“İrəvanda müstəqil dövlət qurmağı düşünürük”

150
Mount Ararat and the Yerevan skyline in spring as viewed from the Cascade (Cafesjian Center for the Arts)

Əli Mustafa: “Nədən 5 milyondan artıq irəvanlı öz torpaqlarında dövlət qurmaq iddiası irəli sürməsin?”

“Azərbaycan-Türkiyə konfederasiyasının  reallaşması ilk öncə Azərbaycanın milli təhlükəsizliyi üçün lazımdır”

“İstənilən azərbaycanlı İrəvan Türk Cümhuriyyətinin vətəndaşı olmaq üçün müraciət edə bilər”

Müsahibimiz İrəvan Türk Cümhuriyyətinin (İTC) Hüquq siyasəti və dövlət quruculuğu departamentinin rəhbəri Əli Mustafadır. Onunla söhbətimizdə İTC-nin fəaliyyəti ilə bağlı geniş müzakirə apardıq.

(Əvvəli ötən sayımızda)

-Yəni biz onların üzərinə getmədən, onlar bizim içimizdə dağıdıcılıq işlərini görürlər…

-Tamamilə doğrudur. Elə həmin sənədlərin yandırılmasına mən o kontekstdən, erməni dərin dövlətinin burada apardığı işlər kimi baxıram. Ancaq qeyd etdiyim məsələ də var ki, insanlar burada doğulub, yaşayıb, ora bu insanların vətənidir. İnsanların orada evi-eşiyi, atalarımızın-babalarımızın qəbirləri qalır. Ona görə də dünyaya nəyisə sübut etmək deyil, haqqı almaq lazımdır. Gedib o yurdlarına sahib çıxmaq bu insanların ən doğal haqqıdır.

– Əli bəy, İrəvandan deportasiya olunan və genosidə uğradılan xalqın hüquqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün hansı addımlar atmağı düşünürsünüz?

– Biz bu istiqamətdə məsləhətləşirik. Doğrudan da, bu, çox ciddi məsələdir. Təsəvvür edin ki, İrəvandan qovulan insanların sonuncu deportasiyasından 30 ildən artıq vaxt keçib. Bilirsiniz, 1949-50-ci illərdəki mərhələ dövlət siyasəti formasında keçirilib. Bundan əvvəl də – 1905-1918-ci illərdə də o insanlarımızın sürgünləri həyata keçirilib. Yəni zaman-zaman İrəvan xanlığı ərazisində yaşayan türklər oradan köçürülüb. Getmək istəməyənləri də öldürüblər. Məqsəd o idi ki, türkləri qovub, bu əraziyə İrandan, Türkiyədən, Suriyadan erməniləri köçürsünlər. Dünyanın hər yerinə səpələnmiş insanlara dövlət düzəltsinlər. Bizi vətənizmizdən qovmaq hesabına ermənilər oraya yerləşdirildi. Bütün bu prosesin həyata keçirilməsində, çox təəssüf ki, zəruri olan, hətta az əhəmiyyətli addımlar da atılmayıb. Hətta son deportasiyada 200 min desələr də, oradan 500 min insan sürgünə uğrayıb. Bu yarım milyon insanın hamısına bu və digər dərəcədə zərər dəyib. Kimsə evini, kimsə canını, kimsə ailəsini itirib, yəni oradan itkisiz çıxan insan yoxdur. 500 min insan hamının gözünün qarşısında qovulur və bu günə qədər bir nəfər də Azərbaycanın və Ermənistanın üzvü olduğu Avropa Məhkəməsinə müraciət etməyib.

-Sizcə, niyə edilməyib?

-Məsələ də bundadır ki, bu qədər insan varını-dövlətini, həyatını itirib, amma heç kim ora müraciət etmir. Mən bildiyim qədər ermənilərin ora həddən çox müraciətləri olub, Azərbaycan dövlətindən şikayət ediblər. Haqsız ola-ola bu addımları atıblar. Amma biz haqlı ola-ola bu istiqamətdə heç bir iş görməmişik. Hazırda hüququ pozulan İrəvan kökənli vətəndaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə qorunması üçün məsələlər müzakirə edirik. Və yəqin ki, o istiqamətdə də artıq müəyyən strukturların yaranması, müəyyən mexanizmlərin qurulmasına çalışacağıq. Bu vətəndaşların fərdi müraciət və şikayətlərinin edilməsini təşkil edəcəyik.

– İTC indiki Ermənistan ərazisinə qayıdışı və siyasi təşkilatlanmanı hansı formada görür, indiki Ermənistanın tərkibində muxtariyyət ya müstəqil dövlət kimi?

-Bu məsələlər müzakirə olunur, müxtəlif versiyalar, planlar var. Biz hesab edirik ki, İrəvan xanlığının ərazisi bizim qanuni haqqımızdır. Biz qayıdıb orada öz dövlətimizi qurmalıyıq.

-Müstəqil dövlət?

-Söhbət ondan gedir ki, Ermənistan dövləti yaranarkən 1918-ci ildə 29 may tarixli Batum sazişi ilə o vaxt belə bir qərara gəlindi ki, ermənilərin özünə dövlət qurması üçün İrəvan xanlığının 9 min kv.km ərazisi onlara verilsin. Bu verilmənin özü də əslində Azərbaycan tərəfinin razılığı ilə olub. Çünki beynəlxalq təzyiqlə, xüsusilə Bakıda da təzyiqlə erməni dövləti qurulmuşdu, 26 Bakı komissarlığı əslində bolşevik dövləti deyildi, erməni millətçilərinin qurduğu dövlət idi. Azərbaycanı, Bakıdakı insanları məhv edirdilər. Elə bil dönəm idi ki, Bakı ermənilərin işğalı altında idi. İrəvan da bizim əlimizdə deyildi, orada çox sayda köçürülmüş ermənilər var idi. Bizə isə beynəlxalq dəstək lazım idi ki, heç olmasa Bakını azad edək. Bu halda bir şərt irəli sürülür ki, İrəvanı güzəşt et, erməni dövlətinin qurulmasına şərait yarat, biz də sizin Bakıya olan haqqınızı tanıyaq. Yəni belə mürəkkəb, ağır şərtlərdə o vaxt verilən qərar doğru idi, ancaq bir qərarın verilməsi üçün onun doğru-yanlış olduğunun sübutu lazım deyil. Babalarımız o zaman üçün qərar verib. Bu o demək deyil ki, biz fərqli addım ata bilmərik və ya o qərar bizim üzərimizə 1 milyon öhdəlik qoyub. İstənilən müqavilənin 100 illik ömrü var. Sovetlər buranı işğal edəndə o müqavilənin ömrü bitmişdi, faktiki mexanizmi yox idi.

– O müqavilə ADR ilə imzalandığına görəmi?

-Tamamilə doğrudur. Sovet Qafqazı işğal edəndən sonra müqavilə hüquqi qüvvəsini itirmiş sayılır. O müqavilə formal şeydir, sanki bu gün erməninin üzərinə getmək istəməyənlərə bəhanə lazımdı. Yəni iş görənə vasitə lazımdır, iş görməyənə bəhanə. Onun əslində bir önəmi yoxdur. Bu günki Ermənistanın əsas hissəsi o müqavilədən yaranmayıb. O razılaşmadan sonra rusların köməyi ilə Azərbaycan torpaqlarını işğal ediblər. Azərbaycan torpaqlarının hesabına böyüyüblər. Zəngəzur tutulub, Göyçə tutulub və s. Yəni 9 min kv.km-ə biz razılıq vermişdik, hərçənd müddəti keçib, imkanımız var ki, biz o müqaviləni dəyişək, yaxud da iradəmizi ortaya qoyaq. Onsuz ermənilərin o ərazilərdə yaşamaq fikri yoxdur, onlar İrəvana ofis kimi baxırlar. Sonrakı ərazilər qanunsuz işğal edilib və bizim haqqımızdır ki, həmin ərazilərin azad olunması üçün əlimizdən gələni edək.

-Deməli, o ərazidə müstəqil dövlət qurmağı düşünürsünüz.

-Tamamilə doğrudur. Düşünün ki, ermənilərin heç bir haqqı olmaya-olmaya hətta Qarabağ ərazisinə (hamı da bilir ki, onlar Qarabağa sonradan köçürülüb, onların tarixi ərazisi deyil) iddia irəli sürürlər, cəmi 100 minlik erməni üçün ayrıca iddia irəli sürürlər. Nədən 5 milyondan artıq irəvanlı öz torpaqlarında dövlət qurmaq iddiası irəli sürməsin? Hesab edirəm ki, bu iddiada İrəvan xanlığının varislərinin tam haqqı var ki, bu ərazidə öz dövlətlərini qurmaq iddiasını ortaya qoysunlar və bu da zamanla gerçəkləşəcək.

-Bəs, pasportlaşdırma necə olacaqmı?

-Siyahıyaalma prosesi çox önəmlidir. Siyahıyalama başa çatdıqdan sonra həmin məsələlər də öz əksini tapacaq. Bəzən bizim də müxalifətimiz olur, deyirlər 3 ay ərzində nə iş görüldü? 30 il ərzində görülməli olan və görülməyən işlər 3 ay ərzində niyə görülmür, – demək ciddi deyil. Əlbəttə, bu işlər görüləcək, buna zaman lazımdır. Hesab edirəm ki, bu işlərin görülməsində həm Azərbaycan dövlətinin, həm Türkiyə dövlətinin dəstəyi və iştirakı olmalıdır. Çünki ermənilər yalnız Qərbi Azərbaycandan olan insanlara, İrəvan xanlığının vətəndaşlarına deyil, həm Azərbaycan, həm Türkiyə dövlətlərinə böyük ərazi iddiası irəli sürürlər. Öz təcavüzkar, məkrli planlarını aparırlar.

– Bildiyimiz kimi, hər bir dövlətin bazasında xalq dayanır. Bəs bu dövlətin təməlində dayanan İrəvan kökənli əhalinin nəsillərindən başqa, digər istənilən Azərbaycan vətəndaşı İTC-nin vətəndaşlığını ala bilərmi?

-Əlbəttə, bəzən düşməndən də nə isə öyrənmək olar. Məsələn, Ermənistan bütün dünya ermənilərinə vətəndaşlıq verib. Baxmayaraq  ki, hansı dövlətin ərazisində yaşayır, hansı dövlətin vətəndaşıdır. Bu nümunədir əslində.

-Yəni ikili vətəndaşlıqdan söhbət gedir?

-Elə də saymaq olar. Əslində ikili vətəndaşlıq hüquqi dövlətdə normal bir  institutdur. Dövlətlərin əksəriyyətində ikili vətəndaşlıq var. Qanunlar insanların maraqlarına xidmət etməlidir, bəzən qanunda elə qadağalar nəzərdə tutulur ki, bu millətin zərərinədir. Bunu dəyişdirmək,  millətin xeyrinə etmək səyləri göstərilmir. Hesab edirəm ki, İTC-nin vətəndaşı olmaq üçün istənilən azərbaycanlı müraciət edə bilər. Amma İrəvan xanlığından qovulmuş insanlar və onların müxtəlif ölkələrdəki nəsilləri avtomatik bu dövlətin vətəndaşı olacaqlar. İTC Azərbaycan və Türkiyənin coğrafi baxımdan ortasında yerləşir. Onu da qeyd edim ki, İrəvan ərazisindən qovulan insanların böyük əksəriyyəti Azərbaycan və Türkiyə ərazisində məskunlaşıb. Əhəmiyyətli hissəsi Orta Asiya, Rusiyada, İranda məskunlaşıb.

-İranda yaşayanlar da İTC vətəndaşlığına müraciət edə bilər?

-Əlbəttə, dövlətin ixtiyarı var ki, qanunları istədiyi kimi və vətəndaşların mənafeyinə uyğun qəbul etsin. Zərərli məhdudiyyətlərə lüzum da qalmır. Təəssüf ki, sovet dövründən qalan ənənələrimiz davam edir. Əslində xalqın maariflənməsinə də, gerçəkləri bilməsinə də ehtiyac var. Sovet dövründə tikinti üçün rüşvət verməliydin. Vermirsənsə, icazə verilmirdi, buna görə məcbur idin qanunsuz tikəsən. Bu zaman da səni incidirdilər. Təsəvvür edin ki, daşı-daşın üstünə qoyan kimi “uçastkovı” gəlirdi, hamısının gözü-qulağı var idi. Təbii ki, bu qadağalar insanlara psixoloji olaraq müstəqil olmadığını, şəxsiyyət olmadığını, rəiyyət, asılı olduğunu diktə etmək üçün idi. Sanki bütün xalq asılı vəziyyətdə saxlanılırdı. Çox təəssüf ki, bu ənənə davam edir, insanların şəxsiyyət olmasına mane olunur. Buna görə mən hesab edirəm ki, hansısa məchul güclərin maraqlarına uyğun deyil, millətin istəkləri ilə qanunlar qəbul edilsin. Bu vətəndaşlıq məsələsinə də aiddir. Kim istəyirsə, ona vətəndaşlıq verilməlidir.

-Sizcə, Türkiyə ilə Azərbaycanın konfederasıyası post-sovet ölkələrinin demokratikləşməsində köməkçi faktor rolunu oynaya bilər? Belorusiyada baş verənlər açısından deyirəm.

-Çox maraqlı sualdır. Bu gün postsovet məkanında demokratikləşmə genişlənir və yayılır. Düzdür, Rusiya cidd-cəhdlə onun qarşısını alır. Rusiyanın da daxil olduğu SSRİ şər imperiyası adlanırdı. İndi Rusiya bu missiyanı davam etdirir və ədalətli cəmiyyətlərin, demokratik dövlətlərin qurulmasına əngəl törədir. Onun ətrafında olan keçmiş sovetdən çıxmış xalqlar hələ də əziyyət çəkir. Antidemokratik  rejim qurulub, o cümlədən Belarusun özündə. Mən bildiyimə görə orada korrupsiya yoxdur. Bir ölkədə o zaman korrupsiya olur ki, dövlətin başçısı korrupsioner olur. Saakaşvilidən soruşdular ki, nədən Gürcüstanda korrupsiya yoxdur, dedi mən almıram ona görə. Lukaşenko dövlət əmlakını oğrulamayıb, qoruyub saxlayıb. Sovetdən çıxmış respublikaların əksəriyyətində dövlət mülkiyyətindən heç nə qalmayıb və həmin mülkiyyət kollektivləşmə dövründə insanlardan zorla alınmışdı. İnsanların əmlakının böyük bir hissəsinin əmlakı alınıb kolxozlar, sovxozlar qurulmuşdu. Amma Sovetlər dağılanda həmin əmlaklar dağıldı, hakimiyyətdə olan korrupsioner güclər tərəfindən mənimsənildi. Xalqa verilmədi.

– SSRİ-nin özü də haqsızlıq üzərində qurulmuşdu…

-SSRİ-nin özü haqsızlıq və haram üzərində qurulmuşdu. Zorla insanların malı əvəzində kompensasiya ödənilmədən əllərindən alınmışdı. Gəlib alırdılar və deyirdilər sənin bu qədər malın-heyvanın var, alıb verirəm kolxoza. Bu insanın nəinki razılığını alırdılar, bəzən özünü də öldürürdülər, sürgün edirdilər. Bu vəhşilikdir. Bu gün Belorusun timsalında deyə bilərik ki, bu günki hakimiyyətin xalqda heç bir etimadı yoxdur. Çünki o da qanuni yolla hakimiyyətə gəlməyib. Xalqın etimadını qazanmayıb. Sovet rejimindən qalan saxta seçkiylə hakimiyyətə gəlib. Rusiyaya yaxın olan adam kresloya oturdulur və zora, polisə əsaslanan rejim qurulur ki, bu da insanları əzir. Bu gün də növbə gəlib çatıb Belorusiyaya. Ümid edirəm ki, Rusiyaya da növbə şatacaq. Rusiya xalqı bu barədə düşünməlidir, Putin düşünməlidir.

-Rusiyada da bu proses başlayıb, sadəcə Putin bunun qarşısını almaq üçün diqqəti xaricə yönəldir.

-Bu xalqlar onsuz da vuruşa-vuruşa haqqını alır və Rusiyadan nifrətlə ayrılır. Necə ki, Ukraynada, Gürcüstanda, Baltikyanı ölkələrdə həmin proses baş verir. Şərqi Avropa ölkələrinə baxın. Vaxtilə Rusiyanın xilas etdiyi Bolqarıstan Rusiyaya tərəf baxmaq istəmir. Polşa üçün 1-ci Dünya müharibəsində ruslar polyaklar slavyan olduqlarından onlar üçün savaşırdılar. Serblər üçün Osmanlı ilə savaşırdılar. Eyni kökdən olan xalqlar belə, Rusiya ilə bir yerdə olmaq istəmir. Çünki Rusiya onlara demokratiya, azadlıq vermir, əksinə əngəl olur. Normal dövlət qurmağa imkan vermir. Hansı xalqın pasionar gücü artır, dövlətin qarşısına çıxa bilir, o Rusiyanın qurduğu yalançı rejimi dağıdır və özünün etimad etdiyi hakimiyyəti gətirir. Bu baxımdan Azərbaycan-Türkiyə konfederasiyasının  reallaşması ilk öncə Azərbaycanın milli təhlükəsizliyi üçün lazımdır. Bu gün Azərbaycan ərazilərinin 20%-i işğal olunub. Bu 20%-in azad olunması deyil, əlavə ərazilərin işğal olunması müzakirə olunur.

-Biz Rusiyanın Belorusiyaya necə ordu yeritdiyini sosial şəbəkələrdə yayılan videolardan gördük. Rusiya eyni şeyi Azərbaycana qarşı da edə bilər.

-Azərbaycan Rusiya ilə də, İranla da vuruşur. Bilirk ki, son günlərdə Rusiya Ermənistana 400 ton silah göndərib. Bu gün biz təpədən-dırnağa kimi silahlanmış dövlətlə və onun himayədarları ilə üz-üzəyik. Azərbaycanın haqqı var ki, o da bir dövlətə sığınsın. Müttəfiq, tərəfdaş tapsın ki, bu mübarizədə tək olmasın. Çünki, tık olduğumuz müddətdə ərazi itiririk. Bizim 20% torpaq itirməyimiz Ermənistanın gücü, hünəri deyil. Ermənistan və onun arxasında olan güclərin istilasının nəticəsidir. Buna görə də hesab edirəm ki, doğru bir seçim Türkiyə-Azərbaycan əməkdaşlığıdır və bu əməkdaşlığın konfederasiya səviyyəsinə qaldırmaq daha düzgün olardı. Konfederasiya da müvəqqəti dövlət quruluşudur, dövlətlərin müəyyən bir hədəfə çatmaq üçün bir araya gəlməsidir. Digər məsələlərdə dövlətlər müstəqil olur. Amma konkret müdafiə məsələlərində bir yerdə qərar verilir.

-Səhv etmirəmsə, avqustun 17-də Rusiyanın Xəzərdəki donanması Bakıya yarışlara gəldi. Hələ Tovuz hadisələrindən 40 gün keçməmiş, Bakıda gül-çiçəklə qarşılandı. Buna münasibətiniz necədir?

-Ola bilər ki, bu Azərbaycan hakimiyyətinin Rusiyaya bir jestidir ki, biz Rusiya ilə normal münasibətlərin tərəfdarıyıq.

-Azərbaycan hakimiyyətinin, ya hakimiyyətin içindəki 5-ci kolonun?

-Hakimiyyət razılıq verməsə, bu, baş tuta bilməzdi.

– Necə olur, bir neçə gün əvvəl Ermənistana 400 ton silah verilir, ardınca Bakıya yarışa gəlirlər?

-Hər halda hakimiyyətin siyasi iradəsi olmadan bu addım atıla bilməzdi.  Görünür, bu Azərbaycan dövlətinin bir jestidir ki, hələ səninlə də dost və müttəfiq ola bilərik. Hələ buna imkan var. Biz necə siyasət yeritməyimizdən asılı olmayaraq Rusiya ilə qonşuyuq.

-Müttəfiq deyililk ki, qonşuyuq.

-Doğrudur və onların bizə münasibəti doğru deyil. Bu gün Avropada çox kiçik dövlət var –Lixtenşteyn və çox böyük dövlət var- Almaniya. Amma onların arasında bərabərhüquqlu münasibət var. Yaxud Belçika, İsveçrə, Hollandiya olsun. Avropada kifayət qədər kiçik dövlətlər var ki, böyük dövlətlərlə normal münasibəti var. Heç bir çəkincəsi, kompleksi olmadan bərabərhüquqlu əməkdaşlıq edirlər və beynəlxalq təşkilatlarda  da bərabər iştirak edirlər. Bu şüuru, bu təfəkkürü, bu mədəniyyəti post sovet ərazisində yaşayan xalqlar və dövlətlər də mənimsəməlidir.

-Sizcə, bu, Rusiyada mümkündür?

-Əlbəttə, rus xalqı da tanrının yaratdığı xalqdır. Mütərəqqi xalqların yaratdığı nailiyyətlər bəşəridir. Rus xalqının da bu siyasi mədəniyyətə yiyələnməsi çox vacibdir. Anlamalıdırlar ki, qonşularla dost olmaq lazımdır. Baxın, Rusiyanın ətrafında bir dənə də olsun dost dövlət yoxdur, mühasirəyə alınıblar. Mən əlbəttə rusların dərdini çəkmirəm, hər halda qonşumuz olan bu dövlətin Azərbaycanla dost olmasını istəyərdim. Hər halda Azərbaycan-Ermənistan münaqişəsində indiyə qədər yol verdiyi xətaların aradan qalxmasını istəyərdim. Dəfələrlə demişəm ki, İkinci Dünya müharibəsində Sovetin qalib gəlməsində azərbaycanlıların payı böyükdür. Azərbaycan xalqı 24 saat işləyərək cəbhəyə paltar, ərzaq, neft göndərib. Amma həmin SSRİ-nin varisi olan Rusiya Azərbaycanı məğlub etmək üçün Ermənistana gecə-gündüz silah göndərdi. Nədən bu ədalətsizliyi edirsən? Nədən SSRİ dağılandan sonra Ermənistana dəstək verir, Azərbaycana yox?

-Rusiyanın imperiya şüurunun daşıyıcısı olduğu üçün ola bilərmi?

-Dünyada başqa imperiyalar da olub, Osmanlı kimi, İngiltərə imperiyası kimi. Bu imperiyalar ədaləti pozublarmı? Deməyim odur ki, dövlət o zaman dağılır ki, orada ədalət olmur. Sovetlərin dağılmasının da səbəbi bu oldu. Sovet imperiyası xalqlar həbsxanası idi. İlahi qanunlar pozulduğuna görə bu dövlət dağılmalı idi.

-Bəs Türkiyə ilə Azərbaycan konfederasiyası İTCnin fəaliyyətinə necə təsir göstərə bilər?

-Hesab edirəm ki, faydalı ola bilər. İTC Azərbaycan və Türkiyənin siyasi maraqlarına uyğundur. Kökənləri eynidir. Hər iki dövlətin vəzifəsi İTC-nin maraqlarını qorumaqdır.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA