“İran özü Azərbaycanla problem axtarır” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

369

“Tehranın işğal olunmuş ərazilərimizdə separatçılarla əməkdaşlığına susmaq olmaz”

“İran İslam Respublikasının Ermənistanla siyasi, iqtisadi əməkdaşlığı bu ölkənin daxili işidir. Təbii ki, Azərbaycan buna etiraz etmir. Amma rəsmi Tehranın Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla qeyri-rəsmi əməkdaşlığı birbaşa Azərbaycana qarşıdır və buna susmaq olmaz”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Politoloq qeyd edib ki, İran Ermənistan ərazisindən öz yük və neft daşıyan TIR-larını Qarabağa göndərir, işğalçılara lojistik dəstək verir: “Bununla bağlı yayılan videoda aydın olur ki, İran dövlət nişlanlı TIR-lar Qarabağdadır, bura benzin və digər neft məhsulları daşıyır. Demək, İran hakimiyyəti bu yolla öz destruktiv siyasətini davam etdirir. İranın Yəməndə Husiləri, İraqda Həşdi Şabiləri, Livanda Hizbullahı necə lojistik dəstək verirsə, Qarabağdakı separatçılara, işğalçı orduya bu elə dəstək kimidir. İran İslam Respublikasının bu hərəkəti Azərbaycanla qonşuluq əlaqələrinə kölgə salır və rəsmi Tehranın Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunmasında maraqlı olmadığını ortaya qoyur”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Azərbaycan XİN İrandan bununla bağlı izahat tələb etməli, İranın ölkəmizdəki səfiri nazirliyə dəvət edilib məsələyə aydınlıq gətirməlidir: “Azərbaycan bunu ciddi araşdırmalı və İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə son vermək üçün Tehranla ciddi müzakirələr aparılmaldır. İranın Qarabağda qida və tikinti şirkətləri fəaliyyət göstərir. Şuşada məscidin restavrasiyasını İran şirkəti həyata keçirdi. Ermənistan istənilən zaman İran əleyhinə fəaliyyətə keçə bilər. ABŞ-ın İrana qarşı sanksiyalarına Nikol Paşinyan İranla sərhədi bağlamaqla mesaj vermişdi. Budur, Ermənistanın İrana münasibəti. Göründüyü kimi, İran özü Azərbaycanla problemlər axtarır və hələ utanmadan deyir ki, Tehran Qarabağ münaqişəsinin həllində aktiv ola bilər. Sualım ölkəmizdəki İran səfirliyinədir. İran Qarabağdakı separatçılara yanacaq göndərməklə münaqişənin həllində belə dəstək olmaq istəyir? İranın bu siyasəti, İslam həmrəyliyinə uyğundurmu?”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org