“İranda rejim dəyişikliyindən söhbət gedə bilməz” – POLİTOLOQ

    15

    Natiq Miri: “İran İnqilabını yıxaraq, tamamilə yeni bir demokratik rejimi bərqərar etmək o qədər də asan məsələ deyil”

    “İranda sosial, iqtisadi və siyasi dəyişiklik olmalıdır. Buradakı rejimin dağılması qaçılmazdır və qələbə mütləqdir. İran tezliklə azadlığa qovuşacaq. Mövcud rejim devrilmək üzrədir”.

    Bu sözləri İran Müqavimət Şurasının sədri Məryəm Rəcavi deyib.

    Müqavimət Şurasının sədri bildirib ki, İranda hökumətin zəiflədiyinə dair sübutlar var: “Birincisi, gənclər qorxmadan, tərəddüd etmədən ayağa qalxıb. İkincisi, rejimin təzyiqlərinə rəğmən, iş yerlərində etirazlar davam edir. Üçüncüsü, qiymətlər qalxır, yoxsulluq dərinləşir və rejim buna əncam çəkə bilmir”.

    Rəcavi ABŞ sanksiyalarının İran hökumətini daha ağır vəziyyətə saldığını deyib: “Rejimin süqutundan sonra altı aylıq müvəqqəti hökumət qurulacaq. Bu müvəqqəti hökumətin əsas vəzifəsi İranda azad seçkilər keçirmək üçün məclis yaratmaq olacaq. Sonra yeni bir konstitusiya hazırlanacaq və İran xalqının razılığı üçün referendum keçiriləcək. Bununla da yeni respublika yaradılacaq”.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın vəkili Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb. Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib. O, İrana qarşı sanksiyaların artacağını bildirib: “İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm”.

    Bir vaxtlar ABŞ və Avropanın “terror siyahısı”na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu “İran Mücahidləri Təşkilatı”nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.

    ABŞ prezidentinin vəkili iqtisadi təcridin İran hökumətinin devrilməsini təmin edəcəyini söyləyib. Toplantıda çıxış edən Məryəm Rəcavi də İranda rejimin dağılmasının qaçılmaz olduğunu vurğulayıb.

    Göründüyü kimi, Amerikanın İrana iqtisadi sanksiyalar tətbiq etməkdə məqsədi tək İran iqtisadiyyatını çökdürmək deyil, bu siyasətin arxasında həm də İranda rejimi dəyişmək dayanır. Bunu Trampın vəkili açıq etiraf edir.

    Artıq Amerikanın İrana tətbiq etdiyi sanksiyalar səbəbindən İranda sosial-iqtisadi vəziyyətlə əlaqədar keçirilən mitinqlərin ardından İranın Xürrəmşəhr şəhərində də əhali bütün şəhəri bürüyən su qıtlığına etiraz edib. Həmçinin etirazçılar İran xalqını hökumətə qarşı birləşməyə və ölkənin bütün şəhərlərini etiraz aksiyalarına qoşulmağa səsləyiblər.

    Görünən odur ki, Amerika və İsrail İranda rejim dəyişkliyi etmək üçün əllərindən gələni edirlər. Hətta İsrailin baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində ingilis dillndə videomüraciətində sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları internetə çıxaracağına bildirib. Baş nazirin sözlərinə görə, bu texnologiyalar milyonlarla iranlıya quraqlıqdan və aclıqdan qaçmağa kömək edəcək.

    “İranda prezident Ruhaninin rəhbərlik etdiyi hökumət dəyişə bilər”

    “ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

    İranda rejim dəyişikliyi barədə yayılan informasiyalarla bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri “Hürriyyət”ə dedi ki, İranda rejim dəyişikliyi haqqında müəyyən dezinformasiyalar yayılsa da, bunlar o qədər də həqiqəti əks etdirmir: “İranda prezident Ruhaninin rəhbərlik etdiyi hökumət dəyişə bilər və “islahatçılar” adına hökumətdə olan gücün yerinə daha mühafizakar qüvvələr hökumətə gələ bilər. Ancaq İranda rejimin dəyişikliyindən hələlik söhbət gedə bilməz. Çünki rejim çox güclüdür. Bugünkü etirazlar fonunda İran əsəgərləri, başda İran İnqilabının mühafizə qüvvələri hələlik ortalığa çıxmayıb. Ona görə düşünürəm ki, bu boyda gücün fonunda İran İnqilabını yıxaraq tamamilə yeni bir demokratik rejimi bərqərar etmək o qədər də asan məsələ deyil. Bu, imperialist qüvvələrin, xüsusilə ABŞ və onun Yaxın Şərqdəki müttəfiqi İsrailin ortalığa buraxdığı dezinformasiyalardır. Çünki bu səviyyəli kiçik etirazlarla İranda rejimi asanlıqla dəyişmək mümkün deyil. Sadəcə, bu rejimin içərisində olan müəyyən güc mərkəzləri var ki, o güc mərkəzlərindən biri də İran İnqilabi mühafizə qüvvələridir ki, onlar hökumətlə heç bir halda uyğunlaşa bilmir və daha çox maraqlıdırlar ki, islahatçı, amerikapərəst Ruhani hakimiyyəti getsin, yerinə daha mühafizəkar qüvvələr gəlsin. Söhbət yalnız bundan gedə bilər. Ancaq dini bir rejimin, yəni İslam dövlətinin gedib, yerinə başqa bir idarəetmə rejiminin gəlməsini düşünmək mənə elə gəlir ki, real deyil”.

    “İran toplumu Amerikanın bir barmağının göstərişi ilə oturub-duran toplum deyil”

    N.Miri hesab etmir ki, Amerikanın İranda rejimi dəyişmək hədəfi həyata keçəcək: “Amerikanın bu cür açıqlaması və gedişi daha çox etiraza qalxan insanları stimulluşadırmaqdır. Konkret hədəf göstərməklə də daha çox inandırmaq, həm də dolayısı ilə etiraz elektoratına ABŞ öz dəstəyini göstərmək istəyirlər. Bu kontekstdə təkcə ABŞ deyil, İsrail rəhbərliyi, o cümlədən baş nazir Netanyahunun da bir neçə dəstək açıqlamaları var. Burada məqsəd İran toplumunu ayağa qaldırmaq, rejimdən qorxmamaq və onlara konkret dünya səviyyəsində dəstəyin olacağını göstərməkdir. Hədəf budur. Bu hədəfin həyata keçiriləcəyi məsələsi şübhəlidir. Düşünürəm ki, buna nail ola bilməyəcəklər. Çünki İran toplumu o qədər də Amerikanın bir barmağının göstərişi ilə oturub-duran toplum deyil. Ayrıca, etiraz elektoratının əksinə olacaq başqa İran tolumu hələ meydanlara çıxmayıb. Bu toplum meydanlara çıxanda etiraz elektoratının sayı onun əksinə olacaq qüvvələrin yanında çox kiçik bir qrup kimi görsənəcək”.

    “İranda bu gün rejimi dəyişə biləcək kütləvi etirazlar mövcud deyil”

    “Qadınların baş örtüyündən etiraz etməsi kimi istəklər mövcuddur və zaman-zaman bu yöndə konkret aksiyaları da müşahidə edirik. Yəni bilavasitə qadınların iştirakı ilə baş örtüyünü atdığı aksiyaları sosial mediada paylaşılan etiraz aksiyalarında görmüşük. Ancaq bu aksiyalar İranı öz əhatəsinə ala biləsəcək səviyyədədirmi? Əsas sual budur. Düşünürəm ki, bu səviyyədə deyil. Yəni onlarla, yüzlərlə, hətta minlərlə bu cür elektorat ola bilər. Nəzərə alaq ki, İran 80 milyon əhalidən ibarətdir. Amma bu gün böyük kütləviliyi nədənsə İranın ən böyük regionlarında görmürük. Ona görə də bəri başdan uzağa gedən nəticələr çıxarmaq doğru deyil. Bunu sadəcə olaraq ABŞ-ın və İsrailin yönətməsi kimi qəbul etmək lazımdır. Ancaq sözün əsl mənasında İranda bu gün inqilab edə, rejimi dəyişə biləcək elə böyük kütləvi etirazlar mövcud deyil. Bunlar mövcud olduğu sırada, onda görəcəksiniz ki, artıq İranın güc mərkəzləri meydan çıxacaq və bu güc mərkəzlərinin fonunda etiraz dalğası çox kiçik görsənəcək”,-deyə politoloq vurğuladı.

    Şamo EMİN, Hurriyyet.org