İranın nüvə aliminin qətlinin pərdəarxası…

348

Və yaxud bu qətlin arxasında həqiqətən “sionistlər” durur?

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması da müsəlman dünyasının təpkisini kifayət qədər körüklədi. Əgər planlanan bu qarşıdurma alınarsa, sonrakı gəlişmə necə olacaq? Rusiyadakı yəhudi birliyinin gücünü, sayını və s. nəzərə alsaq, yeni mərkəzləşmiş yəhudi dövlətinin Rusiya ərazilərində peyda olacağını güman etmək olar. Diqqət etsək, Rusiyanın ən yaxşı ərazilərində erməni lobbisinin həmyerlilərini toplamaq cəhdlərinin də yəhudilər tərəfindən xoş qarşılanmadığının konturlarını görə bilərik…

Hardasa hər günü yeni xəbərlə açırıq, dünya hər gün bir yeni xəbərlə çalxalanır. Keçən həftənin əsas xəbərlərindən biri İranın nüvə tədqiqatlarına rəhbərlik edən aliminin öldürülməsi ilə yadda qaldı. Belə ki, 27 noyabr 2020-ci il İran vaxtı ilə saat 18:17-də İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələr Logistika Nazirliyinin yayımladığı press-relizə görə, İranın nüvə proqramının memarı Möhsün Fəxrizadə Tehran şəhərindən 70 km məsafədə təşkil edilmiş sui-qəsddə öldürüldü.

İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) komandiri Fəxrizadə nüvə silahı araşdırması aparan Müdafiə Nazirliyinin Hərbi İnnovasiya və Tədqiqat Təşkilatına rəhbərlik edirdi. Onun öldürülməsi İran əks-kəşfiyyatındakı böyük çaxnaşmanı əks etdirir və rejimin kəşfiyyat və təhlükəsizlik aparatlarının çöküşə getdiyini göstərə bilər.

(Əvvəli ötən sayımızda)

Ruhaninin özü yenidən namizədliyini irəli sürə bilməyəcək olsa da, onun kabinet üzvləri və islahatçılar – yumşaq mövqeyə yaxın siyasətçilər mütləq yarışacaqlar. Əgər nüvə razılaşması İran siyasətinin mərkəzinə qayıtmasa, ABŞ-a qarşı “sərt ritorika” üstünlük təşkil etsə, islahatçıların və mülayimlərin seçkini qazanmaq şansı yoxdur.

Baydenin bu müqaviləni yeniləməsi İran iqtisadiyyatını canlandıracaq və daha da əhəmiyyətlisi, prezident seçkiləri ərəfəsində İran rialının bahalaşmasına gətirib çıxaracaq ki, bu da inflyasiyadan əziyyət çəkən sıravi iranlılar üçün əhəmiyyətli məsələdir. Bu məqam onları diplomatiya tərəfdarına – islahatçılara səs verməyə razı sala biləcək məsələdir. Amma yenə də yumşalma tərəfdarları qarşıdan gələn seçkilərdə seçiciləri sandıq başına gəlməyə inandırmaq üçün çox iş görməli olacaq və müqavilə yenilənməsə uduzacaqlar.

Parlamentin spikeri Məhəmməd Bağır Qalibafın müşaviri Mehdi Məhəmmədi Twitterdə “Son dörd ildə Tramp ilə dəfələrlə danışıqlar aparmağa çalışan hökumət fürsəti təhdiddən ayırmaq qabiliyyətindən məhrumdur” deyə sərt şərh yazdı. İranın əsas mühafizəkar media orqanlarından olan “Vətən-e-Emrooz” qəzetinin köşə yazarı əlavə etdi: “Dəqiq olan bir şey varsa, o da budur ki, JCPOA-nın -Birgə Hərtərəfli Fəaliyyət Planı- sanksiyaları ləğv edə bilməz”.

Danışıqlar əleyhinə bu cür mübahisələr hazırda İran mediasında yayqındır. 10 Noyabrda İran parlamentində Tehrandan olan millət vəkili Əhməd Naderi nüvə anlaşmasını “ölü” adlandırdı. “JCPOA-dan heç bir şey qalmayıb və xarici siyasətimizdə müdriklik varsa, heç kimin sadiq qalmadığı bu razılaşmaya heç vaxt qayıtmamalıyıq”, – dedi. Bu bəyanatlar və xəbərdarlıqlar Baydenin verdiyi “yumşalma” vədindən sonra baş verdi.

Bu arada, 15 Noyabrda bir çıxışında Qalibaf Ruhani hökumətinin zəif iqtisadi göstəricilərini tənqid etdi və prezidentə ölkənin daxili imkanlarına diqqət yetirməsini tövsiyə etdi. Ruhanini problemlərin həll yollarını Vaşinqtondan yox, ölkə içindən axtarmağa çağırdı.

Bəs İran hakimiyyətini Fəxrizadənin öldürülməsində İsraili günahlandırmağa nə vadar edir? İki ölkə aradında olan antipatiyanın səbəbi nədir?  İsrailin Yaxın Şərqdəki rolu nədir?

İndiki İsrailin torpaqları Osmanlı dövlətinə aid torpaqlarda təxminən 100 il əvvəl İngiltərə tərəfindən – Ərəbistanlı Lawrence – planlansa da 20-ci əsrin əvvəlində dünya hegemonluğunun “üzərində günəş batmayan” imperiya Böyük Britaniyadan ABŞ-a keçməsi nəticəsində elə bu ölkə tərəfindən İsrail quruldu. İngiltərənin məqsədi Yaxın Şərqə nəzarət edən dayaq nöqtəsi, “keşikçi məntəqəsi” rolunu oynayan dövlət yaratmaq idi. Amma hazırkı mərhələdə qlobal mənzərə dəyişməkdədir. İrana qarşı plan hazırlandığının konturları hiss olunmaqdadır. İsrailin regionda əsas düşməni kimi İran çıxış edir, İsrailə Livandakı “Hizbullahı” ilə maneə yaradan ölkə də İrandır.

İran İsrailə qarşı başçıca iddiası kimi Fələstin məsələsini qabardırdı və düşmənçilik trayektoriyasının tam mərkəzinə Fələstini, Qüdsü oturdub. Niyə? Məlumdur ki, islam, əslində müsəlman dünyasının başçısı, lokomotivi olan 3 ölkə var: Səudiyyə Ərəbistanı, İran və şəriət ölkəsi yox, dünyəvi dövlət olmağına baxmayaraq Türkiyə. Səudiyyə Ərəbistanı ərazisində ona müsəlman dünyasının dini mərkəzi rolunu qazandıran iki məkan – Məkkə, Mədinə yerləşir. İran da bu rol üçün məlum “dini məkanları” meydana gətirdi, hərçənd heç vaxt bu səpgidə fəaliyyəti olmayıb. İslamın ilk qibləsinin yerləşdiyi Qüds, Fələstin torpaqları isə Türkiyənin sələfi olduğu Osmanlıya aid idi. Türkiyə bu rola əzilən, sıxıntı çəkən müsəlmanların yanında olduğunu göstərməklə, neçə 100 illik islam imperiyası olduğuna dair tarixi keçmişini, hazırda da dünyadakı ədalətli mövqeyini ortaya qoymaqla layiq olduğunu nümayiş etdirir və düz də edir. Hər iki Qarabağ müharibəsində “din qardaşımız” İranın təbliğ etdiyi qardaşlıq əndazəsinə sığmayan davranışını gözlərimizlə gördük. Hazırda da Türkiyə bu mövqeyində sərgilədiyi duruşuna görə yerdən-göyə qədər haqlıdır və onun bu rolu üçün ruhani mərkəzə ehtiyacı var. İranın Fələstin ritorikasında Türkiyəyə bu imkanı sözdə verməmək – əslində İranın belə bir hədəfi, yəni ümmətin lokomotivi olmaq kimi hədəfi real olaraq yoxdur – və ABŞ-ın İraq və Suriyada yaratdığı xaosa Türkiyəni cəlb etməklə onu Fələstin hədəfindən yayındırmaq idi. Son zamanlarda Bayden komandasının Fələstin ərazisində ikidövlətli həll planını – həm İsrail, həm Fələstin – səsləndirməsi vəziyyəti Qüds baxımından Türkiyənin planının xeyrinə dəyişə bilər. Son günlərdə Netanyahu hökumətinin də Türkiyə dövlətinə yaxınlaşması cəhdləri yəqin ki, onların bu zərurəti anladığının işarəti ola bilər. Zatən Türkiyənin istədiyi şeylə razı salınmaması halında bu yaxınlığın işartıları görünməzdi.

Qəribə görünsə də dünyadakı müsəlman ölkələrindən ən çox yəhudinin yaşadığı ölkə İrandır. Mümkündür ki, onlar dövlət siyasətinə təsir edəcək rıçaqlara malikdirlər. Ümumiyyətlə sünni ərəb coğrafiyasının içində şiəliyin üstün hala gəlməsi mümkün deyil. Bəs elə isə şiə ideologiyasının münaqişəyə səbəb olacağını bilə-bilə məhz təbii resurslarla zəngin olan ərəb coğrafiyasında onun möhkəmlənməsi səylərinin altında nə yatır? Xatırladım ki, son 12-10 ildə Suriyada və İraqda mühatibələrin alovlanması, ölkələrin bərbad hala salınması, məhz sünni əhalinin demoqrafik olaraq məhvinə yönəlmiş hərbi hərbi əməliyyatların miqyasını gördük. Əsasən də Səddam Hüseynin öldürülməsi ilə nəticələnən müharibə ilə İraqın, Suriyanın taqətdən salınmasına və bu coğrafiyada İranın “şiə zolağının” yaradılmasına, orada İranın mövqelərinin möhkəmlənməsinə Obama hökuməti vaxtında çox işlər görüldü. Təsadüfi deyil ki, indi də hakimiyyət ərəfəsində olan, Demokratların təmsilçisi Bayden oxşar ritorikanı səsləndirir. Məqamlara diqqət yetirin: Bayden İranla münasibətləri istiləşdirmək istəyir, İsrail Türkiyəyə yaxınlaşmaqdadır. Nəyin əvəzində? Məncə, Fələstinin. Və yaxınlaşmaqda olan müharibə səbəbindən. İrana qarşı qoyulan silah embarqosu bu yaxın vaxtlarda ləğv olundu. Müharibə edəcək vəziyyətə gəlsin deyə. Tramp hakimiyyəti təhvil verənə qədər İran–İsrail toqquşmasının baş verməsinə çalışılır.

Hələ 2012-ci ildə Henry Kissinger demişdi: “10 ildən sonra daha İsrail olmayacaq”. Siyasi icmalçı Kevin Barrett dərc etdirdiyi məqaləsində yazırdı: “Kissingerin sözləri çox aşkar və dəqiqdir. O demir ki, İsrail təhlükədədir və bir neçə milyon dollar sərf etməklə onu bu təhlükədən qurtarmaq olar. O, heç bir təklif irəli sürmür. O, sadəcə faktı deyir: “2022-ci ildə daha İsrail mövcud olmayacaq””.

Zatən Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması da müsəlman dünyasının təpkisini kifayət qədər körüklədi. Əgər planlanan bu qarşıdurma alınarsa, sonrakı gəlişmə necə olacaq? Rusiyadakı yəhudi birliyinin gücünü, sayını və s. nəzərə alsaq, yeni mərkəzləşmiş yəhudi dövlətinin Rusiya ərazilərində peyda olacağını güman etmək olar. Diqqət etsək, Rusiyanın ən yaxşı ərazilərində erməni lobbisinin həmyerlilərini toplamaq cəhdlərinin də yəhudilər tərəfindən xoş qarşılanmadığının konturlarını görə bilərik. Məlumdur ki, ermənilərlə onların arasında “genosidə uğramış xalq” ünvanı ilə bağlı qarşıdurma və keçməzlik var. Bundan başqa, qloballaşan dünyada milli dövlətlərin bir müddət sonra “dövlətlərüstü korporasiyalar” ilə əvəz olunma istiqaməti bildirilməkdədir.

Dediyimiz kimi, İranda Mizrahim adlandırılan yəhudilərin bir qolunun 40 minə qədər nümayəndəsi yaşayır. Məlumatlara görə, olduqları bütün ölkələrdəki kimi, bu ölkədə də kifayət qədər güclüdürlər. Əgər gözlənilən müharibə baş tutarsa, bəlkə də müharibə nəticəsində İrana yəhudi axınını da görə bilərik. Belə ki, bu ölkədə kifayət qədər sinaqoqlar, məktəblər, məzarlıqlar,  hətta onlara aid xəstəxana da var. Müharibədən sonra bu ölkədə yəhudi sayı çoxalarsa, ehtimal etmək olar ki, ABŞ-ın siyasətinə təsir edən toplum olduqları kimi, İranın da siyasətini yönəldəcək vəziyyətə gələcəklər. Bəlkə də artıq belədir. İran kimi zəngin resursları olan ölkədə onların hansı qüvvəyə yüksələcəyini təxmin etmək çətin deyil.    Hazırladı: Ülviyyə ŞÜKÜROVA