İran yola gəlir, Bakı da rahatlayacaq

78

Hərbi ekspert: “Marağımızla uyğun gələn razılaşmaları müsbət qarşılamaq lazımdır”

Rəsmi Tehran Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin (MAQATE) inspektorlarını iki mübahisəli atom enerjisi obyektinə buraxmağa razılaşıb. İran ətrafında hadisələr gərginləşəndə bunun Azərbaycana da ciddi təsir etdiyi bəllidir. Xüsusilə, İrana hərbi müdaxilənin baş verməsinin Azərbaycan üçün də bir sıra problemlər meydana gətirəcəyi səbəbindən Azərbaycan da İran ətrafında gərginliyin azalmasında həmişə maraqlı olub.

Qeyd olunan razılaşma Azərbaycanı da rahatlada bilərmi?

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, əvvəla, ABŞ-ın son zamanlar İranla bağlı müəyyən qədər yumşalması müvəqqətidir. ABŞ-da prezident seçkiləri keçirildikdən sonra Vaşinqtondan İrana basqı yenə şiddətlənəcək. Hətta İranın Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin inspektorlarını iki mübahisəli atom enerjisi obyektində araşdırma aparmağa buraxmağa razılaşması da ABŞ-ın mövqeyini birdəfəlik dəyişməyəcək. İkincisi indiyə qədər MAQATE İranda nüvə silahının olduğunu aşkarlamayıb. Lakin buna baxmayaraq Vaşinqton mövqeyində qalıb. İndi də Tehran bütün bəhanələri kəsmək üçün iki obyektdə araşdırma aparılmasına razılıq verib və düzgün addım atıb: “Həm də İranın bu gün sanksiya altında olan milyardlarla dollar vəsaiti var. O vəsaitin azad olunması ilə bağlı qərar verilib, amma onun İrana transfer olunması, İranın ondan istifadə edə bilməsi məsələsi açıq qalıb. Ona görə də İran həm həmin pullarını əldə etmək üçün bir sıra yumşalmalara gedir. Hər bir halda Azərbaycan İranla bağlı proseslərin gərgin məcradan yumşalma məcrasına keçməsinə sevinir.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Üzeyir Cəfərov

Çünki İranla bağlı gərginlik, İrana hərbi müdaxilə kimi vəziyyətlərin meydana gəlməsi Azərbaycanın maraqlarına xidmət etməz. Regionda gərginlik nə qədər azalsa bir o qədər bizim də xeyrimizədir, bizi müəyyən qədər rahatlaşdırır. Azərbaycan cənub sərhədində yerləşən bir dövlətin dünya gücləri ilə münasibətlərinin gərgin deyil, mülayim, əməkdaşlıq müstəvisində olmasında həmişə maraqlı olub. Bu marağımızla uyğun gələn razılaşmaları ona görə müsbət qarşılamaq lazımdır. Qonşuluğumuzda yerləşən böyük bir dövlətlə bağlı baş verən istər mənfi, istər müsbət proseslərin bizə də təsiri olur. İran bundan sonra da ona qarşı hücumlar üçün bütün bəhanələri aradan qaldırmaq üçün bütün obyektlərində araşdırma aparılmasına şərait yaratmalıdır. İranda müharibə ocağının olmaması Azərbaycana da lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”