İşçi qrupunun rəhbəri: İndiyədək Ağdamda ziyan dəymiş 1260 obyektə baxış keçirilib

267

Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, digər cəbhəyanı rayonlar kimi Ağdam rayonunda da Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində mülki əhaliyə, evlərə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi işləri həyata keçirilir.

Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Taryel Quliyev  bildirib ki, bu günədək rayonun 32 yaşayış məntəqəsində ziyan dəymiş 1260 obyektə, o cümlədən 1167 fərdi evə, 25 qeyri-yaşayış sahəsinə, 50 sahibkarlıq subyektinə, 17 sosial, 1 inzibati obyektə baxış keçirilib. Baxış keçirilmiş fərdi yaşayış evlərinin 22-si tam dağılıb, 1145-nə ziyan dəyib. Qeyri-yaşayış sahələrindən də 3-ü, sahibkarlıq subyektinin 2-si tamamilə dağılıb. Bundan başqa, erməni hərbçilərinin artilleriya atəşi nəticəsində 22 nəqliyyat vasitəsinə ziyan dəyib, 256 iribuynuzlu, 266 xırdabuynuzlu heyvan, 5654 ev quşları, 5 at, 8 ulaq, 60 arı ailəsi tələf olub, 7230 ot bağlaması yanıb. Dəymiş ziyan işçi qrup tərəfindən qeydiyyata alınıb, aktlar tərtib edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.