İranın “şeytan”la əməkdaşlığı

678

Və yaxud rəsmi Tehranın ABŞ və İsraillə əlaqələrinin çox da uzaq olmayan keçmişi…

Dünənin gizli müttəfiqləri bu gün nədən düşmənə çevrildilər?

Hazırda dünya mediasının əsas gündəmindən biri odur ki, ABŞ və İsrail tandemi İrana hücum etməyə hazırlaşır. Hansı ki, Şah Rza Pəhləvinin zamanında İran İsrailin müttəfiqi və bölgədəki gözətçisi idi. İran kəşfiyyatı SAVAK-a İsrail kəşfiyyatı Mossad təlim keçirdi. Maraqlıdır ki, İsrail və ABŞ sonradan niyə vaz keçdi?

Bu gün ABŞ-ın göstərişi ilə İsrail və ərəb dövlətləri arasında bağlanmış “Abraham Accord” müqaviləsi və qarşısında nüvə silahına yetişməyə az qaldığını elan edən İranı görürük. İran Trampın hər cür qızışdırmasına baxmayaraq, tam güclənmədən müharibəyə razılıq vermir, Baydenin Ağ Evə gəlməsini gözləyir. Artıq İraqın rəsmən bölünməsinə hazırlıq barədə söhbətlər gedir. Bəs İran bu bölünmədən kənarda qalacaq?

Bir il əvvəl İranın Yəməndə dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının “Aramko” neft istehsalı obyektinə hücumu baş vermişdi. Hansısa ərəb dövlətinə bəhanəli, ya bəhanəsiz hücum həm də kiçikmiqyaslı nüvə silahı ilə baş versə, nəticəsi müharibə olar. Və haradan atıldığı naməlum olan silahın ardınca münaqişəyə cəlb olunmuş dövlətlər özünü elə İraqın içində müharibədə görə bilər. Nəticədə İran dini ideologiyasının önəmli nöqtələrindən biri olan Nəcəf və ya Kərbəlanı müdafiə və qorumaq məqsədi ilə İraqa girə bilər.

Belə bir çatışma İsrailə nə verə bilər? Çatışmanın miqyası genişlənsə İsrail Livana və Misirin Sinay yarımadasına doğru irəliləyə bilər. Müharibə sərhədləri genişləndirmək üçün ən ideal mühit ola bilər, əgər qələbə ilə nəticələnərsə… Yəni İrana qarşı silah embarqosunun qaldırılmasının səbəbi onun müharibə edəcək hala gəlməsinə şərait yaratmaqdır.

İranın uranı 90% zənginləşdirdiyini etiraf etməsi o deməkdir ki, nüvə silahı artıq yaradılıb və ya yaradılmasına çox az qalıb. İranın bu silaha sahib olması onu Yaxın Şərq arealında söz sahibi olmasına hesablanır. Səudiyyə Ərəbistanını Yəməndə sıxışdıran, Türkiyənin Qafqazda güclənməsini həzm edə bilməyən, Əfqanıstanda əli ABŞ-la birgə müsəlman əhalinin qanına batan, Fələstin siyasətini əslində ərəb dövlətlərinə qarşı istifadə edən İran bölgəni idarəetmədə və şəkilləndirmədə onu irəli sürən qüvvələrin əlinə oynayır. İstər ABŞ-ın başını çəkdiyi cəbhə, istər də Çinin başını çəkdiyi yeni dünya düzənini oturtmaq istəyən yeni qlobalist komanda olsun, hər iki variantda isam coğrafiyasını içəridən məhv etmək istəyən qüvvələr İranı nüvə silahına sahib olan “islamın bir qanadının təmsilçisi” kimi artıq Türkiyənin ətrafına toplanacaq cəbhənin qarşısına dikəcəklər. Unutmayaq ki, bir zamanlar Səddamın İraqı da gücsüz deyildi, amma İranın qalib gəlməsi təmin edildi.

İranın dünya mediasında işıqlandırılan, amma özü ortalıqda olmayan Çinlə əməkdaşlıq sazişi dünyanı “Kürəsəl Amerika”nın çətiri altında birləşdirmək istəyən Vaşinqtonu narahat edir. Çinlə əməkdaşlığın tarixi təzə deyil. Müqavilənin hərbi aspekti, Hindistan, Rus və Çin donanmalarının Hind okeanı və Oman körfəzində keçirdiyi təlim kimi, ABŞ-da da ciddi narahatlıq doğurur. Çinin Şərqi Asiya və Afrikadakı nüfuzunun artması ABŞ-ın maraqlarına zidd olduğu üçün, Yaxın Şərq Pekinin ABŞ -Çin və onların müttəfiqləri arasında növbəti döyüş meydanına çevrilir – bu dəfə İranın köməyi ilə.

Çin-İran əməkdaşlığı İddiaları arasında Urumçi-Tehran dəmir yolu layihəsi də əsas məsələlərdəndir. 25 illik strateji İran-Çin anlaşmasının təfərrüatlarını ilk dəfə gündəmə gətirən İngilis jurnalist Simon Watkins, “Oilprice” saytında yayımladığı yeni məqaləsində “Çin razılaşmaya əsasən İranı böyük bir casusluq mərkəzinə çevirməyi planlaşdırır” dedi.  Simon Watkinsin İran daxilindəki kəşfiyyat mənbələrinə əsaslanan məlumatlarına görə, Çin 25 illik müqavilənin növbəti mərhələsində İranın cənub-şərqindəki strateji liman şəhəri olan Çaabadaki təxminən 5000 kilometrlik bir ərazini kiber əməliyyatlar və dinləmə mərkəzi olaraq istifadə edəcək. Digər iddiaya görə, Çin İran lideri Ayətullah Xamenei, İnqilab Keşikçiləri Komandirləri və Kəşfiyyat xidmətlərinin razılığı ilə önümüzdəki həftələrdə milyonlarla İranlının nəzarət ediləcəyi və izlənəcəyi təhlükəsizlik planını başladacaq. “Watkins”in İran kəşfiyyatından əldə etdiyi məlumata görə, Çinin İranın ən çox əhalisinin yaşadığı 7 şəhərində təxminən 10 milyon CCTV (qapalı dövrə televiziyası) kamerası və digər şəhərlərdə 5 milyon CCTV kamerası quraşdıracağı gözlənilir. Bu prosesin sonunda İranın yeddi şəhəri dünyanın ən yüksək nəzarət və nəzarət sisteminin tətbiq ediləcəyi iyirmi beş şəhər arasında olacaq. Bu, həm də on milyonlarla iranlının Çin modelinə bənzər hərtərəfli nəzarət və izləmə sisteminə məruz qalması deməkdir. Bu təcrübəyə paralel olaraq, ən qabaqcıl qlobal internet senzurası sisteminə sahib olan Çin İranda da “milli İnternet” sistemi üçün əməkdaşlıq edəcək. “Watkins” İrana qarşı tətbiq olunan silah embarqosunun 15 oktyabrda bitməsindən sonra Çinin bu ölkədə hərbi varlıq quracağını iddia etdi. İlk növbədə Həmədan, Bəndər Abbas, Çaxar və Abadan hərbi bazalarında uzun mənzilli bombardmançı təyyarələrin, Çin və Rusiya qırıcılarının yerləşdiriləcəyi gözlənilir. Digər tərəfdən, Çin və Rusiya dəniz gəmiləri İranın Çaxahar, Buşehr və Bəndər Abbasdakı əsas limanlarından istifadə edəcəklər. Həmçinin, İran mətbuatında Tehran hökumətinin Kiş adasını Pekinə tərk etməsinə dair iddialar var idi. Bu iddialar təsdiqlənməsə də, İranın Fars körfəzindəki limanlarda Çinə hərbi obyektlər verəcəyi məlumdur. Çinin İrandakı layihələrini qorumaq üçün 5000 nəfərə qədər hərbi qüvvə yerləşdirməsi gerçək olsa, bu razılaşma ilə Çin təkcə Orta Şərqdə deyil, Orta Asiya və Qafqazdakı mövqelərini çox gücləndirəcək. Razılaşma çərçivəsində Pekin hökuməti Avropaya İran və Qafqaz üzərindən keçmək hüququna sahib olacaq və Gürcüstan Qara dəniz limanlarından keçməyə icazə verərsə, Qara dənizdən keçmək hüququna sahib olacaqdır. Çinin “Bir Kəmər Bir Yol layihəsi” və İranın Şərqə baxış doktrinası iki ölkəni gözlənilməz bir sürətlə bir-birinə yaxınlaşdırsa da, Pekin üçün 25 illik strateji razılaşmanın ən vacib hədəflərindən biri də Tehranın regional təsirindən faydalanmaqdır. Belə ki, “Hizbullah” rəhbəri Həsən Nəsrullahın Tehran hökumətinin müqavilənin mətn layihəsini təsdiqlədiyi gün Çin şirkətlərini investisiya üçün Livana dəvət etməsi vaxtı baxımından təsadüf ola bilməzdi. İranın İraq, Suriya və Livan kimi ölkələrə təsirinin fərqində olan Çin Tehranı vasitəçi edərək bu ölkələrdə layihənin ayağını sürətləndirmək istəyir. Beləliklə, Sakit okean sahilindəki Çin limanları ilə Aralıq dənizi və Fars körfəzindəki limanlar bir-birinə bağlıdır.

2014-cü ildə Qazaxıstan Türkmənistan üzərindən İrana birbaşa qoşulan dəmir yolu xəttini açdı. Çin-Qazaxıstan-Türkmənistan-İran dəmir yolu xətti 2016-cı ilin aprel ayından etibarən fəal şəkildə istifadə olunur.

İpək Yolunun İran ərazisindən keçən bu cənub istiqaməti bölgə ölkələri üçün coğrafi və iqtisadi baxımdan çox əhəmiyyətlidir. Orta Asiya enerji ehtiyatlarının zənginliyini nəzərə alaraq, bu resursları beynəlxalq bazarlara çıxarmaq istəyən İran Türkmənistanla qonşuluğuna görə ixracın öz ərazisindən edilməsindən yanadır. Amma Türkiyənin “6-lıq formulu” çərçivəsində İrana təklif etdiyi varianta Tehran isti baxmır. Çünki bu tranzit xəttinin Mərkəzi Asiyadan Xəzər dənizi üzərindən Azərbaycandan – Naxçıvan koridorundan keçən variant İran üçün arzu olunan deyil. Türkiyənin Orta Asiya ilə quru sərhəddinin olmamasından optimal variant Xəzər dənizindən Mərkəzi Asiyaya keçiddir. Bu variant reallaşarsa İranın əhəmiyyəti tam azalmasa da, Azərbaycan-Türkiyə variantı Tehranın ürəyincə deyil. Tehranın istəyi Uyğur bölgəsi, Tacikistan, Əfqanıstan, Türkmənistan, İran, İraq, Suriyadan Aralıq dənizinə gedən yoldur. Rusiya baxımından da Mərkəzi Asiyanın İranla-Çinlə iqtisadi müstəvidə birləşməsi, İranın-Çinin nüfuzunun bölgədə artması, Çinin İranda yerləşməsi ilə Rusiyanı cənubdan da mühasirəyə alınması arzuolunmazdır. Beləliklə, yeni şəkillənən dünyada nüvə silahına sahib olmasına “şərait yaradılan” İran mərkəzdə ətrafında sünni dövlətlərin toplandığı Türkiyənin qarşısına gətirilməkdə, ABŞ və Çin arasında oyun qurmaqda, yenə müsəlman coğrafiyasının içəridən dağılmasında əsas aktyorlardan biri kimi rol almaqdadır.

Ülviyyə ŞÜKÜROVA