“İraqda daxili siyasi sabitliyin pozulması gözlənilir”

27

İlqar Vəlizadə: “İraq hökuməti Amerika qüvvələrinin orada qalmasında maraqlı deyil”

Kamran Sultanlı: “ABŞ və İran üz-üzə gəlməsə də, müxtəlif ərazilərdə vəkalət savaşı aparırlar”

Dünən Bağdadın “yaşıl zona”sına – şəhərin mərkəzində dövlət müəssisələri və xarici diplomatik nümayəndəliklərin yerləşdirildiyi möhkəmləndirilmiş rayona beş raket atılıb. Raketlərdən üçünün ABŞ səfirliyi kompleksinin ərazisinə düşdüyü, onlardan birinin şam yeməyi edilən zaman yeməkxanaya tuş gəldiyi bildirilir. Ancaq raketlərin kimlər tərəfindən atıldığı bəlli deyil.

İraqın təhlükəsizlik xidmətlərindəki mənbənin yaydığı məlumata görə, Bağdaddakı Amerika səfirliyinə raket hücumu nəticəsində ən azı üç nəfər yaralanıb. Ancaq yaralananların hansı ölkənin vətəndaşı olduğu barəsində informasiya verilməyib.

Baş verən hadisədən sonra İraqın baş naziri vəzifəsini icra edən Adil Əbdülmehdi təhlükəsizlik qüvvələrinə ABŞ-ın İraqdakı səfirliyinə hücumun təkrar edilməsi cəhdlərinin qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb. O, bu hücumu qınayaraq, ayrı-ayrı fərdlər tərəfindən törədilən məsuliyyətsiz əməl kimi qiymətləndirib və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

Maraqlıdır ki, İraqın baş naziri vəzifəsini icra edən Adil Əbdülmehdi təhlükəsizlik qüvvələrinə ABŞ-ın İraqdakı səfirliyinə hücumun təkrar edilməsi cəhdlərinin qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırdığı halda hansı qüvvələr Amerika səfirliyinə hücum edə bilərlər və Amerikanın İraqdan çıxmasını istəyirlər?

“Real fakt olmadan İranı ittiham etmək düzgün olmaz”

Картинки по запросу İlqar Vəlizadə

“Hürriyyət”in sualını cavablandıran  politoloq İlqar Vəlizadə dedi ki, Amerikanın İraqdan  çıxarılmasını istəyən qüvvələrin siyahısı geniş ola bilər: “Çünki hələ də İraq ərazisində fəaliyyət göstərən beynəlxaq terrorçu qrupların adlarını çəkmək olar. Ondan sonra, müxtəlif yerli qruplaşmaların adlarını çəkmək olar. Əlbəttə, burada İranın da adını hallandırırlar. Yəni İranla bağlı qruplaşmaların adlarını da hallandırırlar. Amma bu başdan konkret nəsə söyləmək çox çətindir. Çünki heç bir real fakt olmadan İranı ittiham etmək düzgün olmaz”.

“Burada əsas risklər İraq hökumətinin üzərinə düşür”

 “Aydındır ki, Amerika Birləşmiş Ştatlarının infrastruktur və siyasi obyektləri ona görə əsas hədəf seçilir ki, bu qrupların arxasında dayanan qüvvələrin məqsədi Amerika Birləşmiş Ştatlarını İraqdan çıxarmaqdır.  Yəni Amerikanın həm siyasi nüfuzunu azaltması, həm də hərbi mövcudluğunun İraqda ləğv olunmasıdır. Əsas istək bundan ibarətdir. Amma bu proses nə ilə nəticələnəcək? Yaxın müddətdə Amerika Birləşmiş Ştatları İraqı tərk edən deyil. Bu qruplar da bilirlər ki, yaxın gələcəkdə öz məqsədlərinə çata bilməzlər. Ona görə, bu gərginlik yaşanacaq. O biri tərəfdən, burada əsas risklər İraq hökumətinin üzərinə düşür. Çünki İraq hökumətinin təhlükəsizliyi şübhə altına alınır. Yəni bunlar öz ölkəsinin təhlükəsizliyini təmin edə bilmirlər. Ona görə də bu zərbələrdən sonra İraqda daxili siyasi sabitliyin pozulması gözlənilir”,-deyə politoloq vurğuladı.

 İ. Vəlizadənin firkincə, İraq hökuməti də Amerika Birləşmiş Ştatlarının qüvvələrinin orada qalmasında maraqlı deyil: “Amma əlbəttə ki, Amerikanın səfirliyinin orada olmasında maraqlıdırlar. Çünki Amerika böyük bir gücdür, orada gedən proseslərdə iştirak edən bir tərəfdir”.

“Həmin proksi qüvvələr İranın tapşırığı ilə maksimum itkinin olmamasına çalışırlar”

Politoloq Kamran Sultanlı isə qeyd etdi ki, ABŞ bazalarına ara-sıra hücum ola bilər: “Amma bu hücumların ayrı-ayrı fərdlər arasında olması absurd fikirdir. Ona görə ki, atılan raketlər asan əldə edilən və ya tək fərd tərəfindən istifadə edilə biləcək raketlər deyil. Bundan əlavə, bu hücumlar Amerika-İran vəkalət və proksi müharibəsinin nəticəsidir. ABŞ və İran birbaşa üz-üzə gəlməsə də, müxtəlif ərazilərdə vəkalət savaşı aparırlar. Bu yaxınlarda ABŞ daha bir nüfuzlu İrana bağlı qüvvələrin rəsmisini zərərləşdirdi. Bunun ona cavab kimi də xarakterizə etmək olar. Yəni bu qüvvələr demək istəyir ki, biz də varıq. Təbii ki itkilər ciddi olsa, buna ABŞ cavab verəcək. Buna görə, həmin proksi qüvvələr İranın tapşırığı ilə maksimum itkinin olmamasına çalışırlar. ABŞ kimi dövlətlər çox kindar və səbrli olurlar. Əgər Vaşinqton ehtiyac duysa, buna cavab verəcək. Yəqin ki, Vaşinqton İranın maliyyə kanallarını qapatmağa davam edəcək və İsraillə birgə İranın proksi gücünə zərbə endirməyə davam edəcək”.

Şamo EMİN, Hurriyyet.org