İranda oxuyan tələbələr ayağa qalxdılar – Cəlilabad Mərkəzi Xəstəxanasında ÜSYAN – VİDEOLAR

6

Salam. Çox pis vəziyyətdəyik. Məlumat atıram, paylaşın, bizi öldürürlər”.

Bu həyəcan təbilinə bənzəyən mesaj Ovqat.com-a Cəlilabad Mərkəzi Xəstəxanasından yollanıb.

Mesajın müəllifi Təbrizin əl-Mustafa Universitetində təhsil olan tələbədir. 

  

İranda koronavirus epidemiyası yayılandan sonra Azərbaycana qayıdan tələbələr sərhəddən götürülərək Cəlilabad Mərkəzi Xəstəxanasına gətiriliblər. Heç bir xəstəlik əlamətləri olmamasına baxmayaraq, artıq neçə gündür ki, bu tibb mərkəzində saxlanılan tələbələr bu gün əməlli-başlı üsyan bayrağı qaldırıblar.

Etirazlarının səbəbi hələ də evə buraxılmamaları və Mərkəzi xəstəxanada sağlamlıq problemi ilə üz-üzə qalmalarıdır.

Məsələ burasındadır ki, İranda koronavirus əsasən Qum şəhərində yayılıb. Cəlilabadda saxlanıldıqları xəstəxanada isə bütün tələbələr eyni yerdə qalırlar – Qumdan gələnlər 3-cü, Təbrizdən gələnlər isə 2-ci mərtəbədə. Bu gün Qum tələbələrindən birinin halı qəflətən pisləşib. Tələbə yoldaşları həm onun hüquqlarını müdafiə etmək, həm də özlərini möhtəməl koronavirusu “sürprizindən” qorumaq üçün birinci mərtəbəyə enib etiraz səslərini ucaldıblar. Təbrizli tələbələr də onlara qoşulub. Halbuki, onların eyni şəraitdə saxlanılması da, bir-biriylə təması da yolverilməzdi.

Tələbələrin bildirdiyinə görə, onlar indiyədək lazımi xəstəxana paltarı ilə də təchiz edilməyiblər. Dünən onlarla görüşə gələn rayon icra başçısıyla xeyli mübahisədən sonra tələbələrə ancaq şəpşəpi verilib. Xəstəxananın tualeti bərbad vəziyyətdədir. Suyu isə ümumiyyətlə gəlmir. Dünən hansısa rəsmi telekanaldan tələbələrin vəziyyətini çəkməyə gəliblər. Tələbələrə “qonaqlarının”  Meydan TV-dən olduğunu bildirib təmtəraqlı zala doldurublar. Həmin telereportaj zamanı da Qumla Təbriz tələbələri eyni zalda buluşublar. Jurnalistlərin AZ Tv-dən gəldiyini öyrənən tələbələr müsahibə verməkdən imtina ediblər.

Tələbələr hazırda aclıq aksiyası keçirirlər.