“İranın nüvə aliminin qətlə yetirilməsi regionda yeni gərginliyin əsasını qoyur”

300

Məhəmməd Əsədullazadə: “Möhsün Fəxrizadənin qətlə yetirilməsi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hesablanıb”

“İsrailin Suriyada İranın mövqelərinə zərbələr endirməsi, həmçinin ABŞ hərbi-dəniz qüvvələrinin Fars körfəzinə daxil olması ümumi vəziyyəti dramatikləşdirir”

“Lakin İran Trampın hakimiyyətdən getməsinə qədər səbr nümayiş etdirəcək, bu müddət ərzində isə tərəflər arasında kəskin ritorika davam etsə də Tehran hərbi toqquşmadan çəkinəcək”

İranın nüvə alimi Möhsün Fəxrizadə noyabrın 27-də qətlə yetirilib. Bu barədə “Fars” agentliyinin verdiyi məlumata görə, Fəxrizadə uzaqdan idarə olunan silahla öldürülüb və hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib. O da bildirilir ki, alimi 3 təhlükəsizlik maşını müşayiət edib. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemi olduğunu zənn edərək zirehli maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.

Onu da nəzərinizə çatdıraq ki, “Vaşinqton Post” qəzetində dərc olunan məqaləyə görə, Möhsün Fəxrizadənin öldürülməsi Qərblə rəsmi Tehran arasında nüvə proqramı ilə bağlı yeni bir razılaşmanın bağlanmasını yaxınlaşdıra bilər: “Rəsmi Tehran nə qədər alimi öldürülsə də, kiberhücumlar, sanksiyalar nəticəsində iqtisadiyyatına nə qədər ziyan dəysə də, nüvə silahı istehsalına davam edə bilər. İranın nüvə proqramını dayandırmağın yeganə yolu var – yeni bir nüvə sazişi imzalamaq”.

“Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə hərbi əməliyyatların başlaması üçün bəhanə ola bilər”

Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu iranlı nüvə aliminin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı şərh verməkdən imtina etsə də, ABŞ kəşfiyyat xidmətləri təsdiqləyir ki, Möhsün Fəxrizadənin qətlinin arxasında İsrail dayanır. Bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb və həmin məqalədə əməliyyat barədə ABŞ-ın öncədən xəbəri olub-olmaması barədə məsələnin aydın olmadığı bildirilib: “Bununla belə iki ölkə yaxın müttəfiqdirlər və çoxdan İrana münasibətdə kəşfiyyat məlumatları ilə bağlı mübadilə aparırlar”.

Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev isə hesab edir ki, Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə hərbi əməliyyatların başlaması üçün bəhanə ola bilər: “Bu, terror hücumu kimi xarakterizə oluna bilər, eyni zamanda İranın sərt reaksiyasına səbəb ola bilər. İranın bu cinayəti araşdırmasının obyektivliyindən çox şey asılıdır – həm reaksiyasından, həm də beynəlxalq birliyin mövqeyindən”. Rusiyalı senator Aleksey Puşkov isə İranın nüvə fizikinin qətlinin silahlı konfliktə səbəb olacağını düşünmədiyini vurğulayıb. Belə ki, Puşkov İranın cavabının nümayişkaranə olmayacağını deyib: “Tehran ABŞ-ın İranın nüvə proqramına qayıtmasında maraqlıdır. Aydındır ki, bu qətlin hədəfi gərginliyin artmasıdır. İran müharibə üçün bəhanə verməyəcək: çünki onun düşmənləri məhz bunu istəyir”.

İranın prezidenti Həsən Ruhani isə nüvə fizikinin qətlə yetirilməsinin ölkəsinin atom sənayesinin inkişafını zəiflətməyəcəyini bəyan edib: “Fəxrizadənin qətli bizim düşmənlərimizin nifrətinin dərinliyini göstərir. Onun şəhidliyi bizim nailiyyətlərimizin qarşısını almayacaq”. “Hizbullah” baş katibinin müavini şeyx Naim Qasem isə “Əl Manar” televiziyasına müsahibəsində bildirib ki, Möhsün Fəxrizadənin qətlinə cavab İran üçün şərəf məsələsi olmalıdır. O, qətlin arxasında ABŞ və İsrailin dayandığını qeyd edib: “Onların fəaliyyətlərinə İran, Fələstin və bütün regionla bitmək bilməyən müharibə kimi baxmaq lazımdır”. İranın müdafiə naziri Əmir Xatəmi də təxminən, bunabənzər açıqlama verib. Belə ki, o, İranın xüsusi xidmət orqanlarının Möhsün Fəxrizadənin qətlə yetirilməsini cavabsız qoymayacağını bildirib: “Düşmən bunu yaxşı bilir. Mən də ona hərbçi kimi deyirəm ki, İran xalqına qarşı törədilən heç bir cinayət, heç bir qətl, heç bir axmaq iş cavabsız qalmayacaq”.

“Baş verənlər geniş hərbi əməliyyatlara gətirib çıxarmasa da, müəyyən dərəcədə lokal hərbi əməliyyatların baş verməsi reallaşa bilər”

Mövzu ilə bağlı “Hürriyət”ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, nüvə alimi Möhsün Fəxrizadənin qətlə yetirilməsi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa hesablanıb: “Çünki ABŞ 2018-ci ildə nüvə anlaşmasından çıxdıqdan sonra İran müəyyən qədər uranın zənginləşdirilməsini həyata keçirib. Təbii ki, bu da İsrail, ABŞ və digər bir sıra dövlətlərin maraqlarına cavab vermir. Qeyd edim ki, bir neçə ildir İsrail İranın nüvə alimlərinin aradan götürülməsi istiqamətində əməliyyatlar həyata keçirir. Bu isə öz növbəsində, İranın nüvə silahı əldə etməsi istiqamətində görülən işlərin müəyyən qədər qarşısını alır. Düşünürəm ki, İsrailin Suriyada İranın mövqelərinə zərbələr endirməsi, həmçinin ABŞ hərbi-dəniz qüvvələrinin zərbə qrupunun Fars körfəzinə daxil olması ümumi vəziyyəti dramatikləşdirir. Bir tərəfdən də İranın nüvə aliminin qətlə yetirilməsi regionda yeni gərginliyin əsasını qoyur”.

Gərginliyin hərbi fazaya keçməsini istisna etmədiyini deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirdi ki, baş verənlər geniş hərbi əməliyyatlara gətirib çıxarmasa da, müəyyən dərəcədə lokal hərbi əməliyyatların baş verməsi reallaşa bilər: “Düşünürəm ki, İranın nüvə aliminin qətlinə cavab olaraq atacağı addım İsrailin daha sərt tədbirlərə baş vurmasına səbəb ola bilər. Düzdür, İran qətlin İsrail tərəfindən həyata keçirildiyini qeyd edir, amma hələlik ortada konkret dəlillər yoxdur. Buna baxmayaraq, Tehran artıq qisas alacağını bəyan edib. Hesab edirəm ki, İranın qisas əməliyyatları elə də ciddi rezonans doğurmayacaq. Ümumiyyətlə, görünən odur ki, hələlik İran müəyyən qədər təmkin nümayiş etdirir. Çünki Tramp administrasiyası yanvarın 20-dən sonra hakimiyyəti Co Baydenə verəcək. Bayden isə regionda təhlükəsizliyin təmin olunması istiqamətində normallaşma prosesi həyata keçir bilər. Odur ki, rəsmi Tehran məhz buna arxayındır. Fikrimcə, İran hələlik sərt açıqlamalar versə də, birbaşa İsrail ərazisinə qarşı hər hansı bir hərbi əməliyyatlar keçirməyəcək. Yəni İran Donald Trampın hakimiyyətdən getməsinə qədər səbr nümayiş etdirəcək. Bu müddət ərzində tərəflər arasında kəskin ritorika davam etsə də Tehran hərbi toqquşmadan çəkinəcək”.

Vazeh BƏHRAMOĞLU