İşgəncə davam edir Səxavət Orucovun işi ilə bağlı şok faktlar

276

Səxavət Orucovu  döyən şəxslərin içərisində rejim rəisi Şahin Əhmədov, rejimin böyük inspektoru Rəfizadə Rövşən də digərləri olmuşdur. Hətta mən istintaq təcridxanasında olarkən Rəfizadə Rövşən fəxrlə bildirdi ki, o, adam döyəndir…

Orucov Səxavət Oruc oğlu 21 dekabr 2016-cı ildə MCMBİ-nin əməkdaşları, Tərtər RPŞ-nin CAB-nin rəisi Anar Hüseynov və digər polis işçiləri tərəfindən tutulmuş və MCMBİ-də 6 gün qanunsuz olaraq saxlanılmışdır. Həmin müddətdə dəfələrlə bədəni elektrik cərəyanına qoşulmuş, “bita” ilə döyülmüş, başına qalın maska keçirdilərək ağır ayaqqabılarla əzilmişdi.

(Əvvəli ötən sayımızda)

Əgər istintaq təcridxanasına daxil olarkən S.Orucovda xəsarət olmamışdırsa, belə olduqda video görüntülərdəki xəsarət nə idi?! Həmçinin, üzləşdirildiyi Şaiq Həsənovun müdafiəçisi onun üzündə olan xəsarətləri necə görə bilmişdi?!

Birinci instansiya məhkəməsi həmin ifadələrin “fizki təsir” nəticəsində alındığını tanımış və S.Orucova bəraət vermişdir.

Müstəntiq Məmmədov Şahin istintaq qrupunun üzvü olmuş, bir çox istintaq hərəkətlərində iştirak etmişdir. S.Orucovun həbsdə qalma müddətinin uzadılması zamanı məhkəmədə prokurorun təqdimatını müdafiə etmiş, Şaiq Həsənovla onun üzləşdirilməsində iştirak etmiş və digər iş üçün əhəmiyyətli prosessual hərəkətlərin edilməsində iştirak etmişdir. Bu isə onu göstərir ki, həmin şəxs verilən ittihamda maraqlı olmuş, odur ki, bütün faktları təhrif olunmuş formada göstərmiş, hətta işgəncənin, qeyri-insani rəftarın subyektlərinin özlərinin izahatı mötəbər hesab edilmiş və bu ifadələrə əsasən, işgəncə faktının olmaması qənaətinə gəlinmişdir. Halbuki, qeyd edilən qərar çıxarılan zaman birinci instansiya məhkəməsi artıq S.Orucovun “fiziki təsir” nəticəsində belə bir ifadə verdiyini təsdiqləmişdir və bəraət hökmü çıxarmışdır. Yəni hələ Apellyasiya Məhkəməsinin mövqeyi bəlli deyildi. Belə bir vəziyyət isə təsqid edir ki, nəinki, polis və prokurorluq orqanları, eyni zamanda istintaq təcridxanası və apellyasiya və ali məhkəmə də birlikdə başqa şəxslər tərəfindən törədilmiş cinayəti ört-basdır etdirmək üçün S.Orucovun işgəncələrə məruz qalmağı faktını gizlətməkdə maraqlıdırlar.

Hazırda Tərtər Rayon Prokurorluğunun icraatında olan 54c-18 saylı material üzrə 08 avqust 2018-ci il tarixli cinayət işin başlanmasının rədd edilməsi haqqında Qərarından Tərtər rayon Məhkəməsinə şikayət verilmişdir. Lakin məhkəmə prosesi ilə bağlı heç bir məlumat verilməmişdir.

Həmçinin, onu da bildirim ki, S.Orucov 2014-cü ildə Sənan Mirzəyevin işi ilə bağlı şahid qismində dindirilmiş, onun telefon anten dairələri götürülmüş, evində axtarış aparılmışdır. Həmin vaxt 11 gün inzibati həbs edilmiş, müxtəlif işgəncələrə məruz qalmış, lakin cinayətlə heç bir əlaqəsinin olmadığı müəyyən edilərək buraxılmışdır, bir gün sonra yenidən ölümlə bağlı polis idarəsinə çağırılmış və polis rəisi Rauf Məcidov tərəfindən cibinə narkotik vasitə olan heroin qoyularaq tutulmuşdur.

21 dekabr 2016-cı il tarixdə başlamış işgəncələr bu gün də davam edir.

Belə ki, 24.08.2020-ci il tarixdə mən 2 saylı İstintaq Təcridxanasına müdafiəçisi olduğum Orucov Səxavət Oruc oğlu ilə görüşmək üçün getdikdə məni 1 saatdan artıq istintaq təcridxanasına buraxmayaraq, guya ki, növbənin dəyişdiyini və daha sonra gəlməli olduğumu bildirdilər. Bildirim ki, həmin müddətdə istintaq təcridxanasına müxtəlif şəxslər girib-çıxırdılar.

Orucov Səxavət Oruc oğlu digər təqsirləndirilən şəxs Həsənov Şaiq Tahir oğlu ilə birgə Azərbaycan Respublikası CM-nin 120.2.1. və digər maddələri ilə təqsirləndirilsə də, lakin onlar Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarı ilə bəraət almışlar. Və bu zaman bəraətin əsasları hər hansısa bir sübut yetərsizliyi olmamışdır, əksinə təqsirləndirilən şəxslərin hər ikisinin qeyd edilən cinayətlə əlaqələrinin olmaması, cinayət törədilən zaman həmin yerdən həddən artıq uzaq məsafədə olmaları telefon anten dairələri, şahid ifadələri və sair ilə tam təsdiqini tapmışdır.

Lakin sonradan Gəncə Apelyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədov  S.Orucovun əvvəllər məhkum olunmasına əsaslanaraq, bu cinayəti “edə bilər” versiyası ilə ittiham hökmü çıxardı və S.Orucova 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdi. Həmin hökmlə Şaiq Həsənov 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırıldı.

Sonradan həm ittiham, həm də müdafiə tərəfindən verilən şikayətlər Ali Məhkəmədə baxıldı və Ali Məhkəmə 24 dekabr 2019-cu il tarixdə qərarı bir formada elan etsə də, yazılı halda tamam başqa bir formada qərar bizə təqdim edildi. İş baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərildi.

Bütün bunlar isə S.Orucova yönələn növbəti qərəzli hərəkətlər idi. Təsadüfi deyildir ki, Gəncə Apelyasiya Məhkəməsinin Rəyasət Heyətinin iclasında Tapdıq Mahmudov S.Orucova daha ağır cəza verilməli olması bildirmiş və ona qarşı qərəzli mövqedə çıxış etmişdir. Həmçinin, tamam başqa bir işlə əlaqədar Gəncə Ağır Cinayətlər Məhkəməsinə tövsiyə xarakterli məktub göndərərkən belə, həmin məktubda məktubun göndərilməsinə əsas olmuş faktlar deyil, daha çox S.Orucovun işindən bəhs edilmişdir.

Onu da bildirirəm ki, Gəncə Apelyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə 20 avqust 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində sədrlik edənin təqsirləndirilən şəxslər Orucov Səxavət Oruc oğlunun və Həsənov Şaiq Tahir oğlunun etirazına məhəl qoymaması, məhkəmə prosesini nəyin bahasına olursa-olsun tez bitirməyə çalışması, vəsatətləri müzakirə etməkdən qaçması, təqsirləndirilən şəxslərə kinayəli, iyrənircəsinə baxışların nümayiş etdirilməsi və sair hallar nəticəsində təqsirləndirilən şəxslərdə onları bu ölkədə dinləmək istəyən şəxslərin olmaması fikrini yaratmışdır.

Məni 2 saylı istintaq Təcridxanasına buraxmaq  istəmədikdə ombudsmanın, məhkəmə hüquq şurasının qaynar xəttinə zəng etdim və bunları bildirdim, hətta bəlkə də məhkəmənin göstərişinə əsasən istintaq təcridxanasına buraxılmadığımdan şübhələndiyimi göstərdim. Sonradan istintaq təcridxanasına məni buraxdılar və bildirdilər ki, təqsirləndirilən şəxslər Səxavət Orucov və Şaiq Həsənov hansısa məmurları onları dinləmək üçün tələb etmişlər və sonradan özlərinə xəsarət yetirmişlər. Məni həm rəis müavini,  daha sonra isə rəis kabinetinə dəvət edərək, məni dilə tutmağa çalışırdılar ki, məhkəmədən sonra görüşüm. Lakin mən hər dəfə də bildirdim ki, məhkəməyə qədər mən müdafiəni qurmalıyam, mənim məhkəmədən sonra görüşməyimin mənası yoxdur. Mən indi görüşməliyəm. Təqsirləndirilən şəxsi mənimlə görüşməyə gətirmədilər və mən təcridxanada olarkən Həsənov Şaiqi gördüm, onun üzü xəsarətlər içərisində idi. Mənə Şaiq Həsənovun üzünü stola vurduğu bildirildi. Bildirim ki, onun mənə yaxınlaşmasına imkan vermirdilər. Mən onu yalnız uzaqdan görürdüm. Saat 12.45 radələrində isə Orucov Səxavəti uzaqdan gördüm və onun boğazı sarılmış vəziyyətdə idi.

Beləliklə də, məni saat 09.00-dan 13.00-dək istintaq təcridxanasında saxlayaraq təqsirləndirilən şəxslə görüşməyimə imkan vermədilər.

Lakin təxminən saat 17 radələrində Şaiq Həsənovun anası Alimə Həsənova oğlu ilə görüşməyə nail olmuşdur və oğlu ona bildirmişdir ki, əslində onlar özlərinə xəsarət yetirmək məqsədi daşımamışlar, belə bir niyyətləri olmamışdır, onlar məhkəməyə çıxmağa etiraz etdikdə onları istintaq təcridxanasının işçiləri döymüşlər və işgəncədən yaxa qurtarmağa çalışan Səxavət Orucov xəsarət almışdır.

Bununla bağlı, müxtəlif orqanlara təcili olaraq şikayət etdim və nəhayət, 25 avqust 2020-ci il tarixdə müdafiəçisi olduğum Orucov Səxavət Oruc oğlu ilə görüşə bildim.

Orucov Səxavət mənə bildirdi ki, o, onu Respublikada dinləyən şəxsin olmaması səbəbindən 23 avqust 2020-ci il tarixdən aclıq elan etmiş və bu barədə təcridxananın rəhbərinə məlumat vermişdir. Həmçinin, onun gunahsız yerə cəzalandırılması, ona Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində və Tərtər rayon Polis İdarəsində işgəncə verilməsində iştirak etmiş şəxslər, bu günki gününün səbəbi olan insanların adlarını bir kağıza yazmış, onları sarafan torbaya bükmüş, skoçlamış və udmuşdur. Hazırda həmin siyahı onun qarnındadır. Bu barədə də məlumat vermişlər. Bundan sonra, o və Şaiq Həsənov cinsiyyət orqanını stola mismarlamışlar, lakin bu zaman hər hansısa bir etik qaydadan kənara çıxmamışlar, çünki mismarın təpəsi şalvarın içərisində qalmışdır. Onlar əllərinə ülgüc alaraq onu əllərinə skoçlamışlar ki, düşməsin. Kameradakı bütün dustaqlar təcridxananın işçiləri tərəfindən çıxarılmış və təcridxananın işçiləri ilə dolmuşdur. Rəis müavini Samit adlı şəxs Səxavətlə qarşı-qarşıya oturmuş, həmin zaman Səxavətin hər iki əlində ülgüclə boğazına dirəyərək onlarla görüşməsi üçün Ombudsman, Prezident Adminstrasiyası, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Məhkəmə Hüquq Şurasından hər hansısa bir məmurun çağırılmasını tələb etmişlər. Samit onlara bildirmişdir ki, heç kəsi çağırmayacaqlar, elə otura-otura da ölərsiz. Sonra qəflətən Səxavətin üstünə hücum etmiş və onun sağ əlindən tutaraq boğazına sıxmışdır. Həmin zaman Səxavətin sol əli açıq olmuş, onun özünə və ya Samitə xəsarət yetirmək imkanı olsa da, lakin belə bir niyyəti olmadığından bu etməmişdir. Sağ əlindəki ülgüc Samitin əlini onun boğazına sıxması səbəbindən boğazını dərin kəsmiş, Səxavət əlini boğazından uzaqlaşdırmaq istəmiş, lakin Samitin daha da qüvvətlə sıxması səbəbindən yara dərinləşmişdir. Səxavət əlini boğazından zorla uzaqlaşdırmağa çalışsa da, Samitin təzyiqi ilə əlinə bitişik olan ülgüc üzünü də kəsmişdir. Bundan sonra, Səxavəti stoldan qopartmışlar və onu təcridxananın digər işçiləri boğazından qanın fəvvarə kimi axmasına məhəl qoymadan təpik və yumruqla bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymüşlər. Həmin zaman Samit Şaiq Həsənovun üzünə təpik və yumruqla dəfələrlə dayanmadan vurmuş, onu stoldan çəkib qopardanda, cinsiyyət orqanına cırıq formasında xəsarət yetirmişlər.

Səxavət Orucovu  döyən şəxslərin içərisində rejim rəisi Şahin Əhmədov, rejimin böyük inspektoru Rəfizadə Rövşən də digərləri olmuşdur. Hətta mən istintaq təcridxanasında olarkən Rəfizadə Rövşən fəxrlə bildirdi ki, o, adam döyəndir. O, Səxavəti döymüşdür və bununla da fəxr edir. Bu sözləri iyrənc bir gülüşlə də müşayiət olundu.

Hazırda Səxavət Orucov və Şaiq Həsənov əllləri daima qandalda insan ləyaqətini alçaldan şəraitdə saxlanılır. Belə ki, mənimlə görüşə gətirilərkən Səxavət Orucovun əlləri arxadan qandallı vəziyyətdə idi. Açılmasını tələb etsəm də, buna məhəl qoyulmadı.

Səxavət Orucov bildirdi ki, onun hər iki əlinə ayrı-ayrı qandallar vurulur və əlləri açılmış şəkildə kənar obyektlərə qandallanır. Yəni əlləri çarmıxa çəkilmiş vəziyyətdə saxlanılır. Onların aclıq aksiyası davam edir.

25 avqust 2020-ci il tarixdə günün ikinci yarısında Səxavət Orucov cərimə təcridxanasına keçirilsə də, lakin bu barədə qərarın mövcud olmadığını bildim. Mən qərarı yazılı formada tələb etdikdə mənə bildirdilər ki, “qərar hələ bağlanılmayıbdır”. Bunun mənasını soruşduqda  bildirdilər ki, yəni “qərar bunlar cərimə təcridxanasından çıxarılandan sonra bağlanılır”. Yəni o zaman mənə verə bilərlər. (işgəncənin insan hüquqlarını pozan hərəkət olduğunu anlamayan bu “hüquqşünaslar”dan bundan artıq cavab gözləmək mümkün deyildi).

Bildirim ki,  Səxavət Orucov 21 dekabr 2016-cı il tarixdə qanunsuz olaraq tutularaq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində 6 gün qanunsuz saxlanılaraq, işgəncələrə məruz qalmış, onun tutulması 27 dekabr 2016-cı il tarixdə rəsmiləşdirilmişdir, bu barədə DİN-nin Mətbuat Xidmətinin Kriminal Xronika Bölməsində məlumat 22 dekabr 2016-cı il tarixdə getsə də, məhkəmə buna əhəmiyyət verməmişdir və bu gün də bu işgəncə başqa yerdə və başqa formada davam etdirilir. Səxavət Orucov fiziki işgəncələrlə yanaşı, eyni zamanda mənəvi işgəncələrə də məruz qalmışdır. Hal-hazırda da dövlətin hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin göstərişi ilə bu işgəncələr davam etdirilir. Bütün bunlar onların – həm Səxavət Orucovun, həm də Şaiq Həsənovun təqsirləndirildikləri cinayət işi ilə bağlı əsl cinayətkarları gizlətmək məqsədilə törədilir.

25 avqust 2020-ci il tarixdə olarkən əli qandallı Səxavət Orucovun mənədedikləri sözlərini olduğu kimi yazıram:

“Mən həqiqətən də 24 avqust 2020-ci ildə öz dövlətimdə əsir kimi olduğumu hiss etdim. Bilməzdim ki, öz millətimizin balaları öz millətinə əzab və işgəncə verməkdən qurar duyurlar. Bir anda fikirləşdim: bu millət öz millətinə qarşı bu cür düşmən kəsilibdir. Mən neyləməliyəm?! Hələ ki cavab tapa bilmirəm.

Səadət Seyidli,

Vəkil

26.08.2020