“İranı öz hərbi sənayemizə cəlb etmək yolverilməzdir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

3

“İranla Azərbaycan arasında ötən gün hərbi-texniki əməkdaşlıq müqaviləsinin bağlanması əsasən Azərbaycanın maraqlarına cavab verir. Çünki Ermənistanın İranla bu sahədə əməkdaşlığının qarşısını ala bilərik. Ona görə ki, enerji, nəqliyyat və hərbi-texniki sahədə İran Ermənistan əməkdaşlığı inkişaf edərdisə, bu, ölkəmizə qarşı yönələ bilərdi”. Hurriyyet.org xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Bizim əsas hərbi-texniki tərəfdaşımız İsrail, Türkiyədir”

M. Əsədullazadənin sözlərinə görə, hazırda İran Ermənistan üçün əsas nəfəslik olsa da, strateji sahələr üzrə əməkdaşlıq Azərbaycanla edilir: “İranla bağlanan hərbi texniki müqavilə sadəcə bir sənəddi və bu sahədə əməkdaşlıq fonunda İranı öz hərbi sənayemizə cəlb etmək yolverilməzdi. Çünki bizim əsas hərbi-texniki tərəfdaşımız İsrail, Türkiyədir. Bu ölkələrlərlə müştərək hərbi əməkdaşlıq və istehsal sahəmiz var. Rusiya və digər ölkələrlə sadəcə hərbi ticari əlaqələr yüksək səviyyədədir”.

“İrandan silah alınması səmərəli deyil”

İranın bir sıra məsələlərə görə Azərbaycanın hərbi imkanlarının inkişaf etməsində maraqlı olmadığını vurğulayan Əsədullazadə qeyd edib ki, həm də İran müasir silah texnolgiyasına malik deyil: “Ona görə də bu ölkədən silah alınması səmərəli deyil. İlk növbədə, ABŞ-ın ölkəmizə qarşı mənfi siyasəti formalaşa bilər”.

“Hərbi-texniki əməkdaşlıq müqaviləsini səthi şəkildə davam etdirməliyik”

Bu gün İran şirkətlərinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərdiyini deyən Əsədullazadə nəzərə çatdırıb ki, onların separtaçılarla sıx əlaqələri var: “Silah sənayemizə İranın cəlb olunması bu sahədə sirlərin Ermənistana ötürülməsində ikinci dövləti cəlb etmiş olarıq. Rusiya ilə müəyyən səbəblərə görə silah ticarəti edirik. Rusiya bizə satdığı silahları paritet şəkildə Ermənistana pulsuz verir. Sabah bunu İran da edə bilər. Sadəcə, hərbi-texniki əməkdaşlıq müqaviləsini səthi şəkildə davam etdirməliyik”.

Şamo EMİN, Hurriyyet.org