İşğaldan azad olunan ərazilərə sərmayə qoyuluşuna start verilib – VİDEO

282

2020-ci ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlasa da, sonrakı dövrdə koronavirus pandemiyasının mənfi təsirləri geriləməni qaçılmaz etdi. Cari ilin ilk ayında ölkədə 2,4 faizə, fevralda 2,8 faizə yüksələn iqtisadi artım mart ayında 1, apreldə isə 0,2 faizə endi. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ölkənin bütün potensialının vahid məqsəd üçün səfərbər olunmasına yönəldildi.

İşğaldan azad edilən Azərbaycan ərazilərinin ölkə iqtisadiyyatına inteqrasiya prosesinə start verilməsi gələcəyə böyük ümidlərlə baxmağa imkan verir.

2020-ci ilin ən vacib iqtisadi hadisələrindən biri Azərbaycan İnvestisiya Holdinqinin yaradılması oldu. Eyni zamanda “Cənubi Qaz Dəhlizi”nin son seqmenti olan TAP-ın tikintisinin yekunlaşdırılması, bununla da, TAP-la Xəzər dənizindəki qazın ilk dəfə Avropaya nəqlinin təmin edilməsi Azərbaycanın qaz satışı bazarında mövqeyinin möhkəmlənməsini təmin etdi. Tap ölkəmizin qitənin enerji təhlükəsizliyində rolunun gücləndirilməsinə töhfə verdi. 2020-ci ilin Azərbaycan tarixində mühüm qələbə ili olduğunu nəzərə alsaq, işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiyanın hazırlanması və Şuşada istehsal müəssisələrinin fəaliyyətə başlaması əlamətdarlığı ilə fərqləndi.

Nəticə etibarilə, pandemiyanın yaratdığı müxtəlif çətinliklərə, o cümlədən iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Vətən müharibəsində qazanılan qələbə, həmçinin Azərbaycan iqtisadiyyatının davamlılığının bariz göstəricisidir. İqtisadiyyatın davamlılığı isə pandemiyanın fəsadlarının qısa zamanda aradan qaldırılmasına və geriləmənin tezliklə artımla əvəz olunmasına əminlik yaradır.