İranın Turan narahatçılığı…

159

Və yaxud rəsmi Tehranın Azərbaycana qarşı səmimi olmamasının səbəbləri və heç vaxt dəyişməyəcək məkrli siyasəti

Fars rejiminin Azərbaycanın bütövləşməsi ehtimalından doğan daxili narahatçılığı onu “içəridən yeyir”

2020-ci ilin 10 dekabr tarixində Bakıda Azərbaycan Ordusunun möhətəşəm qələbə paradı baş tutdu. Parad qələbəmizin dünyaya nümayişi olmaqla yanaşı, haqqında uzun illər danışılan, xəyalı qurulan Turanın başlanğıcına start verilməsinin də siqnalı oldu.

Qarabağ qələbəsindən sonra prezident İlham Əliyevin “Zəngəzur, Göyçə, İrəvan bizim tarixi torpaqlarımızdır” deməsi bu məsələnin də dövlətin diqqətində olduğuna dəlalət edir. Turanın quru yolunun bərpa olunmasında strateji əhəmiyyətə malik olan Naxçıvan koridoru çox önəmlidir. Dünya səviyyəsində Şərqlə Qərbi, Asiya ilə Avropanı qovuşduran nöqtə Naxçıvanda birləşəcək. Artıq İpək Yolunun ilk qatarı da Çinə yola salındı. Nəzərdə tutulan projelərin həyata keçirilməsi ilə bölgə iqtisadi və siyasi yüksəliş dövrünə qədəm qoyacaq.

Qələbə paradında çıxış edən Türkiyə prezidenti R.T.Ərdoğanın türk repertuarında “Araz türküsü”adlanan musiqi parçasından bəndi səsləndirməsi İranı və onun timsalında Cavad Zərifi əməlli-başlı silklədi.

Arazı ayırdılar,

Mil ilə doldurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Görünür, İranın xarici işlər naziri Cavad Zərif paradda Ərdoğanın iştirakından da qıcıqlanmışdı ki, Tvitter səhifəsində paylaşdığı status ilə öz fikrini tələm-tələsik idadə etdi. O, yazırdı: “Ərdoğana deməyiblər ki, onun Bakıda pis oxuduğu bu şeir Arazın şimal ərazisinin doğma İrandan ayrılması barədədir. Doğrudanmı, o, anlamadı ki, Azərbaycan Respublikasının suverenliyinə qarşı çıxış etdi. Heç kim bizim əziz Azərbaycanımız haqda belə deyə bilməz”.

Görünür, İran adlanan yerdə tarix dərslikləri o qədər bərbad yazılır ki, Cavad Zərifin və onun kimi düşünən məmurların adicə tarixi xronoloji məlumatı belə yoxdur. Əks halda, Zərif bilməliydi ki, onun “doğma İran” dediyi ərazi Səfəvi Türk dövlətinin ərazisi olub və bu həcmdə ərazi də Səfəvi dövlətindən qalıb. Buranın indiki xarakterdə fars dövlətinə çevrilməsi isə 1925-ci ildə Qacar türk sülələsinin hakimiyyətinin təəssüf ki, sona çatması ilə baş tutmuşdur.

Təəssüf ki, bütün tarixi faktlara baxmayaraq, İran Xin rəhbərinin və onun timsalında dövlət rəsmilərinin ambisiyasi onlara bu həqiqətləri görməyə imkan vermir. Birincisi, hakimyyət şəcərəsini və hüquqi varisliyi əsas götürsək, hazırkı İranın varisləri Qacar sülaləsinin nümayəndəsi I Məhəmməd Həsən Mirzədir. İndi mövcud olan rejim isə hakimiyyəti qeyri-qanuni ələ keçirmişdir.

İkincisi, cənab Zərif ən azından Bütöv Azərbaycanın 1828-ci ildə Rusiya ilə müharibə nəticəsində bölündüyünü, nəticədə Şimali və Cənubi Azərbaycanın ortaya çıxması faktını öyrənməlidir.

Üçüncüsü, görünür, Zərif və onun təmsilçisi olduğu qurumun prezident Ərdoğanın ifadə etdiyi şerdən qıcıqlanması ondan qaynaqlanır ki, zorla Bütöv Azərbaycanın bölündüyünü, birləşmək məqamının yaxınlarda reallaşa biləcəyini təxmin etdiyi üçündür. Heç də təsadüfi deyil ki, Qarabağ savaşında İranın şeytan əməlləri ilə məşğul olduğunun şahidi olduq. Hansı ki, bunları saymaqla bitməz. Rusiyadan Xəzər dənizi ilə İrana göndərilmiş hərbi yüklərin və texnikaların Ermənistan deyilən yerə göndərilməsindən, Azərbaycana sözdə də olsa dəstək verilməməsinə qədər…

Dördüncüsü, Zərifin haqqında tvitdə bildirdiyi “əziz Azərbaycanımız” dediyi yer Bütöv Azərbaycanın güney hissəsidir. Bu da bir xatırlatma olsun.

Hazırda isə Zəngəzur – Naxçıvan koridoru ilə gələcəkdə İran-Ermənistan xəttinin kəsilməsinə, ən azı bu sərhəddə nəzarətlə nəticələnəcək gəlişmələrdən Tehran çox narahatdır. Ərdoğanın paraddan sonra keçirilən mətbuat konfransında bildirdiyi – “6-lı əməkdaşlıq platformasında Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan, İran və Ermənistan da razılaşarsa, bunda yer ala bilər, bölgəsəl barışı təsis edə bilərik”, – sözləri razılaşdırılmış əməkdaşlığın siqnalıdır. Və hər bir tərəfin üstləndiyi öhdəlik və yüklər var. Zərifin davranışı bu əməkdaşlığın üzərinə qoyulmuş vəzifələri də yerinə yetirməsini gərəkdirər. Əməkdaşlıq etmək istəyən ölkə ilk növbədə qonşularına münasibətini və Cənubda yaşayan soydaşlarımıza qarşı siyasətini dəyişməlidir. Dünyada baş verən tendensiya insanlara qarşı diktatura və zorakılığın aradan götürülməsni zəruri edir. Fars rejimi mahiyyətini dəyişməzsə, həqiqi demokratiya və insan haqlarına önəm verməyib, əvvəlki tərzində davam edərsə, həm də daxili narazılıqlar qaçılmaz olacaq.

İran rejiminin mahiyyətini, soydaşlarımıza qarşı sərgilədiyi davranış və mövqeyi nəzərə alsaq, dəyişikliyə ümid etmək çətindir. Bu isə Cənubi Azərbaycan məsələsinin gündəmə gələcəyini qaçılmaz edir. Niyə də yox? Türk milləti olaraq buna tam haqqımız var.

Daha bir məsələni vurğulamaq istərdim. Bakıda qələbə paradının keçirildiyi gündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrana səfərindəki məqamlardan biri bayrağımızın səliqəsiz, əzilmiş, bürüşük şəkildə asılması ilə diqqətdə qaldı. Nazirimiz bunun diqqətə çarpmaması üçün məhz bayrağın qarşısında şəkil çəkdirib. Qardaşlıqdan, doğmalıqdan və.s-dən danışan İran adlanan ölkənin rəsmilərinin ilk öncə bu mənzərədə davranışına nəzər salınca, dəyişimə ümid etməyin boşluğu anlaşılır. Görünür, onları arxayın salan ABŞ-ın yeni prezidenti Baydenin Ağ Evə rəsmi girişidir. Amma, fars rejiminin ənənəvi siyasəti dəyişməzsə, bu da onlara kömək etməyəcək, nəticədə, tezliklə “nur topu” kimi Bütöv Azərbaycanı görəcəyik!

 

Ülviyyə ŞÜKÜROVA