İrəvandan psixoloji hücum siyasəti

306

Və yaxud “İrandilli” strateji hədəflərin uzantıları

1861-ci ildə Çarlıq Rusiyası kapitalizmin inkişafı ilə bağlı Azərbaycanın ərazisində yeni bir siyasi prosesləri başlatdı. Bu, qeyri türk əhalisini təmsil edənlərdən ibarət “kapitalist zümrəsi”nin formalaşdırılmasından ibarət idi. “Müsəlman əhalisi” adı ilə başladılan bu strateji hədəfin amacı, Güney Qafqazda Çarlıq Rusiyasının işğalına qədər dominantlıq etmiş türk dövlətçilik düşüncəsi, mədəni-etnoloji sistemin üstün düzəndə yenidən dirçəlməsinin qarşısını almaq idi. Ermənistanın xüsusi xidmət orqanları həmin düsturu yenidən tətbiq etmək üçün Azərbaycan Respublikasının ərazisində bir sıra etnik bölücülük baxışlarının formalaşdırılmasına çalışır. Həmin hədəflər çərçivəsində artıq bəzi şəbəkələr də qurulubdur: “Talışstan”, “Ləzgistan”, “Avarstan” və “Şirvan Pars Respublikası” ideyaları məhz bu faktorlara söykənir.

“Şirvan Parsi Respublikası”nın elan olunması…

18 mart 2014-cü ildə Emin Şirvani ayaması ilə bilinən və Azərbaycana qarşı etnik separatizm siyasətinin körüklənməsində müstəsna rol oynamaq təşəbbülərini irəli sürən birisi İrəvanda Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Vardan Voskanyanla birlikdə mətbuat konfransı keçirərək “Şirvan Parsi Respublikası”nı elan ediblər. Həmin tədbirdə qeyd olnubdur ki: “Artıq Şirvan Tat Respublikasının Azadlığı Cəbhəsi adlı qurum yaradılıb. Qapalı fəaliyyətdən açıq işə keçmək qərarını veriblər. Qafqaz persləri (tat) Qarabağda Azərbaycan dövləti üçün canlarını verməyəcəklər. Azərbaycanda bu məsələnin hüquqi tərəflərini həll etmək üçün bir çox aksiyaları həyata keçirməyə hazırdırlar”.
Elmi baxımdan ermənilərin dil, kültür və genezislərinin “ari” konsepsiyasına uyğun olduğu üçün, onların dili həm də qədim pəhləvi (indiki fars) kültürünün bir qolu olması  həqiqətdir. Ona görə də Ermənistan və Tehran rejimi bir-birini asanlıqla tamamlaya bilirlər. Dini fərqliliklər olsa da, genetik və mifologemlər baxımından ortaq məxrəcdə birləşə bilirlər. 2000-ci ilin əvvəllərində Tehran molla rejiminin təşəbbüsü ilə “farsdilli dövlətlər” modeli irəli sürüldü. Bu projeyə İran, Əfqanıstan, Tacikstan, Hindistan, Benqaliya, Nepal və Ermənistan daxil edildilər. Hətta Tehranda bu yöndə bir neçə də elmi konfranslar keçirildi. Adı çəkilən ölkələrdəki dini, təriqət və məzhəblərin ayrıntılı olmasına baxmayaraq, genetika gündəmə gətirildi. Qafqaz bağlı İran Ermənistanla eyni mövqedən çıxış etmək üçün qərar verdi. Güney və Quzey Osetiya, Azərbaycan Respublikası və Ermənistanda “farsdilli xalqlar” projesi ilə bağlı ortaq çalışmaların projeləri belə hazırlandı. Azərbaycan məsələsində tat, dağlı, pers və lahıc kimi milli azlıqlar mövzusunda yerli alimlərin cəlb edilməsi, etnoloji və sosioloji araşdırmaların aparılması üçün xüsusi fond yaradıldı. Bu məsələdə Bakıda İran səfirliyinə məxsus “İran Mədəniyyət Mərkəzi” tərəfindən araşdırıcıların tapılması və maliyyə dəstəyinin verilməsi probemləri çözüldü. Beləliklə “farsdilli xalqlar” projesi adı altında İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı, Şabran, Abşeron rayonları və paytaxt Bakının kəndləri mövzusunda araşdırmalar incələndi. Hətta “Bakıda nəşr olunub” qrifi ilə kitablar çap edildi. Çünki, Bakının etirafı adı altında hücum planı daha çox Ermənistanın məkrli planlarına yarayacaqdı. Tehran rejiminin dərin hədəfləri üçün ermənilərdən fərqli projelər üzərində çalışıldı. Etnofolk sistemin ictimai xarakter daşıması, onun kültürünü sosiumlaşdırmaq başlıca meyar idi. Daha sonra süni şəkildə “şirvançılıq” adı ilə maraqlarını sərgiləməyi hədəf seçmişdi. Bunun prinsiplərindən biri də İran molla rejimini daim rahatsız edən Şirvan bölgəsi əhalisinin çoxunun fərqli təriqət və məzhəb görüşünə sahib olmasında idi.

 

Strasburq konfransı eyforiyası

Tehrandakı universitetləri professorlarının uzun müddətdir hazırladıqları “Xəzər ətrafı bölgələrdə irandilli xalqlar” projesinin tərkib hissəsi olaraq, “Şirvan Tat Hərəkatı”nın demək olar ki, bütün yönləri hazırlanıbdır. Dini, etnokulturoloji, coğrafi sınırlar adı ilə proses yaratmaq üçün konseptual hədəflərin demək olar ki, zamanla ictimailəşməsi üçün bir sıra layihələr həyata keçirilib. Xüsusilə Bakıdakı televiziya və radio kanalları vasitəsilə prosesə təkan verilib. İlk dəfə keçmiş “ANS TV” kanalı vasitəsilə “meyxana yarışları”nın keçirilməsi və bunun ardınca farsların “S” ritminə söykəmli 4/1 tonallıq ladı ilə şüuraltı təsir mexanizmləri hərəkətə gətirildi. İndiyə kimi bu prosesin davam etməsi həm də Azərbaycsna yönəlik Tehran və İrəvan rejimlərinin irəli sürdükləri “ideolioji mikrob” rolunu oynaması deməkdir. Tehran və İrəvan “iranşünaslar”ının qeyd etdiyi kimi: “Azərbaycan Respublikasında mümkün qədər Türk etnokültür düzəni ilə bağlı bütün dəyərlər bayağılaşdırılmalı və bunun qarşılığında parn-urdu (fars-erməni) düzəninin hədəflərinə hesablanmış anlayış ictimai xarakter daşımalıdır” deyə bir konsept mövcuddur.

Hakimiyyətdə uzurpartsiya stratejisi

İrəvan və Tehran rejimlərinin hazırladıqları konsepsiyalardan biri də, Azərbaycanda mövcud hakimiyyətdə, iqtisadi, kültür və sosial anlayışda “parn-urdu” fəlsəfəsinin yükünü daşıyanların sosiallaşdırılmasıdır. Onların vasitəsilə ölkənin idarə olunması hədəfləridir. Bu yöndə Fransanın Starsburq şəhərində “Azərbaycanda irandilli xalqlar” mövzusunda konfrans keçirildi. Zamanı çoxdan tarixin zibilliyində gömülmüş və bu gün heç bir məna kəsb etməyən “Hind-Avropa” arizm xəstəliyinin bir parçası olan konsepsiyaya uyğun toplantıda Avropanın bəzi dövlətlərinin deputatları iştirak etdilər. Həmin deputatların konfransa qatılmasında təkcə erməni lobbisi deyil, həm də Ermənistanın xüsusi xidmət orqanları da fəallıq göstəriblər. Əsas hədəf mövzunu, yəni “Azərbaycanda milli azlıqlar” məsələsini Avropa Parlamentinə daşımaq idi. Beləliklə “Azərbaycanda milli inzibati muxtariyyatlar” (Artsax, Ləzgistan, Talışstan, Avarstan və Şirvan Tat) mövzusunu süni şəkildə qabartmaqla hədəflərə hüquqi don geyindirilməsinə çalışıldı. Konfransa qatılan və separatizmə dəstək verən bir qrup şəxs hətta “nəlbəkidə fırtına” yaratmağa çalışdılar.
19 fevral tarixində Belçikanın başkəndi Brüsselldə BMT-də təmsil olunmayan milli azlıqların assosiasiyası tərəfindən keçirilən “Demokratikləşmə yolunda milli azlıqların yeri və rolu” konfransında “Rusiya Federal Ləzgi Milli Mədəni Muxtariyyatı Mərkəzi” təşkilatının sədri Arif Kərimov Ermənistan və İran tərəfindən öncədən hazırlanmış “təkliflər paketi”ni gündəmə gətirdi. Bunun üçün A. Kərimova külli miqdarda vəsait də verilmişdi. Azərbaycanda milli azlıqların hüquqlarının pozulması mövzusunu, eləcə də “böünmüş xalqlar” layihəsini xüsusilə qabartmaqla Azərbaycanın federallaşması ideyasını irəli sürdü. Milli azlıqlara görə dünyanın hansısa dövlətində federallaşma qanunu olmadığı üçün, bu təkliflər havada qaldı. Ancaq, milli azlıqların yaşadıqları regionda hakimiyyətdə yetərincə təmsil olunmaları təklifinə isə, dəstək verildi. Bu əslində ermənilərin yaxın və uzaq hədəflərində yer alan strateji hədəflərə uyğun idi.

Çarlıq Rusiyasının statistikasının hədəflərinə qayıdış

Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı hazırladığı yeni dosyelərdə yer alan “Şirvan Tat Respublikası” ideyasına bağlı faktoloji baxışla yanaşıldıqda onu görürük ki, Çarlıq Rusiyasının XIX yüzildə hazırladığı antitürk dosyelərə istinad edilir. Qeyd olunur ki, Xaçmaz rayonundan başlayaraq, Oğuz rayonuna qədər Azərbaycanda 200 mindən çox tat, 125 mindən çox pers kökənli toplumlar yaşayırlar. Onlar eyni toplum olduqları üçün bir araya gələrək özlərinin milli muxtariyyat səviyyəsində inzibati idarəetmə hüquqlarına sahib olmalıdırlar. İsmayıllı, Şamaxı, Şabran, Oğuz, Siyəzən, Quba, Xızı rayonları və paytaxt Bakının Nardaran, Suraxanı, Türkan, Balaxanı, Buzovna və digər kəndlər bu coğrafiyanın içində yer almalıdır. Onlar Sumqayıt şəhərini həmin projeyə daxil ediblər. Anjela Əlibəyova, Sergey Şəkəryan, Vardan Voskanyan, Sergey Dövlətov, Fəxrəddin Abbasov (Əboszadə), Milana Qorenşteyn, Mendel Korsunski, Zahirəddin İbrahimi (ov) və digərləri uzun müddət fəal şəkildə həmin ideyanı təbliğ ediblər. Adlarını “Qafqaz üzrə politoloq” qoymuş və etnik separatizm virusu ilə zəhərlənmiş bu “alim”lər neçə illərdir Azərbaycan dövlətçiliyinə qarşı neçə illədir stabilliyə qarşı olduqlarını gizlətməyblər.
Onlar Azərbaycanın dövlət olaraq milli dəyərlərinin kulturoloji baxımdan tamamilə dəyişdirilməsinin konsepsiyalarını müəyyən qədər tətbiq etməyə nail ola biliblər. Bu yöndə vaxtilə Üzeyir Bəy Hacıbəylinin modern konseptual şəkildə hazırlamış olduğu və yüz ilə yaxındır Azərbaycan cəmiyyətinin etnokulturoloji baxımdan ortaq dəyələri kimi qəbul edilən mədəni sistemin cılızlaşması, dəyərsizləşməsi və bayağılaşaması üçün müəyyən addımlara nail ola biliblər.

 

İrəvandakı KİV-lər separatizmin tribunasına çevriliblər

 

Faktiki olaraq, Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunan eph.am, hayzinvor.am, yerkramas.org, defacto.am, panorama.am, lratvakan.com, spyur.am,  voskanapat.info, golosarmenii.am, olpandukht.livejournal.com, kadamov.com və başqa internet resursları bu yöndə dayanmadan genişmiqyaslı təbliğatlar aparırlar.
Özəlliklə “Şirvan Tat Respublikası” adına aparılan təbliğatlar daha amansızdır. Hətta “Şirvan Azadlıq Cəbhəsi” adı altında sadəcə ideoloji deyil, həm də digər təbliğatların aparılması olduqca müdhişdir. Çünki, pers-tat xalqlarının mədəni hüquqları ilə yanaşı iqtisadi, ərazi inzibati idarəetmə, siyasi və digər haqların qabardılması istənilir. Şirvan regionunda bütün üstünlüklərin adı çəkilən azlıqlara verilməsi şərt olaraq irəli sürülür. “Ermənistan Dövlət Xor Kapellası” bu qondarma hərəkatın himinini də ifa edir. Hətta onlar üçün dövlət bayrağı və herbi də təsis olunubdur. Etnonim kimi dəyərləndirilən bu faktın real siyasi müstəviyə daşınması istənilir.
Qeyd edək ki, II Qarabağ Savaşı öncəsi və savaş sürəcində Azərbaycandakı milli azlıqları körükləyərək vətəndaş cəmiyyətində kəskin qarşıdurmalar yaradılması üçün xüsusi sistem qurulmuşdu. Azərbaycan Milli Ordusunun uğurları və cəmiyyətin milli barış adına vahid orqanizm kimi hərəkət etməsi 27 ildir İrəvanda hazırlanan mənfur proqramların ideoloji dəyərlərini puça çevirdi. Ancaq, onu da yaddan çıxarmayaq ki, 1905, 1917-1920, 1928-1938, 1948-1965, 1988-1993-cü illərdə ermənilərin bizlərə qaşrı apardığı əməllərin sonucunda onlarla barış içində yaşamağı tərcih etmişik. İndi yenidən Azərbaycana dönüş projesi adı altında beyinlərin yuyulması strateji hədəfə çevrilibdir. Milli azlıqlar konsepti isə, ermənilərə sadəcə sosial baza və dayaq olaraq gərəkdir. Ona görə də dövlətin bütün təməl prinsipləri bu gün milli iradə ilə bir bütün olmalıdır. Azsaylı xalqlarla bağlı Azərbaycanda heç zaman problemlər yaşanılmayıb.
Ermənistanın bir dövlət olaraq qalıb-qalmaması prosesi isə zamanın şərtlərindən biri olaraq görülür. Psixoloji baxımdan II Qarabağ Savaşının qalibi bizik. İdeoloji cəbhədə də bu uğuru davam etdirməyə bir dövlət olaraq məhkumuq.

Ənvər BÖRÜSOY