“İranın Cənubi Qafqazda Qarabağ üzərindən xal qazanması mümkün olmayacaq” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

78

“İran Rusiyadan ixrac olunan silahları Ermənistana ötürməklə, prosesdə fəaliyyətinə kölgə salmış və etimadını itirmiş oldu”

“İranın Qarabağ məsələsində həll variantı ilə çıxış etməsi, nizamlama prosesində yer almaq istəməsi əsasən, Cənubi Qafqazda mövqeyini gücləndirməsinə hesablanır”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Tehran teokratik rejimi Suriyada olduğu kimi, Cənubi Qafqazda Türkiyə, Rusiya ilə birgə üçlü format çərçivəsində əməkdaşlıq etməklə, yeni siyasi nizamda yer almağa çalışır: “İranın Qarabağ məsələsində həll variantının Azərbaycan üçün nə kimi töhfələri ola bilər. Bu məsələ aydınlaşmalıdır. Amma Tehranın bütün cəhdləri müsbət nəticələnməyəcək. İlk növbədə, prezident İlham Əliyev Qarabağ məsələsində yalnız Türkiyə və Rusiyanın rolunu önə çəkməklə, İranın adını qeyd etmədi. Ümumiyyətlə, İranın təkliflərinə heç işarə də etmədi. Bu, o deməkdir ki, İranın Cənubi Qafqazda Qarabağ üzərindən xal qazanması mümkün olmayacaq. Burada İranın təklif etdiyi həll variantları ilk növbədə, Azərbaycan və Ermənistan üçün məqbulluğu eyni göstərilir. Baxmayaraq ki, İran rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin, İran Rusiyadan ixrac olunan silahları Ermənistana ötürməklə, prosesdə fəaliyyətinə kölgə salmış və etimadını itirmiş oldu. Tehran rəsmilərinin sonradan verilən bəyanatlarına baxamayaq, İranın davranışları Azərbaycan üçün şübhəli olaraq qalır. El dilində desək, sonradan atılan daş, topuğa dəyər. İran bu kontekstdə yanaşaraq, Azərbaycanın uğurlu hərbi əməliyyatlarından sonra mövqeyini dəyişmiş oldu”.

Məhəmməd Əsədullazadənin fikrincə, məhz bu səbəbdən də İranın Qarabağ məsələsində vasitəçiliyi Azərbaycan üçün məqbul sayılmır: “Əgər Qarabağ nizamlanmasında İran, Türkiyə və Rusiya formatında yer alarsa, bu, Ermənistanın maraqlarına əsaslana bilər. Bundan əlavə, Türkiyə də rəsmi Tehranın bu münaqişənin həllində vasitəçiliyinə isti yanaşmaz. İran bundan sonra Ermənistana silah tədarükünə əl atarsa, Cənubi Azərbaycanda əhalinin etirazları ilə qarşılaşacaq. Tehran bu məsələdə cənubi azərbaycanlıların mövqeyi ilə məcburən barışmalı olacaq. Azərbaycanın Ermənistana işğal olunmuş ərazilərdə əks-həmlə əməliyyatı regionda yeni siyasi nizam formalaşdıracaq. Bu siyasi nizamda Ermənistan-Rusiya bağları zəifləyəcək. Ermənistan əhalisi artıq Rusiyanı qəbul etməyəcək. Qərbin də kiçik və yoxsul, problemli Ermənistana vaxt ayırmaq həvəsi olmayacaq. Odur ki, Rusiya Türkiyə-Azərbaycan platformasına üstünlük verəcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org