“İranın nüvə müqaviləsindən çıxması regionda vəziyyəti daha da gərginləşdirəcək” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

15

"İranda stabillik Azərbaycanın da marağındadır, çünki dağıdıcı müharibənin baş verməsi regionda humanitar fəlakətə səbəb ola bilər"

"İran 2015-ci ildə Altılıq ölkələri ilə bağlanmış "Birgə Hərtərəfli Fəaliyyət Planı" nüvə müqaviləsindən çıxdığını və uranı zənginləşdirəcəyini elan etdi. Qeyd edim ki, ABŞ prezidenti Donald Tramp ötən il birtərəfli şəkildə bu müqavilədən çıxaraq Tehrana qarşı sanksiyalar tətbiq etmişdi". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Onun sözlərinə görə, Avropa ölkələri məhz Vaşinqtonun sanksiyalarından dolayı İranla ticarətdə xüsusi mexanizm yaratsa da, müsbət effekt vermədiyinə görə İran iqtisadiyyatı tənəzzülə doğru yuvarlandı: "Bu gün İran iqtisadiyyatında müsbət dinamika yoxdur. Vaşinqton İranın önəmli yüksək rütbəli hərbi şəxsini qətlə yetirməklə yeni gərgin mərhələyə imza atdı. Artıq İranın gizli şəkildə nüvə silahına malik olması istisna deyil. Bir il ərzində Tehranın nüvə silahı əldə etməsi təəccüblü olmayacaq. Tehran 5-ci sonuncu addımı elan edərək sentrifuqaları sayında məhdudiyyət qoymacağı elan etməsi bunu göstərir". Politoloq hesab edir ki, İranın nüvə müqaviləsindən çıxması regionda vəziyyəti daha da gərginləşdirəcək və Avropa İttifaqı ilə münasibətləri zərbə altına alınacaq: "ABŞ da İranın bu müqavilədən çıxmasında maraqlıdır. Çünki Avropa İttifaqı ilə əlaqələrin zəifləməsi Tehrana qarşı Avropa ilə birgə hərəkət etməsinə gətirə bilər. Avropa dövlətləri Tehranı müqavilədən çıxmamağa çağırsalar da, artıq Tehran bu müqavilənin əleyhinə işlədiyinin fərqindədir. Tehranın nüvə silahına malik olması ölkəmiz və regionumuz üçün təhlükəli sürəc olar. ABŞ İrana bununla bağlı sanksiyaları genişləndirəcək və İran əleyhinə hərbi əməliyyatları genişləndirə bilər. Avropa İttifaqı İranla danışıqlarda müsbət dəyişikliklər əldə edə bilməsə, Tehranın izolyasiyası davam edəcək və demək olar ki, İran blokadaya alınacaq".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, regionda müharibə ehtimalı yüksək olaraq qalır: "Qeyd edim ki, İraq parlamentinin qərarına əsasən Vaşinqton hərbçilərini İraqdan çıxarmasını qəbul edib. Amma Vaşinqton İraqdan əlini yanına salıb xoşluqla getməyəcək. İraqda yeni daxili münaqişəyə rəvac verməklə, İranın bazalarına həmlələr edəcək. İranla Qərb dünyası arasında bu kəskin qarşıdurma ciddi təhlükəsizlik problemlərinə yol açır. Həmçinin İran daxilində hakimiyyət uğrunda mühafizəkarların mövqeyini gücləndirir. Bununla da Mötədil Ruhani hakimiyyətinin nüvə sazişi fiaskoya uğradı və bu da növbəti seçkilərdə ABŞ-la qarşıdurma fonunda mühafizəkarların hakimiyyətə yolunu açmış olur. İran-ABŞ siyasi-hərbi qarşıdurmasına gəldikdə isə ölkəmizlə 600 km. artıq sərhəddə malik olan İranda stabillik Azərbaycanın da marağındadır. Dağıdıcı müharibənin baş verməsi regionda humanitar fəlakətə səbəb olar. Bunun da ölkəmizə mənfi təsirləri qaçılmazdır. İran da regionda "İslam inqilabı" ixracını dayandırmalı və digər ölkələrin daxili işlərinə qarışmamalıdır. Mədəni dünya ilə əməkdaşlığı inkişaf etdirməlidir. Qeyd edim ki, Yaxın Şərqdə suların durulmasına on illər lazım olacaq. Burada siyasi stabilliyin bərqərarı Türkiyənin patronajlığı ilə mümkün olacaq. Nə ABŞ, nə Rusiya, nə də İranın regiona sülh bəxş etməsi mümkün olmayacaq. Çünki adıçəkilən ölkərin bu illər ərzində fəaliyyəti yalnız qeyri-sabitliyə xidmət edir. Bunun kökündə öz geosiyasi maraqlarını burada yaşayan xalqlardan üstün tutmalarıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org