ

9

Qurani-Kərimi dərindən mənimsədikdə aydın olur ki, İslam dininin əsasını məhz “seçim” təşkil edir

Seçkilərdə iştirak etməyin özü də Allah yolunda döyüşməkdən başqa bir şey deyil

Ölkəmiz növbədənkənar seçki prosesinə daxil olub. Əhalidə ənənəvi seçki passivliyi müşahidə olunur. Hökumət seçki təşviqatı aparmır. Müxalifətin seçki təbliğat vasitələri xalqı seçkilərə qatılmağa təşviq etməyə kifayət etmir. Uzun illərin saxta seçki təcrübəsi seçkiyə marağı demək olar ki, tam söndürüb. Bu azmış kimi, bəzi sosial qruplar apoloji – yanlış dərk edilmiş ideyalar arxasınca gedərək, seçkilərdən kənarda durmağa üstünlük verirlər.

Belə qruplardan biri də əhalimizin dindar həyatı yaşayan kəsiminin içərisində yer tutur. Namizədliyimi verdiyim seçki dairəsində vəkillərimiz təbliğat zamanı məscid əhlindən bir qrupunun “dinimiz bizə seçkilərdə iştirak etməyə icazə vermir” fikrini mənə çatdırdıqdan sonra İslamın seçki məsələsinə münasibəti ilə bağlı bu qısa məqaləni yazmağı qərara aldım.

Hər şeydən əvvəl qeyd edim ki, əhalinin böyük əksəriyyəti Azərbaycandakı mövcud vəziyyətdən narazıdır, cəmiyyətdə yoxsulluq işsizlik, məmur özbaşınalığı, hüquqsuzluq əxlaqsızlıq baş alıb gedir. Cəmiyyətin əsasını təşkil edən ailə institutumuz sürətlə dağılır, dini, milli dəyərlərimiz aşılanır, mədəni səviyyəmiz günü-gündən aşağı düşür, əhali maarifdən uzaqlaşır, elmimiz zəifləyir, ictimai-siyasi şərait pisləşir. Bütün bunlar cəmiyyətdə fitnə-fəsada yol açmaqla zülmə səbəb olur. Belə bir şəraitdə “həqiqi dindar nə etməlidir və Quran həqiqi müsəlmanlara bu problemin həllində hansı yolu tutmalarını əmr edir” sualı meydana çıxır.

Qurani-Kərimin “Səff” surəsinin 2-4-cü ayələrində bəyan edilir: “Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz?.. Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur... Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər”.

Məlumdur ki, müsəlmanlar hər namazda Allahdan onları doğru yola hidayət etmələrini istəyirlər. Qurani-Kərim vasitəsi ilə Allah onlara doğru yolu necə tapmağın yolunu göstərir, hansı ki, bu, Allahın əmrlərinin məcmusundan ibarətdir. O müsəlman ki, Allahın əmrlərini mükəmməl şəkildə icra etmir, onun Allahdan doğru yola hidayət olunmağını istəməsi Allahın yanında mənfurdur, Allah belə insanları sevməz. Allahın doğru yolu Onun yolunda döyüşməyi tələb edir. Burada “döyüşmək” ifadəsi genişmənalı olub, silahla döyüşməkdən tutmuş sözlə, fikirlə, əməllə, davranışla, niyyətlə, mövqe ifadə etməyə qədər ən müxtəlif mübarizə usullarını özündə ifadə edir. Seçkilərdə iştirak etməyin özü də Allah yolunda döyüşməkdən başqa bir şey deyil. İlk baxışda seçkidə iştirak etməklə Allah yolunda döyüşmək arasında zahirən bir əlaqə tapmaq çox adam üçün çətindir. Amma Qurani-Kərimi dərindən mənimsədikdə aydın olur ki, İslam dininin əsasını məhz “seçim” təşkil edir.

Əvvala, seçim bir insani əməldir. Seçimdə məqsəd cəmiyyəti idarə edə biləcək ədalətli şəxslərin müəyyən edilib, onlara hakimiyyət verilməsindən ibarətdir. Buradan aydın olur ki, seçim ən yaxşı insani əməldir. Qurani-Kərimin “Bəqərə” surəsinin 25-ci ayəsində bəyan edilir: “İman gətirib yaxşi işlər görən şəxslərə müjdə ver ki, onlar üçün altından çaylar axan cənnətlər vardır”.

“Muddəssir” surəsinin 38-ci ayəsində bəyan edilir: “Hər kəs öz əməlinin girovundadır”. Bu və bundan başqa çoxsaylı Quran ayələrindən açıq şəkildə görünür ki, İslam yalnız ibadət dini deyil və digər dinlərdən fərqli olaraq, hər şeydən əvvəl  ibadət və yaxşı əməlin vəhdəti dinidir. Tək bir ibadət və ya yaxşı əməl ayrı-ayrılıqda insanın həqiqi müsəlman olmasına kifayət etmir. Buna görə də, hər bir həqiqi müsəlman Allaha olan inamını yalnız ibadətlə yox, ilk növbədə əməllə sübut etməlidir. Sonuncu ayədən görünür ki, insanların ədalətsiz cəmiyyətin girovunda olmaları əslində onların öz əməllərinin girovunda olması ilə bağlıdır, hansı ki, seçkilərə qatılmır, düzgün seçim etmir və bununla İslamdan uzaqlaşaraq şeytani güclərin tügyan etdiyi cəmiyyətdə yaşamaga məcbur olur. Bu vəziyyət bu gün əksər islam topluluqları üçün xarakterikdir. Bu da İslam aləmində müsəlmanların Allahın əmrlərini birtərəfli və yarımçıq icra etmələrinin aşkar dəlilidir. Azərbaycan da bu mənada istisna təşkil etmir. Qurani-Kərimdən aydın şəkildə görünür ki, Azərbaycan dindarları cəmiyyətin bu kökdə olmasına görə mütləq Allah qarşısında cavab verəcəklər.

Doğrudanmı, İslam dininin əsasını seçim təşkil edir? Qurani-Kərimin “Bəqərə” surəsinin 256-cı ayəsində bəyan edilir: “Dində məcburiyyət yoxdur. Şübhəsiz, hidayət yolu azğınlıqdan aydınlaşmışdır. Buna görə də kim azğın və itaətsizə kafir olmayıb iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir”.

Bu ayədən görünür ki, dində məcburiyyət yoxdur. Məcburiyyətin əksiliyi azadlıqdır. Beləliklə, sübut olunur ki, İslam dinində hürriyyət – azadlıq vardır və insanlar doğru yolla əyri yoldan birini seçmək hüququna malikdir. Buradan da seçimin ilahi əmr olduğu aydın şəkildə sübut olunur. Əgər Qurani-Kərimə diqqət etsək, aydın sürətdə görərik ki, Allah-təala həqiqi müsəlmana bütün həyatı boyu hər addımda seçim etməyi əmr edir. İslam dinində mütləq seçim Allahla şeytan arasında, ən ümumi seçim Cənnətlə Cəhənnəm arasında, ümumi seçim bu dünya ilə Axirət arasında, xüsusi seçim haramla halal (mənəvi), pakla napak (cismani), yaxşı ilə pis (ictimai), xeyirlə şər (əqidəvi) arasında, orjinal seçim insanları əməllərinə görə bir-birindən seçməklə bağlıdır.

Buradan aydın olur ki, hər bir həqiqi müsəlman ilk növbədə yaşadığı toplumda insanları əməllərinə, mövqeyinə görə bir-birindən seçməkdən başlayaraq, sonda Allahla Şeytanı bir-birindən seçməyə, ya əksinə Allahla Şeytanı seçərək, sonra həqiqətin dərəcələnməsinə uyğun insanları bir-birindən seçmə istiqamətində cəhd etməlidir. Buna görə də Allah-təala insana hətta mələklərə belə vermədiyi iradə – seçim gücü vermişdir, hansı ki, insan məhz iradəvi olduqda seçim etmək imkanı əldə edir.

Beləliklə, seçim vəziyyəti azadlıq vəziyyətidir, hansı ki, Allah-təala məhz insanə bu cür, yəni azad yaratmışdır ki, Onunla Şeytan arasında azad seçim edə bilsin. Bəs, insan iradəsi ilə yaşadığı cəmiyyətin tipi arasında nə kimi əlaqə vardir?

İnsanın secim edən varlıq olduğu fəlsəfə tərəfindən də təsdiq edilmişdir. Ekzistensializmə görə, insan situativ (vəziyyət) varlıqdır, yəni insan öz yaşamında təsadüfi vəziyyətlər silsiləsində yaşamağa məcburdur və hər bir təsadüfi vəziyyət insanı fərqli şərtlər qarşısında qoyur və cəmiyyət mürəkkəb sistem olduğundan və bu cür sistemlər alternativ inkişaf imkanına malik olduğundan, insan buna uyğun alternativ yollardan birini seçmək məcburiyyətində qalir. Qurani-Kərim insanlara ən ümumi doğru yaşam yolu göstərir və Quranı rəhbər tutan kəsi təsadüflər doğru yoldan çaşdırmır.

Nə üçün seçki aktivliyi olan cəmiyyətlər irəliyə, bunun əksinə seçki passivliyi olan cəmiyyətlər geriyə inkişaf edir?

Məşhur alman sosioloqu Ferdinand Tyennis “İcma və cəmiyyət” adlı kitabında yazır: “İcma nəzəriyyəsi başlanğıc və ya təbii vəziyyət kimi insan iradələrinin təkmil birliyindən çıxış edir, hansı ki, onların emprik ayrılıqlarına baxmayaraq, müxtəlif cür şərtlənmiş fərdlər arasında münasibətlərin zəruri  və mövcud  xüsusiyyətlərindən asılı olaraq çoxobrazlı görünüş almaqla, onu muncuq kimi düzür. İnsan iradəsi anlayışı iki mənada şərh oluna bilər: insan tərəfindən icra olunan istənilən ruhi fəaliyyət və düşüncənin iştirakı ilə xarakterizə olunan fəaliyyət. Buradan da iki cür iradə aşkar olur: düşüncə saxlayan iradə və iradə saxlayan düşüncə.

Birinci növ iradə mahiyyətli iradə, ikinci növ seciçi iradə adlanır… Mahiyyətli iradə insan bədəninin psixoloji ekvivalentidir. Seçici iradə düşüncənin özünün doğduğudur və buna görə onun gercəkliyi yalnız daşıyıcı ilə – düşünən subyektlə bağlıdı…”.

Əgər biz Tyennisin fikirlərindəki anlayışları dini anlayışlarla ifadə etsək, aydın olacaq ki, insanda iki cür iradə var: Nəfsə tabe olan iradə (bu, mahiyyətli iradəyə uyğundur, hansı ki, bədənə ekvivalent psixoloji təzahürdür) və nəfsi islah edən möminlik iradəsi. Hansı ki, bu, insanı Yaradanla, başqa insanlarla vəhdətə, Allah yolunda birgə fəaliyyətə, Ali məqsədə – Allahın insanı yaratmaq məqsədinə, Ona ibadət etməyə, Maarifə – kamilləşməyə, hakimiyyətə – bu dünyanı abadlaşdırmağa, müqqavimətə – şeytana, nəfsə, bu dünyaya, Allah və cəmiyyət qarşısında borcu yerinə yetirməyə sövq edir. Beləliklə, o toplumda ki, insanlar mahiyyətli iradəyə malikdirlər, həmin toplumlarda vəhdət olmur, o cəmiyyətlərdə fitnə, fəsad və zülm tüğyan edir, bu da həmin cəmiyyətdə həqiqi möminlərin olmadığını, yəni möminlik iradəsi olmayan insanların yaşadığını sübut edir.

(Ardı var)

Sərdar CƏLALOĞLU