“İslam tarixində bu cür qadağalar olub” – İlahiyyatçı alim

132

Azərbaycanda din xadimlərinə dövlət tərəfindən kifayət qədər qayğı göstərilir. Məscidlərdə fəaliyyət göstərən dindarlara aylıq məvaciblərin ayırılması da bunun bariz nümunəsidir. Bununla yanaşı son dövrlər qədim ibadətgahlar, məscidlər təmir edildi, yeni məscidlər tikilərək dindarların istifadəsinə verilib. Həmçinin dövlətin təsis etdiyi qurumlar tərəfindən dini sahədə çalışan şəxslərin sosial durumu ilə bağlı konkret addımlar atılıb.

Hurriyyet.org bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında AMEA Şərqşünaslıq Institutunun aparıcı elmi işçisi, İlahiyyat İnstitutunun dosenti, fəlsəfə doktoru Elvüsal Məmmədov deyib.

Fəlsəfə doktoru qeyd edib ki, ölkəmizdə dini müstəvidə keçirilən tədbirlərə müəyən malliyyə yardımları da ayrılır.

Vurğulayıb ki, dini ayinlərin icrası ilə bağlı ölkəmizdə heç bir problem yoxdur: “Bu gün hər kəs istədiyi yerdə namaz qıla, dini ayınləri icra edə bilər. Dövlətin dini ayinlərin icrası ilə bağlı heç bir qadağası yoxdur. Sadəcə olaraq bundan başqa məqsədlər üçün istifadə edilməsi arzuolunan deyil. Çünki ölkədə hər şey qanunla tənzimlənir. Dövlətin dinə, dini failiyyətə sərbəstlik verməsi o mənaya gəlmir ki, bundan başqa məqsədlər üçün istifadə edilsin”.

Elvüsal Məmmədov bildirib ki, pandemiya dövründə insanların sağlamlığını qorumaq üçün müəyyən dini məsələlərlə bağlı məhdudlaşdırmalar tətbiq edilib: “Tətbiq edilən məhdudlaşdırmalar tək dini faəliyyətlə bağlı deyil. Çünki insanların kütləvi toplaşması, izdiham yaranması mövcud şəraitdə yoluxmanın sayına təsir edə bilər. Sağlamlığa xidmət edən qaydalar dinə qarşı tətbiq edilən məhdudiyyətlər kimi başa düşülməməlidir. Vətəndaşların sağlamlığının qorunması üçün islam tarixində xüsusi örnəklər var. İslam tarixində də epidemiya, yoluxucu xəstəliklərin vüsət aldığı dövrlərdə kütləvi ibadətlərin icrasına qadağalar qoyulub. Belə olan halda hər hansı bir dini hökmün də qüvvədən düşməsindən danışmaq olmaz. Ona görə də, dini mərasimlərə qarşı hər hansı ayrı-seçkilik axtarmamalıyıq. Hər bir ağıllı insan bilir ki, bütün bu məhdudiyyətlər sağlamlığın təminatı üçündür. İndiki halda dini status-kvonun qorunub saxlanılması üçün hər kəs öz məsuliyyətini dərk etməlidir”.

İlahiyyatçı alim bildirib ki, pandemiyadan sonra hər hansı dini məhdudiyyətlər olacağı təqdirdə din xadimləri o zaman şikayətlənməkdə haqlı sayılacaqlar: “Ölkədə virusa yoluxma azaldıqca bir sıra qaydalar artıq yumşaldılır”.