İranda hidrometrik və geopolitik isti yay günləri – Təhlil

    12

    İranda quraq keçən bahar və yay aylarının yol açdığı susuzluq problemi ölkə gündəmini mütəmadi məşğul edir. Mülki Müdafiə Qurumunun rəhbəri General Qulamrza Cəlalinin təəccüblə qarşılanan və ölkə daxilində də reaksiyaya səbəb olan açıqlamaları da yaranan gərginliyin miqyasını göstərir. Cəlali iyul ayının əvvəlində verdiyi bəyanatda "İsrail və qonşu ölkələrdən biri, İrana daxil olan yağış buludlarını yağmaması üçün qısırlaşdırılır. Bununla da, bulud və qar oğurluğu ilə üzləşirik" ifadələrini işlətmişdi.

    Həqiqətən də İraq və Əfqanıstan kimi qonşu ölkələrə də təsir edən quraqlığın kütləvi köçlər kimi böyük problemlərə yol açacağından ehtiyat edilir. Belə ki, artıq ölkədəki müxtəlif şəhərlər arasında su münaqişələri qızışır, Əfqanıstan, İran və İraq arasındakı müştərək su sahələri ilə əlaqədar su anbarlarını bombalama təhdidinə varan polemikalar yaşanır.

    Nəticəsiz diplomatiya

    Bununla yanaşı, İran üçün bu yayın çox isti keçəcəyi ehtimalının təbii iqlim hadisəsindən başqa daha fərqli səbəbləri var və bunların başında ABŞ Prezidenti Donald Trampın Mayın 12-də açıqladığı Nüvə müqaviləsindən çəkilmə qərarının ardından həyata keçirdiyi yeni sanksiyaların təsirləri gəlir. Trampın ardınca ABŞ dövlət katibi Mayk Pompeo da 21 Mayda İrana qarşı 12 maddəlik sərt şərtlər irəli sürmüş və bu şərtlərin yerinə yetirilməməsi halında İranın "tarixin ən ağır sanksiyalarıyla üzləşəcəyini” bildirmişdi.

    Əslində İran Trampın açıqlamasından əvvəl ABŞ-a yönəlik bir diplomatiya həmləsinə başlamış və Xarici İşlər naziri Cavad Zərifin, başda keçmiş Xarici İşlər Naziri Con Kerri olmaqla çox sayda amerikalı rəsmilərlə danışıqlar apardığı mətbuatda əks olunmuşdu. Bəlkə də danışıqlardakı uğursuzluğun təsirindəndir ki, Tramp İran haqqındakı qərarını əvvəlcədən elan etdiyi tarixdən bir neçə gün öncə bildirmişdi. İran bu prosesdə ən yüksək səviyyəli rəsmiləri vasitəsilə Trampın seçki kampaniyası dövründən bəri dilə gətirdiyi müqavilədən çıxma təhdidlərinə eyni şəkildə qarşılıq verəcəyini açıqlasa da, ağıllı davranmış və digər beş ölkənin sazişə sadiq qaldığı və müqavilədən irəli gələn hüquqların təmin edildiyi müddətcə öhdəliklərindən geri çəkilməyəcəyini elan etmişdi.

    Zərifin 12 may öncəsi Tramp ilə ortaq məxrəcə gəlmə səylərinə bənzər çalışmaların qərar sonrasında xüsusən inqilab lideri Xameneyinin xarici siyasət üzrə baş müşaviri Əli Əkbər Vilayəti tərəfindən Moskvada həyata keçirildiyi, hətta bu görüşə Xarici İşlər naziri Zərifin sərt reaksiya göstərdiyi irəli sürülmüşdü. Ancaq Xameneyinin bu proses sonunda verdiyi sərt bəyanatlar və buna İran bazarlarının ani reaksiyası nəticəsində dolların məzənnəsinin 90 min rial səviyyəsinə yüksəlməsi sözügedən arxa qapı diplomatiyanın ikinci dəfə işə yaramadığını göstərir. Çünki Xameneyi iyun ayının sonunda verdiyi açıqlamasında ölkədə bəzilərinin ABŞ ilə hesablaşmağın lazım olduğuna inandıqlarını, lakin müqavimət göstərməyin bədəlinin təslim olmağın bədəlindən çox daha az olacağını irəli sürmüşdür.

    ABŞ-mı, Trampmı?

    Həqiqətən də hər nə qədər Vaşinqtondakı müxtəlif rəsmilər ABŞ-ın İranda rejim dəyişikliyi arxasında olmadıqlarını irəli sürsələr də, Tramp rəhbərliyinin yeni strategiyası diqqətlə tədqiq olunduqda İrandan gözlənilən güzəştlərin çox uzaq olmayan gələcəkdə rejim dəyişikliyi ilə nəticələnəcəyini təxmin etmək çətin deyil. Bu durum yalnız Con Bolton və ya Rudy Giulyani kimi radikal İran əleyhdarlarının “Xalqın Mücahidləri`” kimi rejimə qarşı təşkilatların tədbirlərində etdiyi çıxışlarla və ya yeni strategiyanın regional tərəfdaşları olan Səudiyyə Ərəbistanı, İsrail kimi ölkələrin mövqeləri ilə də əlaqədar deyil. Əslində Trump və ətrafındakı şahin rəsmilərin bu fəaliyyətləti ABŞ-ın uzun illərdir üzərində çalışdığı və İranı bəzən həvəsləndirici təkliflər, bəzən isə dəyənək yolu ilə çəkməyə çalışdıqları və güman edilənin əksinə, başda Avropa ölkələri olmaqla, böyük beynəlxalq qüvvələr tərəfindən də dəstəklənən uzun müddətli bir strategiyanın sürətləndirilməsindən başqa bir şey deyil.

    Trampın özünəməxsus davranışı və iş adamı xarakteri ilə həyata keçirdiyi siyasət CAATSA (Amerikanın Düşmənlərinə Sanksiyayla Qarşılıq Verməsi Qanunu), FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) kimi ABŞ-ın uzun müddətdir diqqətlə hazırladığı və beynəlxalq legitimlik qazandırdığı müqavilələrin və qanunların hədəfi ilə də üst-üstə düşür. Sözügedən sazişlər və ya qanunlar bilavasitə, ya da dolayısıyla İranın təhlükəsizlik strukturunun əsas gövdəsini təşkil edən İnqilab Keşikçiləri Ordusunun (İKO) maliyyə və əməliyyat fəaliyyətlərini hədəf alır və İranın beynəlxalq ticarət səhnəsində rəqabət aparmasına imkan vermir. Bu səbəbdən də, yəqin ki, Trump seçilməsəydi belə, Ruhaninin təkidilə İran məclisi xüsusilə maliyyə şəffaflığı ehtiva edən və bu səbəbdən, İKO və siyasi havadarlarının reaksiyasını nəzərdə tutan FATF qanununu təsdiq edəcəkdi. Sözügedən razılıq prosesi ABŞ hədələrindən dolayı təxirə salınarkən, Ayətullah Məkarim Şirazi kimi dövlət tərəfdarı üləmalar müqaviləni təsdiq etmənin caiz olmadığı istiqamətində fətva verdilər.

    Bəs, bu müqavilələrin təsdiq olunması və ya "İranın dərin dövləti kimi tanınan İKO-nun (İnqilab Keşikçiləri ordusu) hərəkətlərinin nəzarətə götürülməsi İran üçün niyə bu qədər həyati önəm daşıyır?

    Bu, əlbəttə, sözügedən qurumun bir struktur kimi İranın dövlət təhlükəsizliyinin onurğa sütununu təşkil etməsindən irəli gəlir. Başqa sözlə, ABŞ İranda rejim dəyişikliyi etmək istəsəydi, şübhəsiz ki, ilk öncə İranın ən böyük müqavimət gücü sayılan İKO-nu təsirsiz hala gətirməkdən başlamalıydı. Necə ki, Pompeonun da açıqladığı 12 maddənin hamısı 2003-ci ildə bəri yalnız hərbi sahədə deyil, eyni zamanda regional xarici siyasətdə də aktiv hala gələn İKO-nun fəaliyyətilə bağlıdır. Pompeo bu şərtləri İranın normal bir ölkə halına çevrilməsi üçün zəruru addımlar kimi təsvir etsə də, İranın inqilabi ideologiyası və dövlət quruluşu baxımından düşündükdə bunların qəbul edilməsinin, İranda adı qoyulmamış bir rejim dəyişikliyi anlamına gələcəyi açıqdır.

    İranın alternativləri

    Bu gün gəlinən nöqtədə Xameneyi və yaxınlarının açıqlamaları göz önünə alındıqda, onların da bənzər qənaətə gəlmiş olduqlarını və irəli sürülən şərtləri əslində bir uzlaşma deyil, təslimiyyət müqaviləsi hesab etdiklərini göstərir. Bəzi İranlı müşahidəçilərə görə, həmin şərtlər Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olması bəhanəsi ilə bütün müdafiə mexanizmlərindən çəkindirilməsini və ardından daha qısa və zəif əməliyyatla devrilməsini xatırladır. İranın bu məsələdə necə bir əks strategiya formalaşdıracağı isə qeyri-müəyyəndir, çünki bir tərəfdə Avropanın indiyə qədər sadiq qaldığı nüvə sazişi, digər tərəfdə isə son iqtisadi göstəricilərin ortaya qoyduğu tablo var. Bu tabloda iqtisadi nailiyyətlərin olmadığı bir sazişə sadiq qalmağın öz əl-ayağını bağlamaqdan başqa heç bir məna kəsb etmədiyi üzə çıxır. Üstəlik, yalnız bir ay sonra ilk sanksiyalar tətbiq olunmağa başlayacaq və nəticdə hər gün yeni bir şəhərdə yeni etiraz aksiyaları keçiriləcək. Bunlar da nəzərə alındıqda, sanksiyalar prosesə ictimai narahatlıqları şiddətləndirən təsir göstərəcək.

    Məsələnin daxili siyasətlə bağlı istiqamətləri də var. Ruhaninin, Konstitusiya Şurasının Katibi Ayətullah Cənnətiyə məktub yazaraq FATF ilə bağlı qanun layihəsinin bir an əvvəl təsdiqləməsini istəməsi və məktubun dərhal mətbuata ötürülməsi rəhbər elita arasındakı fikir müxtəlifliyini əks etdirir. Əsasən uzun zamandan bəri sistemin yenidən qurulmasını və konstitusiya dəyişikliyi, o cümlədən radikal dəyişikliklər istəyən islahatçılar ilə "islahata ehtiyacı olan mühüm bir şey yoxdur, sistem qırx ildir ki, çox gözəl işləyir" deyən mühafizəkarlar arasındakı münaqişə Trampa veriləcək cavab məsələsində də ortaya çıxdı. Yenə də Ruhaninin son Avropa səfərində açıqlamaları və "neft satışı qadağası gəlsə Hörmüz boğazını bağlayarıq" kimi təhdidləri ən azından xaricə yönələn ritorika baxımından islahatçıların mühafizəkar mövqeyi qəbul etdiklərini göstərir. Ruhanini bu sözlərinin ardından Qasım Süleymaninin onu tərifləməsi həmin ideyanın İKO tərəfindən mənimsənildiyini göstərir. Çünki yuxarıda da bildirildiyi kimi "əgər indi müqavimət göstərməsək, sonrakı mərhələdə heç bir müqavimət göstərə bilməyəcəyik" anlayışı ən azından təhlükəsizlik bürokratiyasında hakim düşüncəyə çevrilib.

    Suriyami, Venesuelamı?

    Vaşinqtonla ən azı bu mərhələdə razılaşmaya qarşı çıxan təbəqənin əsas arqumenti ABŞ-ın İran ilə birbaşa hərbi qarşıdurmaya hazır olmadığı və iqtisadi təzyiq və şantaj yolu ilə istəklərini qəbul etdirməyə çalışdığı düşüncəsidir. Bu düşüncəyə görə, böhran nə qədər böyüsə də, ABŞ hərbi münaqişəni nəzərə almayacağı üçün ən son mərhələdə İran ilə daha uyğun şərtlərdə anlaşmağı qəbul edəcək və bu səbəbdən yeganə görülməsi lazım olan iqtisadi böhran qarşısında səbat göstərməkdir.

    Bu fikirdə haqlılıq payı olmaqla yanaşı, hələ sanksiyalar başlamadığı halda, 12 maydan bəri milli pul vahidi rialın xarici valyutalar qarşısında 50%-ə yaxın dəyər itirdiyini nəzərə alsaq, noyabr ayında ikinci sanksiya dalğasının başlaması və İranın neft satışının ciddi şəkildə azalması halında "Venesuela sindromu”na yaxalanması olduqca mümkün görünür. Başqa sözlə, son beş ildir hər cür ictimai tələbi "Suriya kimi olarıq" arqumentilə qəbul etməyən hakimiyyətin digər bir çöküş modelinə sürüklənmə ehtimalı var. Bu halda Ruhaninin nüvə müqavilənin ardından dediyi "müqavilə sayəsində Venesuela kimi olmaqdan qurtulduq" ifadəsi də mənasını itirəcək, ABŞ-ın hərbi əməliyyatına belə ehtiyac qalmayacaq. Bu məqamda zamanın ABŞ xeyrinə işlədiyi ortadadır. Vaşinqton rəhbərliyi də bu arada İrandakı iqtisadi gərginlik və ictimai nazarılıq nə qədər artarsa, rəsmi Tehranın o qədər tez güzəştə getməyə hazır hala gələcəyini düşünür. Trampın "İran liderləri qərarlarım qarşısında qışqırıb çığıracaqlar, amma ən sonunda gəlib masaya oturmaqdan başqa çarələri qalmayacaq" açıqlaması da bu ümidə söykənir. Kim bilir, bəlkə də həqiqətən Xamenei son anda yeni və daha böyük bir "qəhrəmancasına çeviklik göstərib Trampın istədiyi şərtlərlə masaya oturmağı qəbul edə bilər. Bu olana qədər səksən milyonluq İran xalqının "tarixin ən ağır sanksiyaları qarşısında nə kimi reaksiyalar verəcəyini, Vaşinqtonun bel bağladığı rejim əleyhdarı təşkilatların xalqın reaksiyasını nə dərəcədə yönəldə biləcəyi, ya da intensiv təzyiq altındakı Tehranın, məsələn, nüvə müqaviləsindən çıxma və ya Hörmüz boğazını bağlama kimi böyük bir xəta edərək öz əleyhinə beynəlxalq koalisiya yaranmasına yol açıb açmayacağını isə zaman göstərəcək.

    Dr. Hakkı Uygur

    İram