İran XİN-dən Azərbaycana dəstək

60

“Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır”

“İran İslam Respublikası Ermənistan hərbçilərinin işğal olunmuş şəhərlərdən çıxmasını təkid edir”.

“Trend” bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.

S.Xətibzadənin sözlərinə görə, İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini bir daha qeyd edir.

İran rəsmisi bildirib ki, Tehran Dağlıq Qarabağ münaqişəsini həssaslıqla izləyir:

“İran, eyni zamanda, mülki şəxslərə hücum etməmək prinsipinə riayət olunmasına çağırır”.

“Sülhün bərpası üçün ərazilər işğaldan azad edilməlidir”

“Regionda sülhün bərpa olunması üçün Azərbaycanın əraziləri işğaldan azad edilməlidir”.

Bunu isə İranın Şərqi Azərbaycan vilayəti üzrə Vəkillər Kollegiyasının insan haqları komissiyasının sədr əvəzi Sina Yusifi deyib.

S.Yusifinin sözlərinə görə, işğalçılığa son qoymağın yeganə həll variantı hərb yoludur, çünki Ermənistan Azərbaycanın ərazilərini işğal edib və bu ərazilərdən çıxmaq niyyəti yoxdur, hətta öz torpağı olduğunu iddia edir.

Hüquqşünas bildirib ki, Azərbaycan öz haqlı mövqeyindən çıxış edərək işğal olunmuş ərazilərini tamamilə azad etməlidir:

“28 ildir ki, Azərbaycan ərazilərinin sülh yolu ilə həllini gözləyir. Minsk qrupu həmsədrlərinin mənafeyi sanki Dağlıq Qarabağın işğal altında qalmasını təmin edir”.

İranlı hüquqşünasın sözlərinə görə, görünən odur ki, həmsədr ölkələr Ermənistan tərəfinə öz hərbi birləşmələrini Dağlıq Qarabağ və ətraf 7 rayondan geri çəkməsi ilə bağlı indiyədək heç nə deyə bilməyiblər:

“Halbuki Azərbaycan 28 il Minsk Qrupuna, daha geniş anlamda BMT-yə vaxt verdi ki, münaqişə sülh yolu, müzakirələrlə həll olunsun”.

S.Yusifinin sözlərinə görə, indi də mənafeyini işğalın davam etməsində görən bir sıra ölkələr bir çox təzyiqlər göstərirlər ki, atəşkəs bərpa olunsun.

O, qeyd edib ki, İranda azərbaycanlılar Dağlıq Qarabağda gedən döyüşləri diqqətlə və nigaranlıqla izləyirlər. Onlar Azərbaycanın yeni qələbələr qazanmasını, ərazilərin azad olunmasını istəyirlər.

“Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Salmas, Xoy, hətta Tehranda azərbaycanlılar yürüşlər keçirərək bəyan etdi ki, Dağlıq Qarabağın azad olunmasını tələb edir və Ermənistana hər hansı dəstəyin göstərilməsinə qarşıdırlar. Yalnız ərazilər işğaldan azad olunduqdan sonra sülh barəsində Ermənistan və Azərbaycan arasında müzakirələr aparıla bilər”.

Hazırladı: RƏŞAD