İrəvanın ifşa olunması! Və yaxud Paşinyan və həyat yoldaşının dünya arenasında göstərdiyi səriştəsizlik

102

 

İşğalçı ölkəni silahlandıran həmsədr ölkədən hansı ədalətli mövqe gözləmək olar?…

Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonuna ağır silahlarla hücumu qəflətən dünya gündəmini dəyişdirdi və regional müharibə ssenarilərinin bir daha gündəmə gətirilməsinə səbəb oldu. Xüsusilə, 12 iyul günorta saatlarında başlayan və 15 iyuldan etibarən zəiflədiyi qarşılıqlı hücumlarda hər iki tərəfin ciddi itki verdiyi açıqlandı. Azərbaycan ilk dəfə isti bir qarşıdurmada bir generalını itirdi.

Azərbaycan tərəfində hücumların həyata keçirildiyi erməni dayaq məntəqələri Azərbaycanın əks atəşi ilə məhv edildi. Daha sonra isə Prezident İlham Əliyev əvvəlcə Milli Təhlükəsizlik Şurasını, sonra Nazirlər Şurasını xüsusi gündəliyi ilə topladı və Ermənistanın hücumları ilə bağlı vacib mesajlar verdi.

Aprel döyüşlərindən sonra Ermənistan bu dəfə beynəlxalq qanunları və konvensiyaları kobudcasına pozaraq Azərbaycan sərhədini keçməyə cəhd göstərdi. Bu azmış kimi, havadarlarına arxalanan Ermənistan mülki əhalini və yaşayış məntəqələrini atəşə tutdu.

Aprel döyüşlərini və Tovuz hadisələrini xatırlayanda Ermənistanın dinc əhalini atəşə tutmaq təcrübəsinin olduğunu deyə bilərik. Əsrin ən böyük faciəsi olan Xocalı faciəsi isə işğalçı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi daha dəhşətli vəhşiliyidir. Təəssüf ki, 30 ilə yaxındır dünya bunu görməzdən gəlir.

Aprel döyüşlərindən sonra Tovuz hadisələri xalqın gözündə Qarabağın azad olunmasında bir daha inam qığılcımları yaratdı. Ermənistan hakimiyyəti yaxşı bilir ki, Azərbaycan ordusu istənilən hücumun qarşısını ala bilər.

Düşünürük ki, Tovuz hadisələrinin törədilməsində əsas məqsəd Ermənistan üçün 2016-cı il aprel döyüşlərinin nəticələrini və psixoloji təzyiqin aradan qaldırılması imkanı, hökumətin diqqəti sosial və iqtisadi problemlərdən, daxili hərbi mübarizədən yayındırmaq və Azərbaycanı genişmiqyaslı müharibəyə  təhrik etməkdir. Təbbi ki, Ermənistan Azərbaycanı genişmiqyaslı müharibəyə təhrik etməklə, Rusiyanın dəstəyini alacağını düşünürdü.

Sözsüz ki, Qarabağ problemi Rusiyanın Qafqazda yerini və gücünü qorumaq üçün vacib bir vasitədir. Bu səbəbdən, Rusiya problemin nə həllini istəyir, nə də problemin həllinə “vasitəçilikdən” əl çəkir. Belə olan halda isə, Azərbaycan Rusiyanın iştirak edəcəyi müharibəni də istəmir.

Digər tərəfdən, Rusiya Ermənistanı hələ də silahlandırmaqda davam edir. Tovuz döyüşlərinin qızğın getdiyi vaxt, Rusiya Qazaxıstan, Türkmənistan və İranın hava məkanlarından keçməklə İrəvana müasir silahlarla dolu doqquz hərbi təyyarə göndərib. Prezident İlham Əliyevin Rusiya prezidentinə zəng edərək, Rusiyadan Ermənistana 400 ton silah daşıması məsələsini aydınlaşdırması da, bir daha göstərdi ki, Rusiya Azərbaycanın maraqlarını qorumur və regionda vəziyyəti qızışdıraraq öz gücünü göstərir.

Əslində, Rusiyanın Ermənistana silah verməsi yeni mövzu deyil. Virusla mübarizə aparmaqda aciz qalan bir ölkənin 400 ton silah almağa gücünün çatacağına kim inana bilər? Rusiya silahları Ermənistana pulsuz verərək, işğalçı ölkəni işğalı daha da davam etdirməyə və regionda vəziyyəti gərginləşdirməyə yönəlmiş məsələdir.

Rusiyanı başa düşdük. Bəs niyə Gürcüstan, Serbiya və Livan niyə Ermənistana silah aparılmasında dəstək oldu? Bu dövlətlərin Azərbaycan tərəfdən həmişə dəstəyinin olduğunu özləri daha yaxşı bilir. Çox uzağa getməyək. Livanda baş verən partlayışda Azərbaycanın yardımı göndərməsini, bir neçə ay öncə rəsmi Bakının Belqrada koronavirusla mübarizə üçün göndərdiyi yardımı qeyd etmək yerinə düşər. Digər tərəfdən, Azərbaycan dəfələrlə Kosovanın müstəqilliyini tanımadığını və Serbiyanın ərazi bütövlüynə dəstəyini hər zaman bəyan edib. Doğrudur ki, Ermənistanın əsas silah təminatçısı Rusiyadır. Amma sözügedən dövlətlərin son olan hadisələrdə Ermənistana dəstək göstərməsi Azərbaycan xalqında təəssüf doğurdu.

Avqustun 14-də BBC-də məşhur “HARDtalk” verlişində aparıcı Ermənistanın baş naziri Nikol Paşinyanı çətin suallar qarşısında qoydu və onu tarixi faktlar qarşısında bir daha düşünməyə məcbur etdi. Suallar qarşısında aciz qalan Paşinyan sanki, ilk dəfəydi mikrafon qarşısında çıxırdı. Xatırladaq ki, Paşinyan jurnalist kimi təcrübəsinin olduğunu da bildirib. İngilis dilində danışmağı bacarmayan, siyasi analitik qabiliyyəti olmayan və hətta erməni dilində danışanda da qrammatik dil normalarını gözləməyən “dövlət lideri” yalnız erməni millətinə yaraşa bilərdi. Əslində, Paşinyanın timsalında ümumilikdə  Ermənistanın aciz qaldığını demək olar. Artıq erməni baş nazir Paşinyanın beynəlxalq arenda səriştəsizliyinə dünya şahiddir. Eyni zamanda həyat yoldaşı Anna Akopyan da, yoldaşı kimi özünü gülünc vəziyyətə qoymağa davam edir. Belə ki, Paşinyanın özü kimi səriştəsiz olan həyatı yoldaşı işğal altında olan Davidəng abidəsindən paylaşım edərkən, abidənin Ermənistana aid olduğunu qeyd edib. Digər tərəfdən isə, “google map” həmin abidənin Azərbaycanın ərazisinə məxsus olduğu kimi işarələyib. Beləliklə, Dağlıq Qarabağın əsl sahibinin Azərbaycan olduğunu təsdiqləmiş olurlar. Bundan xəbərsiz olan Anna Akopyan paylaşımı ancaq silməkdə görür. Lakin artıq həm Paşinyan həm də həyat yoldaşı Anna Akopyan istəməsələr belə Dağlıq Qarabağın Azərbaycana aid olduğunu ifadə ediblər.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi bölgəyə maraq göstərən və bölgə ölkələrinə təsir edən güclər üçün fürsət olsa da, hazırda isə risk mənbəyinə çevrilməkdədir. Buna görə də Cənubi Qafqazdakı problemlərindən faydalanmağa çalışan qüvvələr üçün Qarabağ məsələsi baxımından “nə müharibə, nə də sülh” vəziyyəti əvvəlki kimi sağlam deyil.
Qarabağ probleminin həllinin daha da uzanmasında əsas məsuliyyət ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərinə düşür.Həmsədr qrup hələ də susmağı üstün tutur və gözləmə mövqeyindədir. Ən maraqlısı isə həmsədr ölkə olan Rusiya niyə Ermənistanı silahlandırır? İşğalçı ölkəni silahlandıran həmsədr ölkədən hansı ədalətli mövqe gözləmək olar?…

YƏHYA