İrəvan Moskvaya meydan oxudu – ermənilər odla oynayır

    18

    Ermənistan BMT-nin ardınca AŞ PA-da da Rusiyaya qarşı çıxdı; Paşinyan Kremlə qarşı cəsarəti haradan alır? Ermənistan yenidən özünü Qərb üçün bazarlığa çıxarır – hədəf; Tiflis isə işğalçını yenə məyus etdi və Bakını seçdi…

    İyunun 24-də Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Rusiyanın təşkilata qayıdışına icazə verən qətnaməni təsdiqləyib. Sənədi 118 deputat dəstəkləyib, 62 deputat qətnamənin əleyhinə çıxış edib, daha 10 deputat isə bitərəf qalıb. Ən maraqlısı odur ki, Ermənistan nümayəndələri də (bir deputat bitərəf qalmaqla) Gürcüstan təmsilçiləri kimi sənədin, yəni Rusiyanın əleyhinə səs veriblər.

    Gürcüstanın belə mövqeyi aydındır: Tiflis-Moskva münasibətləri Abxaziya və Cənubi Osetiyanın ilhaqına görə hazırda ən kritik dönəmlərdən birini yaşayır, iki ölkə arasında 2008-ci ildəki “5 günlük” müharibədən sonra diplomatik əlaqələr belə kəsilib. Bəs Rusiyanın forpostu, müstəsna olaraq, rusların hərbi-siyasi dəstəyi və ianələri hesabına ayaqda olan vassal Ermənistana nə gəlib? Bu, Paşinyan hakimiyyətinin özfəaliyyətidir, yoxsa konkret məqsədli siyasət, daha dəqiqi, Qərbə satılmaq üçün başladılan yeni bazarlıq?

    *****

    Məsələ ondadır ki, ötən ay “Paşinyanın adamları” BMT-də də ruslara “atmışdılar”. O zaman BMT Baş Məclisinin sessiyasında Ermənistan təmsilçisi ənənəvi olaraq, Rusiya təmsilçisi kimi gürcü qaçqınları ilə bağlı Gürcüstanın ərazi bütövlüyünə dəstəyi də ehtiva edən qətnamə layihəsinin əleyhinə səs verməmiş, ilk dəfə olaraq, bitərəf qalmışdı. Bununla da Tiflisə siyasi jest eləmişdi. Bəzi təhlilçilərə görə, İrəvan bunun qarşılığında Qarabağ məsələsində də Gürcüstandan ermənipərəst mövqe umub.

    georgia Armenia ile ilgili görsel sonucu

    Lakin rəsmi Tiflis ermənilərin bu “lütfkarlığı”nı adekvat qiymətləndirmədi, İrəvanın qurduğu tələyə düşüb, Azərbaycan və Türkiyəni qıcıqlandıracaq heç bir addım atmadı. Əksinə, az sonra Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri, faktiki, yeni üçlü hərbi ittifaq və birgə təlimlər haqda razılığa gəldilər – hansı ki, İrəvanda az qala, şok effekti yaratdı.

    İndi də İrəvan AŞ PA-da Rusiyaya qarşı de-marş edib, mahiyyət etibarilə öz əsas müttəfiqinə qarşı “cəbhə açıb”. Rusiyadan gələn reaksiyalar göstərir ki, bu dəfə Moskva öz vassalının hərəkətlərini cavabsız qoyan deyil.

    *****

    “Ən təəccüblü Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi kimi qələmə verilən Ermənistanın mövqeyi oldu. Ermənistan baş naziri Nikol Paşinyanın ”məxməri inqilab"dan sonra İrəvanın xarici siyasət prioritetlərinin dəyişməyəcəyi ilə bağlı vədlərinə baxmayaraq, erməni siyasətçilərin hərəkətləri əksini sübut edir. AŞ PA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Nikol Paşinyanın “Mənim addımım” blokunun üzvü Ruben Rubenyanın Rusiyanın AŞ PA-ya qayıtmasının əleyhinə səs verməsini başqa cür necə izah etmək olar?"

    Mixail Belyayev ile ilgili görsel sonucu

    Bu sözləri Mixail Belyayev “Vestnik Kavkaza”da məqaləsində qeyd edib (Axar.az). Şərhçi daha sonra yazıb: “Rubinyanın səsvermədə səhvə yol verdiyi ilə bağlı gülünc bəhanələrini ciddi qəbul etmək çətindir. Əgər Rubinyan vacib səsvermə zamanı düzgün düyməni basa bilmirsə, belə bir qeyri-professional siyasətçinin hansi meyarlara əsaslanaraq Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri təyin edilməsini başa düşmək olmur. Əgər bir saniyəyə Rubinyanın yalan danışmamasını, onun doğrudan düzgün düyməni basa bilməməsini fərz etsək belə, niyə ”Mənim addımım" blokunun ikinci deputatı – Ovanes İgityan da Rusiyanı AŞ PA-da dəstəkləməyib? O, Rusiya diplomatiyası üçün belə vacib məsələdə səsvermədə iştirak belə etməyib. “Yüksək səviyyədə olan Ermənistan-Rusiya münasibətləri” ilə bağlı bəyanat verən Paşinyanın xəbəri varmı ki, onun tərəfdaşları Avropada olarkən bu münasibətlərə necə zərb vururlar?.."

    *****

    Əlbəttə var. Lap dəqiqi, bunlar, elə Paşinyanın təlimatı ilə baş verir – BMT-dəki səsvermə zamanı olduğu kimi. Yeri gəlmişkən, bu ərəfədə Paşinyan Putinin dostu, sabiq prezident Robert Köçəryanı təzədən həbsə atdırıb.

    O da diqqətçəkicidir ki, satellit Ermənistanın Moskvaya qarşı AŞ PA de-marşı Fransa, İtaliya, Türkiyə, Azərbaycan, Portuqaliya və digər dövlətlərin sənədə səs verməsi, yəni Rusiyanı dəstəkləməsi fonunda baş verib. Bu mənada İrəvanın Moskvanı ikiqat qəzəbləndirəcək bir hərəkətə yol verdiyi ortadadır.

    Tiflisdə aksiya ile ilgili görsel sonucu

    O ki qaldı İrəvanın Tiflisin yanında durmaqla Moskva əleyhinə gedişlər edib Qərbdən hansısa əlavə dividentlər ummasına, təbii ki, bu da ilğımdır. Ona görə ki, Qərbdə çox yaxşı fərqindədirlər ki, belə gedişlər Paşinyan hökumətinə Tiflis hökuməti qədər siyasi və maliyyə dəstəyi verilməsi üçün əsas ola bilməz. Gerçək odur ki, Paşinyan Ermənistanı da Rusiyanın regionda əsas və legitim hərbi qalası olaraq qalır, İrəvan Moskvanın hərbi-siyasi orbitindən uzaqlaşmaq üçün heç bir ciddi addım atmayıb. Bunsuz isə Avropa və ABŞ Ermənistana heç vaxt sanballı maliyyə-iqtisadi köməyi etməyəcək.

    *****

    Bu arada Gürcüstan Ermənistanı məyus edən daha bir qərara imza atıb. Belə ki, “Yeni Müsavat”ın məlumatına görə, Gürcüstanın Hotellər və Restoranla Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili bəyan edib ki, Tiflis rusiyalı turistlərin Gürcüstan hotellərinə daşınması üçün İrəvanın yox, Bakı və Trabzonun hava limanlarına üstünlük verib. Yəni Gürcüstan turistlərin daşınması üçün Ermənistanın xidmətlərindən rəsmən imtina edib.

    Başqa sözlə, gürcülər də Qərb ölkələri kimi, İrəvana anlatmaq istəyirlər ki, Ermənistan Rusiyanın orbitində qalanadək Gürcüstan üçün də əlverişli və məqbul tərəfdaş sayılmayacaq. Təbii ki, İrəvanın zaman-zaman içdən körüklədiyi Cavaxetiya məsələsi də bu qərarın alınmasında öz təsirini göstərib…/musavat.com/