İşğalçı Ermənistan və humanist Azərbaycan: Kəlbəcər örnəyi

366

Məlum olduğu kimi, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir.

Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycanın nəzarətinə verilməlidir. Azərbaycanın müzəffər Ordusu faktoru düşməni könülsüz də olsa, rayonu qaytarmağa məcbur qoyub. Hərbi üstünlüyə malik Azərbaycan qarşısında əlacsız qalan Ermənistanın bu addımı atmaqdan başqa yolu qalmadı.

Kəlbəcərin azad olunması həm də BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin yerinə yetirilməsi deməkdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, indiyədək bu öhdəliklər yerinə yetirilməmişdi. Unutmaq olmaz ki, Ermənistan yalnız güc qarşısında aciz qaldığına görə bu qətnamənin tələblərini yerinə yetirməyə başlayıb. Əslində, qətnamə 30 ilə yaxın vaxt ərzində çoxdan icra olunmalı idi.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. İşğalçılıq siyasətinin cavabsız qalacağını düşünən Ermənistan bununla yalnız həmin ermənilərə problem yaratmış olduğunu dərk etmirdi. İndi isə narazılıqlara adekvat cavab verə bilmir. Hərçənd, həmin ermənilərin narazılıq etməyə mənəvi əsasları da yoxdur. Onlar azərbaycanlıların qovulmasından fərqli olaraq, ərazini tərk edərkən heç bir cinayət əməlinə məruz qalmırlar. Qanunsuz əməllərinə, mülkiyyət hüquqlarını pozduqlarına görə məsuliyyətə də cəlb olunmadan rahatlıqla çıxıb gedirlər.

Ermənilər qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edəndə təhlükəsiz şəkildə, əşyalarını rahatlıqla, atəşə məruz qalmadan götürür, hətta evlərin dam örtüyünü, unitazlarını çıxarıb aparırlar. Bu şəraiti onlara humanist Azərbaycan yaradıb. Üstəlik, yaşadıqları və yaşamadıqları evləri yandırır, meşələrə od vurur, vandallıq edirlər – 27 il əvvəl buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedir. Bu vandallıq aktından başqa bir şey deyil.

Azərbaycan tərəfi Kəlbəcərdəki erməni hərbi birləşmələrinin ərazidən çıxması üçün humanitar qaydalara tam uyğun olaraq, qabaqcadan razılaşdırılmış müddət ayırıb, ancaq erməni tərəfi işğal zamanı bunların heç birini etməyib. Vətəndaşlarımızın 1993-cü ilin aprelində hansı formada Kəlbəcərdən çıxdığını hazırki Ermənistan rəhbərliyi də, dinc sakin olan ermənilər də bilməmiş deyil. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalidən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar.

Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür.

Azərbaycanın daim insani prinsiplərdən çıxış etdiyini, erməni faşizminin isə acı mənzərələr yaratdığını dünya da görməli və münaqişə tərəfləri arasında bərabərlik işarəsi qoymaqdan çəkinməlidirlər. \\Report