İrana qarşı sanksiyalar Azərbaycana da öz təsirini göstərir

    6

    Neftçaladakı avtomobil zavodu fəaliyyətini dayandırır

    ABŞ-ın sanksiya siyasətinə məruz qalan ölkələrlə, yəni Rusiya və İranla qonşu olmaq ölkəmiz üçün iqtisadi itkilərlə yadda qalacaq. Artıq bunun ilk xəbərdarlıqları gəlməkdədir. Fransanın “Peugeot” və “Citroen” kimi avtomobil brendlərinin istehsalçısı PSA İranın avtomobil şirkətləri ilə ortaqlıq fəaliyyətini dayandırdığını açıqlayıb, bu da Azərbaycan avtomobil sənayesinə birbaşa təsir edir. Belə ki, Azərbaycanın “Azərmaş” şirkəti tərəfindən Neftçala Sənaye Məhəlləsində “İran Khodro” avtomobillərinin istehsalı zavodu qurulub ki, gələcəkdə zavodda “Renault” və “Peugeot” bir sira modellərinin istehsalı planlaşdırılır. Fransa şirkətinin “İran Khodro” ilə əməkdaşlığı dayandırması Neftçala Avtomobil Zavodunun fəaliyyətinə təsiri artıq birmənalıdır.

    Qeyd edək ki, Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir. “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

    Çox güman ki, “Peugeot” və “Citroen” kimi avtomobil brendlərinin istehsalçısı olan PSA qrupunun İranda fəaliyyətini dayandırmasından sonra “Khazar” Avtomobil Zavodunda istehsal olunması nəzərdə tutulan “Peugeot-206”, “Peugeot-207” avtomobilləri də istehsal olunmayacaq ki, bu da zavod üçün xeyli itki olacaq. Göründüyü kimi, iqtisadiyyat zəncirvari ölkələri bir-birinə bağlayır. İrana tətbiq olunan sanksiyalar Azərbaycana da öz təsirini göstərir. O baxımdan da Azərbaycan avtomobil istehsalını Avropa ölkələri ilə birgə həyata keçirsə, daha məqsədəuyğun olardı ki, bu gün İranın üzləşdyi problem bizə də təsir etməzdi. Amerikanın İranın dəfələrlə sanksiya tətbiq etdiyini və bundan sonra da sanksiya siyasətini davam etdirəcəyini düşünürək avtomobil istehsalında İranla birgə zavod açmaq elə bu baxımdan məqsəduyğun deyildi. Görünür ki, zavod açılarkən İranın Amerikanın daim hədəfində olduğu unudulub. Amma bu kimi məsələlərə diqqət yetirmək lazımdır ki, yeri gələndə belə problemlərlə üzləşməyək. Amerikanın iqtisadi qüdrəti hər kəsə bəlli olduğu üçün məhz Amerikanın düşmən olduğu ölkələrlə daha az iqtisadi əlaqəyə girmək məqbuldur. Əksinə, Azərbaycanın daha çox Avropa ölkələri ilə iqtisadi əlaqələr qurması vacibdir.

    Qeyd edək ki, 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz, 2018-ci ilin 4 ayında 42 faiz təşkil edib. Göründüyü kimi, hələ ki, Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payında faiz etibarilə artım yoxdur. Amma bu artıma ehtiyac var. Çox güman ki, bundan sonra Azərbaycan iqtisadiyyatına rəhbərlik edən şəxslər ABŞ-ın qonşu Rusiyaya və İrana dəfələrlə sanksiya tətbiq etdiyini və onlara qarşı daim düşmən mövqeyini nəzərə alaraq iqtisdi əlaqələrdə əsasən Avropa ölkələrinə üstünlük verəcək ki, Azərbaycan da ABŞ-ın sanksiya siyasətindən dolayısı ilə itkilərə məruz qalmasın.

    Şamo EMİN, Hurriyyet.org