İŞİD Əfqanıstanı qarışdırır: ABŞ-Taliban sazişi niyə pozulur?

75

Hüquq müdafiəçisi Favziya Kufiyə sui-qəsd cəhdi din xadimlərinə, sülhpərvərlərə ardıcıl növbəti təxribatdır; ekspert: “Əfqanıstanın ən sabit vaxtı Talibanın hakimiyyətdə olduğu dövrə təsadüf edir, ona görə də…”

Birləşmiş Ştatlar Əfqanıstanda sülh prosesini pozmaq istəyənlərin qarşısını almaq üçün tərəfləri danışıqları bərpa etməyə səsləyib. Vaşinqtonun xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu çağırışı Talibanla danışıqlar aparmaq üçün təşkil edilmiş nümayəndə heyətinin tanınmış qadın üzvünün həyatına sui-qəsd cəhdinə cavabında deyib.

“Biz Favziya Kufinin həyatına qəsd cəhdini qınayırıq. Bu, Əfqanıstanda sülh prosesini saxlamaq və pozmaq istəyənlərin qorxaq və cinayətkar əməlidir” – Xəlilzad bildirib.

Əfqanıstan rəsmiləri parlamentin keçmiş üzvü və qadın hüquqları müdafiəçisi olan Favziya Kufinin Pərvan vilayətindən Kabilə qayıdan zaman naməlum silahlı şəxslərin onun avtomobilinə hücum etdiyini bildirib. O, ciddi xəsarət almadan hadisə yerindən uzaqlaşıb.

İnsidentə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Taliban hücumla əlaqəsi olmadığını bildirib. Bu, hücumun arxasında İŞİD-in ola biləcəyi versiyaları səslənir.

Zalmay Xəlilzad Qətər, Pakistan və Əfqanıstana səfərə yollanıb

Zalmay Xəlilzad

İŞİD Əfqanıstanda sülh prosesini pozmaq istəyə bilər. Fevralda əldə edilən anlaşmaya əsasən ABŞ hərbi qüvvələri Əfqanıstanı tərk edir, Taliban isə sülhə əməl edir.

Amma son həftələr Kabil və şəhərin ətrafında din xadimləri, hüquq müdafiəçiləri və sülh prosesi ilə əlaqəsi olan hüquqşünaslara hücumlar göstərir ki, prosesi tormozlamaq istəyən qüvvələr var.

Xəlilzad Əfqanıstanda rəqib tərəfləri birbaşa danışıqlara başlamağa çağırıb, “İslam Dövləti” silahlılarının və başqa təxribatçıların sülh səylərini pozmağa çalışdığını açıqlayıb.

Ümumiyyətlə, son 40 ildə müharibə əfqanlar üçün həyatın ayrılmaz hissəsi olub. Onların ən böyük arzuları bir az da olsa, sülh şəraitində yaşamaq, silah görməmək və uşaqlarının həyatına görə qorxmamaqdır.

Over 10,000 ISIS Fighters Operating in Afghanistan, More Arriving ...

Fasiləsiz atışmalar, partlayan bombalar, dağıdılmış infrastruktur və artmaqda olan narkotik ticarəti şəraitində həyat davam edir, sabitlik bərqərar olmur, az qala hər evdə “Kalaşnikov” avtomatı var.

İndisə saziş ölkəyə nisbi sakitlik gətirsə də, İŞİD və naməlum güclər Əfqanıstanı təzədən qarışdırır, ölkədə əmin-amanlığa əngəl yaradır.

Bəs, Əfqanıstana nə zaman sülh gələcək? Bu ölkə axır ki, nə vaxt sakit və normal həyat görəcək? Təkcə günahkar Talibanın və İŞİD-in fəaliyyətidirmi? Xalqın siyasi və mədəni səviyyəsi, təhsili müasir Əfqanıstan qurmağa imkan verəcəkmi?

AĞ Partiya sədrinin I müavini, siyasi şərhçi Əhəd Məmmədlinin “Yeni Müsavat”a sözlərinə görə, təəccüblü görünsə də, Əfqanıstanın ən sabit vaxtı Talibanın hakimiyyətdə olduğu dövrə təsadüf edir.

Liviyada nə baş verir: "sərkərdə" Xaftarın sərgüzəştləri

Əhəd Məmmədli

Politoloq deyir ki, Taliban ölkənin 70-80 faiz ərazilərinə nəzarət edəndə sabitlik hökm sürürdü: “Nə zaman ki ABŞ qoşunları Əfqanıstana girdi, o gündən sabitlik pozulmağa başladı. Hətta Talibanın dövründə əksər narkotik plantasiyaları yandırılmışdı, Amerika müdaxilə edəndən sonra bu ticarət genişləndi. Ona görə Əfqanıstanda seçki keçirilməli, xalq özü seçim etməlidir ki, Talibanla, yoxsa onsuz həyata davam etmək istəyir”.

Ə.Məmmədlinin fikrincə, son sui-qəsdlərdə Talibanın əlinin olması ağlabatan görünmür: “Əfqanıstanda bu yaxınlarda Taliban məhbusları azad edilib. İnanmıram ki, bu sui-qəsdləri Taliban həyata keçirsin.

Onlar da maraqlıdır ki, sazişə əməl etsinlər. Böyük ehtimalla İŞİD-in və ya arxasındakı güclərin əməliyyatlarıdır. Çünki İŞİD və Taliban yola getmir, hətta toqquşublar”.

Politoloqun sözlərinə görə, seçkilərlə xalq mövqeyini bildirəcək – Talibanı, yoxsa indiki hökuməti istəyir: “Eyni zamanda, Əfqanıstanda sərt islam tədbirləri var. Bundan əlavə, xalq əsrlərdir savaşır, Britaniyaya qarşı döyüşüb, sovet ordusuna qarşı müharibə aparıb, ona görə sərt xarakteri formalaşıb. Əfqanıstanda kişi saqqal saxlamayanda pis baxırlar. Yəni, tək İslamla bağlı deyil, xalq özü savaşlardan sərtləşib”.

Siyasi şərhçi Ramiyə Məmmədova isə düşünür ki, ABŞ qoşunları Əfqanıstanı tezliklə tərk etməyəcək.

Onun sözlərinə görə, bu cür sui-qəsdlər Vaşinqtona bəraət qazandırır: “Ki, əsgərimi Kabuldan çıxarsam, ölkədə yenidən vəziyyət ağırlaşacaq, terror artacaq.

Digər tərəfdən Amerika belə tələm-tələsik Əfqanıstanı Talibana təslim edərək getməz. Biz sazişin rəsmi tərəflərini bilirik.

Hələ bilmirik ki, ABŞ Talibanla nəyi razılaşdırıb, hansı şərtlər irəli sürüb, narkotikin dövriyyəsi, ölkənin sərvətləri necə olacaq.

Hər halda Taliban Amerikanın istəklərini yerinə yetirməklə Əfqanıstanda idarəçiliyi ələ ala, sabitlik yarada bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”