“İran Qafqazda Rusiyanın tərəfdaşı kimi çıxış edəcək…”

40

Xaqani Cəfərli: “…Türkiyə isə bu ikili ilə opponent qismində özünün maraqlarını təmin etməyə çalışacaq”

“Fikrimcə, Türkiyə ilə Fransa arasında hansısa bir anlaşma var və həmin anlaşmaya uyğun olaraq, rəsmi Paris Cənubi Qafqazdakı aktiv rolundan bir qədər geri çəkiləcək”

“Rusiyanın tədricən Qafqazdan və digər bölgələrdən çəkilməsi müşahidə olunmaqdadır, lakin Kreml bunu özünün müəyyən maraqlarını qorumaqla həyata keçirməyə üstünlük verir”

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı haqda danışarkən bildirib ki, Rusiya və Türkiyə Suriya münaqişəsində olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də ortaq hərəkət etməlidir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, sabiq nazir rəsmi Moskvanın bundan sonra münaqişənin nizamlanmasında daha fərqli formatlara üstünlük verəcəyini deyib: “Rusiya faktiki olaraq Türkiyənin münaqişədəki yerini və rolunu anlayır. Bu mənada bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti elə də məqbul sayılmayacaq. Amma istisna etmirəm ki, indi Rusiya hansısa seçim qarşısındadır. Çünki bəllidir ki, Rusiya və Türkiyə digər regionlarda olduğu kimi, özünəməxsus bir format təşkil edə bilərlər”.

Tofiq Zülfüqarov onu da əlavə edib ki, hazırda Ermənistan tərəfi və digər qüvvələr istəyirlər ki, tez bir zamanda atəşkəs rejimi bərpa olunsun: “Atəşkəs isə yalnız Türkiyə və Rusiyanın danışıqlarda iştirakı ilə mümkün ola bilər. Təbii ki, ermənilər buna qarşı çıxacaq. Amma Rusiya üçün Türkiyə daha yaxşı partnyordur, nəinki hansısa Qərb ölkəsi. Bu baxımdan onların ayrıca format seçməsi iki tərəfin marağındadır”.

“Rusiya və Türkiyənin Suriya münaqişəsində əsasən ortaq hərəkət etməsi, yəni belə bir konfiqurasiyanın təxminən, oxşar formatı başqa yerlərdə, o cümlədən Qafqazda da özünü göstərə bilər”

Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən politoloq Xaqani Cəfərli isə bildirdi ki, ATƏT-in Minsk Qrupunun yaranmasından təxminən, 30 ilə yaxın bir dövr keçir və bu müddət ərzində dünyada ciddi dəyişikliklər, geosiyasi hadisələr baş verib: “Yəni dünyanın geosiyasi mənzərəsi kifayət qədər dəyişib. Əgər 1990-cı illərin sonunda sovet ittifaqının dağılmasına baxmayaraq, hələ də Şərq-Qərb qarşıdurması vardısa, zamanla bu mənzərə ortadan qalxmağa başladı. İndi artıq ideoloji əsaslara dayanan, müxtəlif blokların qarşıdurmasını özündə əks etdirən mənzərə mövcud deyil. Hazırda əsasən dünyada daha çox maraqların üzərində qurulan mənzərə yaranmaqdadır. Bu, bir çox məsələlərdə özünü göstərir. Məsələn, dünyanın bir bölgəsində eyni mövqedən çıxış edən ölkələr başqa bir bölgədə maraqları toqquşduğu zaman qarşı-qarşıya gəlirlər. Ona görə də Rusiya və Türkiyənin Suriya münaqişəsində əsasən ortaq hərəkət etməsi, yəni belə bir konfiqurasiyanın təxminən, oxşar formatı başqa yerlərdə, o cümlədən Qafqazda da özünü göstərə bilər”. Hazırda əsasən iki istiqamətdə işlərin getdiyini vurğulayan politoloq qeyd etdi ki, onlardan biri Avropa-Rusiya münasibətləri, digəri isə Rusiya-Qərb-Çin münasibətləridir: “Hər iki cəbhədə maraqların toqquşması müşahidə olunur. Bunlar istər-istəməz bizim bölgədə də öz təsirini göstərir. Qeyd edim ki, Rusiya və Türkiyə kimi ölkələr belə toqquşmalar zamanı daha çox özlərinin mənfəətlərini qorumağa çalışırlar. Yəni daha əvvəlki kimi hər hansısa bir paradiqmalardan çıxış etmirlər. Bildiyiniz kimi, Rusiyanın Balkanlarda təxminən, 300 il üstün mövqeyi olub. Amma indi Rusiyanın belə bir üstün mövqeyi yoxdur və bu səbəbdən də tədricən həmin bölgədən çəkilir. Eynilə, Rusiyanın tədricən Qafqazdan və digər bölgələrdən də çəkilməsi müşahidə olunmaqdadır. Lakin Kreml bunu özünün müəyyən maraqlarını qorumaqla həyata keçirməyə üstünlük verir. Bu gün Rusiya keçmiş sovet ittifaqı deyil ki, özünün bütün maraqlarını təmin etmək gücündə olsun. Ona görə də region dövlətləri, xüsusiylə kifayət qədər güclənmiş Türkiyə ilə əməkdaşlıq etmək, ortaq maraqlar tapmaq üzərində daha çox iş aparılır. Bu səbəbdən də hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun formatının dəyişməsi, tamamilə yenilənməsi, eyni zamanda Qafqazda Türkiyə, Rusiya və İran arasında müəyyən ortaq maraqlar üzərində əməkdaşlıq mümkündür. Ancaq burada bir məqamı da nəzərə almalıyıq ki, İran əsasən Rusiyanın tərəfdaşı kimi çıxış edəcək. Türkiyə isə bu ikili ilə opponent qismində özünün maraqlarını təmin etməyə çalışacaq”.

“Bu gün Cənubi Qafqaz da daxil olmaqla, dünyanın bir çox bölgəsində yeni siyasi konfiqurasiya yaranır və burda Azərbaycanın təsirli dövlət kimi əhəmiyyəti, rolu önə çıxmağa başlayır”

Politoloqun sözlərinə görə, bu gün Cənubi Qafqaz da daxil olmaqla, dünyanın bir çox bölgəsində yeni siyasi konfiqurasiya yaranır: “Və burda Azərbaycanın təsirli dövlət kimi əhəmiyyəti, rolu önə çıxmağa başlayır. Bildiyiniz kimi, Azərbaycan bütövlükdə Cənubi Qafqazın əhalisinin 60 faizindən çoxunu təşkil edir. Bundan başqa, Azərbaycan regionda ən böyük enerji və insan resurslarına, o cümlədən ən böyük əraziyə malikdir. Ona görə də istənilən dövlətin praqmatik maraqları Azərbaycanla müttəfiqliyi, ya da xoş münasibətləri zəruri edir. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan uzun illər onun inkişafına mane olan Qarabağ problemini həll etdikdən sonra Cənubi Qafqazda daha aktiv rol oynamağa başlayacaq. Odur ki, həm Türkiyə, həm Rusiya, həm də digər dünya dövlətlərinin bu regiona yönəlik siyasətlərində Azərbaycan faktoru daha da önə çıxmağa başlayacaq”.

Xaqani Cəfərli onu da əlavə etdi ki, Fransa Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı ilk günlərdə göstərdiyi münasibəti son günlər sərgiləmir: “Belə ki, artıq Fransa mövqeyindən bir qədər geri çəkilib. Belə ehtimallar var ki, Fransa ilə Türkiyə arasında Liviya məsələsində müəyyən anlaşma əldə olunub. Bunun müqabilində də Fransa Cənubi Qafqazda Türkiyənin maraqlarını tanıyır və bu səbəbdən də son günlər rəsmi Parisin mövqeyində bir qədər dəyişikliklər var. Yəni Fransanın ənənəvi anti-Azərbaycan mövqeyindən bir qədər geri çəkilmə tendensiyası hiss olunur. Bunu xüsusilə Fransanın xarici işlər nazirinin açıqlamasında hiss etmək olar. Belə ki, bu ölkənin xarici işlər naziri parlamentdə çıxış edərkən, kifayət qədər ermənipərəst mövqeyin qarşısında dayandı. Yəni Azərbaycana edə biləcəkləri qədər təzyiq etdiklərini, bundan artıq edə bilməyəcəklərini parlamentə çatdırmaqla, Fransanın əvvəlki mövqeyinin bir qədər yanlış olduğunu üstüörtülü də olsa, etiraf etdi. Fikrimcə, Türkiyə ilə Fransa arasında hansısa bir anlaşma var və həmin anlaşmaya uyğun olaraq, rəsmi Paris Cənubi Qafqazdakı aktiv rolundan bir qədər geri çəkiləcək. Ümumiyyətlə, Fransanın bu bölgəyə ciddi təsir etmək üçün resursları kifayət qədər deyil. Düzdür, Fransa BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi siyasi güclərdəndir, amma bunu sahədə tətbiq etmək üçün resursları kifayət qədər edyil. Əvvəla, bölgədən xeyli uzaqda yerləşir, eyni zamanda Cənubi Qafqazda hər hansısa hərbi infrastrukturu, hərbi bazası yoxdur. Ona görə də Fransadakı praqmatik siyasətə üstünlük verən siyasətçilər anlayırlar ki, belə kəskin qarşıdurma şəraitində burada heç nə əldə edə bilməyəcəklər. Həm də anlayırlar ki, bu bölgənin siyasəti əsasən 3 dövlətin – Rusiya, Türkiyə və İranın təsirləri altında formalaşır. Bu səbəbdən də Fransada anlayırlar ki, belə bir şəraitdə Cənubi Qafqazda kəskin müdaxilə hər hansı bir effektli nəticə verməyəcək. Çünki bu, Fransa siyasətinin məğlubiyyətinə gətirib çıxara bilər. Böyük dövlətlər isə bu cür halları arzulamırlar. Odur ki, onlar ən uyğun zamanda geri çəkilməyə üstünlük verirlər. Düşünürəm ki, hazırda məhz həmin proses baş verir. Yəni Fransa bir qədər geri çəkilərək, Türkiyə və Rusiyanın bölgədəki üstünlüyünü tanıyır, onların sözlərinin keçəcəyini qəbul edir. Böyük ehtimalla, Livaya məsələsinin də bu proseslərə ciddi təsiri var”.

Vazeh BƏHRAMOĞLU