İranın nüvə aliminin qətlinin pərdəarxası…

732

Və yaxud bu qətlin arxasında həqiqətən “sionistlər” durur?

Bu qətl İran əks-kəşfiyyatındakı böyük çaxnaşmanı əks etdirir və rejimin kəşfiyyat və təhlükəsizlik aparatlarının çöküşə getdiyini göstərə bilər

Bu sui-qəsdlər, İranın nüvə proqramına edilən hücumlar, Qasim Süleymaninin öldürülməsi, bu yaxınlarda Əl-Qaidənin Tehranda öldürülən ikinci “adamı” Əbu Məhəmməd əl-Məsrinin “aradan götürülməsi” İranın əks-kəşfiyyatının uğursuzluğuna işarə edir…

Hardasa hər günü yeni xəbərlə açırıq, dünya hər gün bir yeni xəbərlə çalxalanır. Keçən həftənin əsas xəbərlərindən biri İranın nüvə tədqiqatlarına rəhbərlik edən aliminin öldürülməsi ilə yadda qaldı. Belə ki, 27 noyabr 2020-ci il İran vaxtı ilə saat 18:17-də İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələr Logistika Nazirliyinin yayımladığı press-relizə görə, İranın nüvə proqramının memarı Möhsün Fəxrizadə Tehran şəhərindən 70 km məsafədə təşkil edilmiş sui-qəsddə öldürüldü.

İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) komandiri Fəxrizadə nüvə silahı araşdırması aparan Müdafiə Nazirliyinin Hərbi İnnovasiya və Tədqiqat Təşkilatına rəhbərlik edirdi. Onun öldürülməsi İran əks-kəşfiyyatındakı böyük çaxnaşmanı əks etdirir və rejimin kəşfiyyat və təhlükəsizlik aparatlarının çöküşə getdiyini göstərə bilər.

Şübhəsiz, gec-tez İran Fəxrizadənin sui-qəsdinə cavab verəcək, lakin böyük ehtimalla bunu genişmiqyaslı müharibəyə səbəb olmayacaq şəkildə edəcək.

Fəxrizadə haqqında məlumatlar olduqca azdır, adam tam bir “sirr qutusudur”. Tam adı Mohsen Fakhrizadeh Mahabadi idi və 1957 və ya 1958-ci ildə İranın dini simvolu olan Qum şəhərində anadan olmuşdu. Evli idi və üç oğlu var idi. İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) briqada generalı və nüvə mühəndisliyi professoru idi. O, IRGC tərəfindən idarə olunan İmam Hüseyn Universiteti ilə bağlı idi.

Fəxrizadənin İslam rejiminin nüvə proqramının memarı olduğu və hökumət kəsimindəki kod adının Dr.Hassan Mohseni olduğu güman edilir. MDAFL-də baş elmi işçi vəzifəsində çalışmış və əvvəllər nazirliyin Fizika Tədqiqat Mərkəzinə (FTM) rəhbərlik etmişdir. İranın nüvə proqramındakı açar rolu səbəbindən, 2013-cü ildə “Foreign Policy”-nin dünyanın 500 ən güclü şəxsi siyahısına daxil edildi. İranın Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) Fəxrizadədən FTM başçısı olduğu dövr barədə müsahibə aparmasına icazə verməməsi üzündən, BMT Təhlükəsizlik Şurası 1747 saylı Qərarla (Mart 2007) ona sanksiya tətbiq etdi.

Öldürüldüyü ərəfədə Fəxrizadə Hərbi İnnovasiya və Tədqiqatlar Təşkilatının (SPND) rəhbəri idi. Tehranda yerləşən SPND, MDAFL tərəfindən idarə olunur və nüvə silahlarının tədqiqatına yönəldilmişdir. Fəxrizadənin öldürülməsi Belçikada, İran müxalifətinin 2018-ci il mitinqini bombalamaq planında günahlandırılan İranlı diplomat Əsədolla Əsədinin məhkəməsinin baş tutduğu eyni tarixdə baş verdi.

“Fars” Xəbər Agentliyinin verdiyi məlumata görə, Fəxrizadənin avtomobilinin yanında olan bir mikroavtobus, qatillər qrupunun atəş səsləri ilə eyni anda partladı. İran müdafiə naziri general Amir Hatəmi müsahibəsində Fəxrizadənin ölümcül xəsarət almasına səbəb olan amilin mikroavtobusun partlaması olduğunu söylədi. O, Fəxrizadənin hara getdiyini dəqiqləşdirmədən, onun “bu gün Tehran yaxınlığında səyahət edərkən” hücuma məruz qaldığını söylədi.

Fəxrizadənin öldürülməsi İranın nüvə proqramı ilə əlaqəsi olan alimin beşinci sui-qəsdidir: Məcid Şəhriari (29 Noyabr 2010); Dariush Rezaeinejad (23 iyul 2011); Məsud Alimohammadi (12 yanvar 2012); Mostafa Ahmadi Roshan (11 yanvar 2012); və Fəxrizadə (27 Noyabr 2020).

Şübhə yoxdur ki, bu sui-qəsdlər, İranın nüvə proqramına edilən hücumlar, Qasim Süleymaninin öldürülməsi, bu yaxınlarda Əl-Qaidənin Tehranda öldürülən ikinci “adamı” Əbu Məhəmməd əl-Məsrinin “aradan götürülməsi” İranın əks-kəşfiyyatının uğursuzluğuna işarə edir.

Fəxrizadənin “ləğv edilməsi” çox peşəkarcasına planlaşdırılmışdı. Qatillər həm Fəxrizadənin təhlükəsizlik detalları, həm də onun gündəlik rejimi barədə ətraflı biliklərə malik idilər. Bəs, bu, necə ola bilər?

Üç mümkün ssenari mövcuddur və bunlar bir-birini inkar etmir. Birincisi, İranın əks-kəşfiyyat təşkilatları zəif, struktursuz və qeyri-peşəkar ola bilər və kəşfiyyatın təhlükəsizliyini və vacib məmurları qorumaq üçün ən təməl tədbirləri belə görə bilməmiş ola bilər.

İkincisi, rejimin texnoloji bilikləri o qədər zəif ola bilər ki, vacib məlumat bazalarını və şəbəkələri sındırmaq, bununla da vacib şəxsləri və onların koordinatlarını müəyyən etməyi bacaran rəqiblərinə və ya xarici güclərə qarşı müdafiəsiz buraxsın.

Üçüncüsü, ölkənin kəşfiyyatının içindən rejimin əleyhdarlarına məlumat ötürülsün. Əgər belədirsə, demək İranın kəşfiyyat təşkilatları daxilindəki şəxslər birbaşa İslam rejimi əleyhdarlarına məlumatları açıqlayırlar.

Fəxrizadənin öldürülməsindən sonra İran rəsmiləri “sionistləri” günahlandırdılar və düşmənləri təhdid etdilər. Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri “şəhid Fəxrizadəyə sui-qəsd edənləri ağır intiqam gözlədiyini” bildirdi.

IRGC Baş Komandanı General-mayor Hassan Salami “günahkarlar ciddi şəkildə cəzalandırılacaq”, – dedi. Baş hakim Ebrahim Raisi isə mesajında ​​cinayətkarları cəzalandırmaq üçün mümkün olan hər şeyin ediləcəyini yazdı. Özü də bir IRGC komandiri olan İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf, “Bu gün sakitləşmə yolu bağlandı” deyərək intiqam almağa çağırdı. Kəşfiyyat naziri Mahmud Ələvi açıqlamasında İran xalqını inandırdı ki, nazirlik “əziz şəhidin qanına görə cinayətkarlardan intiqam alacaq”.

Qətlin ertəsi günü IRGC Qüds Gücü Komandiri General Esmail Qaanin yazılı açıqlamasında Fəxrizadənin ailəsinin kədərinə şərik olduğunu və “bu əziz şəhidin və digər qətl edilənlərin də qisasını almaq üçün İslam vətənini müdafiə edən bütün qüvvələrlə birləşməyə” söz verdiyini dedi. Ali Rəhbər qətl hadisəsini həyata keçirən və təşkil edənlərin “ciddi şəkildə cəzalandırılmasını” tələb edən bəyanat verdi.

Fəxrizadənin aradan götürülməsi İran üçün böyük geriləmə və biabırçılıqdır. Rejim Qasim Süleymaninin öldürülməsinin intiqamını ala bilmədiyi üçün qisas məqsədilə yeni tələblər irəli sürüləcək. Bəs rejimin seçimləri nələrdir?

Heç bir şey etməmək seçim deyil, rejim həm daxildə, həm xaricdə nələrsə etməli olacaq. Ölkə daxilində, yaxın günlərdə – bəlkə də həftələrdə – Kəşfiyyat Nazirliyinin əməliyyatçıları kimləri isə bu qətllər şübhəsi ilə həbs edə bilər. Rejimin qaydasına uyğun olaraq, bu insanlar TV-də nümayiş etdiriləcək, İsrail kəşfiyyatına çalışdığını etiraf edəcək və sonra edam ediləcəklər.

Xaricdəki seçimlərə gəlincə, rejimin iki seçimi var: simasını qorumaq ya da müharibəyə girmək. Ssenaridə birinci ehtimal daha yüksəkdir. Bununla birlikdə, bir şey etdiyini göstərmək üçün rejim İranın vəkilləri tərəfindən İsrailə raket və ya minaatan mərmilərlə kiçik əməliyyat keçirə bilər. Bu yolla Tehran intiqam aldığını göstərəcək və beləliklə reputasiyasını xilas edəcək. Pərdə arxasında İran, şübhəsiz ki, əvvəlki əməllərinə davam edəcək.

İkinci ssenari, İsrail səfirliklərinə koordinasiya edilmiş hücumlar, “Hizbullah”ın İsrailə güclü raket atəşi, bölgədəki ABŞ bazalarına hücumlar, yaxud BƏƏ və Səudiyyə Ərəbistanına raket zərbələri olacaq.  Tehranı tammiqyaslı müharibənin astanasına salacaq ssenari ehtimalı çox azdır – bu rejimin hazırda istəmədiyi variantdır. İranın hansısa münasib məqamda bu sui-qəsdə daha miqyaslı cavab vermə ehtimalı olsa da, bu, çox güman ki, Co Baydenin rəsmi inaqyrasiyasından və Ağ Evə yerləşməsindən sonra baş verəcək. O vaxta qədər Tehran təmkinli olacaq. Məşhur İRGC komandiri, 2021-ci il prezident seçkilərinə namizəd, İran Ali dini liderin hazırkı hərbi köməkçisi general Hüseyn Dehqan Twitter-də yazdı: “Sionistlər öz oyun yoldaşlarının siyasi həyatının son günlərində İrana təzyiqləri gücləndirməyə və artırmağa çalışırlar ki,  İrana geniş miqyaslı müharibəyə girsin”. Səbrin vacib olduğunu və heç bir şey üçün tələsməməyin deyildiyi İran atalar sözünü yazdıqdan sonra Dehqan, “Bu məzlum şəhidin qatillərinin üstünə şimşək kimi enəcəyik və etdiklərindən peşman olmağa məcbur edəcəyik!”, –  deyə ətrafa təhdid saçdı. Sui-qəsdin ertəsi günü Prezident Həsən Ruhani Koronavirusla mübarizə üzrə Milli Qərargahda baş tutan iclasda Fəxrizadənin öldürülməsindən bəhs edərək “müvafiq orqanlar bu cinayətə vaxtında və uyğun şəkildə cavab verəcəklərini” bildirdi.

Ağ Evə gəliş astanasında olan Co Bayden isə seçkilərdən əvvəl İranla nüvə razılaşmasına geri dönüş siqnalları versə də, bunu etmək onun üçün və 2015-ci il müqaviləsinin ABŞ-ın dəstəyi ilə canlanacağını ümid edənlər üçün çətin olacaq. Bayden 20 yanvarda işə başlayacaq və planı budursa müqaviləni “həyata qaytarmaq” üçün çox vaxt olmayacaq. Müqaviləni imzalayan mötədil prezident Həsən Ruhaninin Tehranda hakimiyyətdə olduğu müddətdə beş ay vaxt olacaq. 2021-ci ilin iyununda seçiləcək yeni İran prezidentinin öz reputasiyası xətrinə İranın “sərt üzünü göstərmək” istəyəcəyi ehtimal olunur, amma bilmək olmaz. Yola salınan Donald Trampın 2018-ci ilin mayında bu müqavilədən çıxmasından çox əvvəl bu komanda müqavilənin imzalanmasına qarşı çıxmışdı və Ruhanini, xarici işlər naziri Cavad Zərifi ABŞ-la “İranın zəifliyini vurğulayan” anlaşma imzaladıqlarına görə sərt şəkildə tənqid edəcəklər.

(Ardı var)

Hazırladı: Ülviyyə ŞÜKÜROVA

************

Ruhaninin özü yenidən namizədliyini irəli sürə bilməyəcək olsa da, onun kabinet üzvləri və islahatçılar-yumşaq mövqeyə yaxın siyasətçilər mütləq yarışacaqlar. Əgər nüvə razılaşması İran siyasətinin mərkəzinə qayıtmasa, ABŞ-a qarşı “sərt ritorika” üstünlük təşkil etsə, islahatçıların və mülayimlərin seçkini qazanmaq şansı yoxdur.

Bidenin bu müqaviləni yeniləməsi İran iqtisadiyyatını canlandıracaq və daha da əhəmiyyətlisi, prezident seçkiləri ərəfəsində İran rialının bahalaşmasına gətirib çıxaracaq  ki, bu da inflyasiyadan əziyyət çəkən sıravi İranlılar üçün əhəmiyyətli məsələdir. Bu məqam onları diplomatiya tərəfdarına – islahatçılara səs verməyə razı sala biləcək məsələdir. Amma yenə də yumşalma tərəfdarları qarşıdan gələn seçkilərdə seçiciləri sandıq başına gəlməyə inandırmaq çox iş görməli olacaq və müqavilə yenilənməsə uduzacaqlar.

Parlamentin spikeri Məhəmməd Bağır Qalibafın müşaviri Mehdi Məhəmmədi Twitterdə “Son dörd ildə  Tramp ilə dəfələrlə danışıqlar aparmağa çalışan hökumət, fürsəti təhdiddən ayırmaq qabiliyyətindən məhrumdur” deyə sərt şərh yazdı. İranın əsas mühafizəkar media orqanlarından olan “Vətən-e-Emrooz” qəzetinin köşə yazarı əlavə etdi: “Dəqiq olan bir şey varsa, o da budur ki, JCPOA-nın -Birgə Hərtərəfli Fəaliyyət Planı- sanksiyaları ləğv edə bilməz”.

Danışıqlar əleyhinə bu cür mübahisələr hazırda İran mediasında yayqındır. 10 Noyabrda İran parlamentində Tehrandan olan millət vəkili Əhməd Naderi nüvə anlaşmasını “ölü” adlandırdı. “JCPOA-dan heç bir şey qalmayıb və xarici siyasətimizdə müdriklik varsa, heç kimin sadiq qalmadığı bu razılaşmaya heç vaxt qayıtmamalıyıq” dedi. Bu bəyanatlar və xəbərdarlıqlar Bidenin verdiyi “yumşalma” vədindən sonra baş verdi. Bu arada, 15 Noyabrda bir çıxışında Qalibaf, Ruhani hökumətinin zəif iqtisadi göstəricilərini tənqid etdi və prezidentə ölkənin daxili imkanlarına diqqət yetirməsini tövsiyə etdi. Ruhanini problemlərin həll yollarını Vaşinqtondan yox, ölkə içindən axtarmağa çağırdı.

Bəs İran hakimiyyətini Fəxrizadənin öldürülməsində İsraili günahlandırmağa nə vadar edir? İki ölkə aradında olan antipatiyanın səbəbi nədir?  İsrailin Yaxın Şərqdəki rolu nədir?

İndiki İsrailin torpaqları Osmanlı dövlətinə aid torpaqlarda təxminən 100 il əvvəl İngiltərə tərəfindən –Ərəbistanlı Lawrence- planlansa da 20-ci əsrin əvvəlində dünya hegemonluğunun “üzərində günəş batmayan” imperiya Böyük Britaniyadan ABŞ-a keçməsi nəticəsində elə bu ölkə tərəfindən İsrail quruldu. İngiltərənin məqsədi Yaxın Şərqə nəzarət edən dayaq nöqtəsi, “keşikçi məntəqəsi” rolunu oynayan dövlət yaratmaq idi. Amma hazırkı mərhələdə qlobal mənzərə dəyişməkdədir. İrana qarşı plan hazırlandığının konturları hiss olunmaqdadır. İsrailin regionda əsas düşməni kimi İran çıxış edir, İsrailə Livandakı “Hizbullahı” ilə maneə yaradan ölkə də İrandır. İran İsrailə iddiaları kimi əsas Fələstin məsələsini qabardırdı və düşmənçilik trayektoriyasının tam mərkəzinə Fələstini, Qüdsü oturdub. Niyə? Məlumdur ki, islam, əslində müsəlman dünyasının başçısı, lokomotivi olan 3 ölkə var. Səudiyyə Ərəbistanı, İran və şəriət ölkəsi yox, dünyəvi dövlət olmağına baxmayaraq Türkiyə. Səudiyyə Ərəbistanı ərazisində ona müsəlman dünyasının dini mərkəzi rolunu qazandıran iki məkan- Məkkə, Mədinə yerləşir. İran da bu rol üçün məlum “dini məkanları” meydana gətirdi, hərçənd heç vaxt bu səpgidə fəaliyyəti olmayıb. İslamın ilk qibləsinin yerləşdiyi Qüds, Fələstin torpaqları isə Türkiyənin sələfi olduğu Osmanlıya aid idi. Türkiyə bu rola əzilən, sıxıntı çəkən müsəlmanların yanında olduğunu göstərməklə, neçə 100 illik islam imperiyası olduğuna dair tarixi keçmişini, hazırda da dünyadakı ədalətli mövqeyini ortaya qoymaqla layiq olduğunu nümayiş etdirir və düz də edir. Hər iki Qarabağ müharibəsində “din qardaşımız” İranın təbliğ etdiyi qardaşlıq əndazəsinə sığmayan davranışını gözlərimizlə gördük. Hazırda da Türkiyə bu mövqeyində sərgilədiyi duruşuna görə yerdən-göyə qədər haqlıdır və onun bu rolu üçün ruhani mərkəzə ehtiyacı var. İranın Fələstin ritorikasında Türkiyəyə bu imkanı sözdə verməmək – əslində İranın belə bir hədəfi, yəni ümmətin lokomotivi olmaq kimi hədəfi real olaraq yoxdur- və ABŞ-ın İraq və Suriyada yaratdığı xaosa Türkiyəni cəlb etməklə onu Fələstin hədəfindən yayındırmaq idi. Son zamanlarda Bayden komandasının Fələstin ərazisində iki dövlətli həll planını – həm İsrail, həm Fələstin-səsləndirməsi vəziyyəti Qüds baxımından Türkiyənin planının xeyrinə dəyişə bilər. Son günlərdə Netanyahu hökumətinin də Türkiyə dövlətinə yaxınlaşması cəhdləri yəqin ki, onların bu zərurəti anladığının işarəti ola bilər. Zatən Türkiyənin istədiyi şeylə razı salınmaması halında bu yaxınlığın işartıları görünməzdi.

Qəribə görünsə də dünyadakı müsəlman ölkələrindən ən çox yəhudinin yaşadığı ölkə İrandır. Mümkündür ki, onlar dövlət siyasətinə təsir edəcək rıçaqlara malikdirlər. Ümumiyyətlə sünni ərəb coğrafiyasının içində şiəliyin üstün hala gəlməsi mümkün deyil. Bəs elə isə şiə ideologiyasının münaqişəyə səbəb olacağını bilə-bilə məhz təbii resurslarla zəngin olan ərəb coğrafiyasında onun möhkəmlənməsi səylərin altında nə yatır? Xatırladım ki, son 12-10 ildə Suriyada və İraqda mühatibələrin alovlanması, ölkələrin bərbad hala salınması, məhz sünni əhalinin demoqrafik olaraq nəhvinə yönəlmiş hərbi hərbi əməliyyatların miqyasını gördük. Əsasən də Səddam Hüseynin öldürülməsi ilə nəticələnən müharibə ilə İraqın, Suriyanın taqətdən salınmasına və bu coğrafiyada İranın “şiə zolağının” yaradılmasına, orada İranın mövqelərinin möhkəmlənməsinə Obama hökuməti vaxtında çox işlər görüldü. Təsadüfi deyil ki, indi də hakimiyyət ərəfəsində olan, Demokratların təmsilçisi Bayden oxşar ritorikanı səsləndirir. Məqamlara diqqət yetirin: Bayden İranla münasibətləri istiləşdirmək istəyir, İsrail Türkiyəyə yaxınlaşmaqdadırNəyin əvəzində? Məncə Fələstinin. Və yaxınlaşmaqda olan müharibə səbəbindən. İrana qarşı qoyulan silah embarqosu bu yaxın vaxtlarda ləğv olundu. Müharibə edəcək vəziyyətə gəlsin deyə. Tramp hakimiyyəti təhvil verənə qədər İran –İsrail toqquşmasının baş verməsinə çalışılır. Hələ 2012-ci ildə Henry Kissinger demişdi: “10 ildən sonra daha İsrail olmayacaq”. Islam times.org/az/ – Siyasi icmalçı Kevin Barrett dərc etdirdiyi məqaləsində yazırdı: “Kissingerin sözləri çox aşkar və dəqiqdir. O demir ki, İsrail təhlükədədir və bir neçə milyon dollar sərf etməklə onu bu təhlükədən qurtarmaq olar. O heç bir təklif irəli sürmür. O sadəcə faktı deyir: “2022-ci ildə daha İsrail mövcud olmayacaq”. Zatən Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması da müsəlman dünyasının təpkisini kifayət qədər körüklədi. Əgər planlanan bu qarşıdurma alınarsa, sonrakı gəlişmə necə olacaq? Rusiyadakı yəhudi birliyinin gücünü, sayını və.s. nəzərə alsaq yeni mərkəzləşmiş yəhudi dövlətinin Rusiya ərazilərində peyda olacağını güman etmək olar. Diqqət etsək Rusiyanın ən yaxşı ərazilərində erməni lobbisinin həmyerlilərini toplamaq cəhdlərinin də yəhudilər tərəfindən xoş qarşılanmadığının konturlarını görə bilərik. Məlumdur ki, ermənilərlə onların arasında “genosidə uğramış xalq” ünvanı ilə bağlı qarşıdurma və keçməzlik var. Bundan başqa qloballaşan dünyada milli dövlətlərin bir müddət sonra “dövlətlərüstü korporasiyalar” ilə əvəz olunma istiqaməti bildirilməkdədir.

Dediyimiz kimi, İranda Mizrahim adlandırılan yəhudilərin bir qolunun 40 minə qədər nümayəndəsi yaşayır. Məlumatlara görə, olduqları bütün ölkələrdəki kimi, bu ölkədə də kifayət qədər güclüdürlər. Əgər gözlənilən müharibə baş tutarsa, bəlkə də müharibə nəticəsində İrana yəhudi axınını da görə bilərik. Belə ki, bu ölkədə kifayət qədər sinaqoqlar, məktəblər, məzarlıqlar,  hətta onlara aid xəstəxana da var. Müharibədən sonra bu ölkədə yəhudi sayı çoxalarsa, ehtimal etmək olar ki, ABŞ-ın siyasətinə təsir edən toplum olduqları kimi İranın da siyasətini yönəldəcək vəziyyətə gələcəklər. Bəlkə də artıq belədir. İran kimi zəngin resursları olan ölkədə onların hansı qüvvəyə yüksələcəyini təxmin etmək çətin deyil.