İranda azərbaycanlı müğənniyə QADAĞA QOYULDU – FOTO/VİDEO

    39

    Cənubi Azərbaycanda tanınmış azərbaycanlı müğənni Əli Pormehr “Traxtur” futbol komandası üçün hazırladığı yeni mahnını oxuya bilmir.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, müğənni bu barədə instaqram səhifəsində məlumat yayıb.

    Onun sözlərinə görə, rəsmi orqanlar “Traxtur” mahnısına qadağa qoyub:

    “Tehran və digər şəhərlərdə konsertlərlə bağlı son qərarı verən bir şura var. Tehrandakı Təmin Şurası bundan əvvəl alınan rəsmi icazəyə rəğmən, “Traxtur” mahnısının Təbrizdə oxunmağıma icazə vermədi. Bunun səbəbi yalnız özlərinə məlumdur. Mən də bir çox dostlar kimi incidim. Bu mahnıya bir il vaxt qoymuşdum. Nəzərdə tutulan konsertə qədər səy göstərdim, lakin nəticə olmadı, hətta reklam bilboardlarımı da endirdilər”.

    Müğənni vurğulayıb ki, xüsusi eşqlə yazıb hazırladığı mahnını oxumaq üçün səylərini davam etdirəcək.

    Gənc müğənni təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində noyabrın 28-i Təbriz vaxtı ilə saat 14:30 radələrində yaydığı paylaşımın mətnini dəyişdirməyə məcbur olub.

    Qeyd edək ki, ötən ilə qədər musiqi sahəsinə nəzarət edən rəsmi sistem bir mafiya kimi Əli Pormehrin Təbrizdə konsert keçirməsinə icazə verməyib.

    Xatırladaq ki, Əli Pormehr Azərbaycan türkcəsində ifa etdiyi mahnılarla Cənubi Azərbaycanda çoxlarının rəğbətini qazanıb. Onun soyadı doğulduğu Muğan məntəqəsində yerləşən “Pəlməyer” kəndinin adından götürülüb. Bu kəndin adı farslaşdırma siyasətinin tətbiq edilməsi nəticəsində “Pormehr” sözü ilə dəyişdirilib.