İrəvanda etiraz aksiyası

255

Siyasi partiyaların liderləri saxlanıldı

Ermənistanın paytaxtı Yerevanda ölkənin Dağlıq Qarabağ münaqişəsində kapitulyasiyası ilə əlaqədar etiraz aksiyası keçirilib.

Virtualaz.org-un erməni KİV-lərinə istinadən məlumatına görə, etiraz aksiyasının qarşısının polis tərəfindən alınıb.

Qeyd olunur ki, aksiya başlamamış polislər 20-yə yaxın şəxsi saxlayıb.

Saxlananlar arasında parlamentin sabiq vitse-spikeri Eduard Şarmazanov, müxalif partiyaların nümayəndələri olub.

Müxalifət nümayəndələri baş nazir Nikol Paşinyanın üçtərəflıi bəyanatı imzalaması ilə əlaqədar etirazlarını davam etdirəcəklərini bildirib.

 

Qaqik Tsarukyan saxlanıldı

 

Bu arada, Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, keçmiş oliqarx Qaqik Tsarukyan da Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu haqda onun partiyasının mətbuat katibi İvetta Tonoyan məlumat verib. Bildirilir ki, Tsarukyanın saxlanılması müxalifət partiyalarının noyabrın 11-nə təyin edilmiş mitinqi ilə bağlıdır.

“Natamamlıq kompleksindən, qorxudan uzaqlaşmaq əvəzinə hakimiyyət növbəti dəfə Tsarukyanı saxlayır. Onlar dərk etməyiblər ki, üç milyon adamın hamısını həbs etmək və ya saxlamaq mümkün deyil. Bütün hamı başa düşür ki, hakimiyyət bu sənədin imzalanmasından sonra məsuliyyəti başqalarının üstünə atmağa çalışır”,-Tonoyan bildirib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan Qaqik Tsarukyanı “Şuşada xəyanət etməkdə” günahlandırmışdı. Onun sözlərinə görə, Tsarukyan Şuşanın müdafiəsi üçün dəstə göndərməyə söz versə də bunu eləmədi.

Qaqik Tsarukyan müharibədən əvvəl həbs edilmişdi və hərbi əməliyyatlar ermənilərin məğlubiyyətlər seriyası ilə davam edəndə onu azadlığa buraxmışdılar. Tsarukyan könüllülər dəstəsi toplayaraq Qarabağa gəlmişdi.

 

“Bu, erməni dövlətinin məhvinə gətirib çıxara bilər”

 

“Ermənistanın baş naziri Nikol Paşinyan və onun dəstəsi vətənə xəyanət etdiklərinə görə hərbi tribunala çıxarılmalı, məhkəmədə mühakimə olunmalıdırlar. Əks halda Ermənistanın özü çox qısa zamanda məhv ola bilər”.

Bu sözləri isə “Rossiya-1” kanalında yayımlanan Solovyovun verilişində erməni hərəkat liderlərindən biri olan Sergey Kurginyan deyib.

“Paşinyan əclafdır, satqındır, axmaqdır. Orada bu satqınlardan ibarət böyük bir dəstə var. Əgər yaxın günlərdə bu satqınlar təmizlənməzsə, təkcə Qarabağın verilməsi ilə nəticələnməyəcək, hətta bütövlükdə erməni dövlətinin məhv olmasına da gətirib çıxaracaq”- Kurginyan bildirib.

Hərakat liderinin fikrincə, hazırki vəziyyət və anlaşılmazlıq kimin həqiqi müttəfiq, kimin düşmən olduğunu göstərəcək: “Dəstəsini yığıb parlamentdən getməlidir. Bu əclaflar qaçırlar, erməni xalqından gizlənirlər. Onların kütlə tərəfindən döyülməsi lazım deyil. Qoy etdikləri xəyanətə görə məhkəmə qarşısına çıxarılsınlar”.

Kurginyan Paşinyanın agent olduğunu və əsas məqsədinin Qarabağı təslim etməkdən ibarət olduğunu da açıqlayıb: “Erməni xalqına müraciət edirik, ermənilərin həyatında çox faciəli vəziyyət baş verib, hər şeyi uduzmuşuq”.

 

“Paşinyan fəraridir və Qarabağı satdı”

 

“Nikol Paşinyan fəraridir, onun yeri qab yuyulan yerdir. O, Qarabağı satıb”.

Bunu isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan bildirib.

“Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi, general-polkovnik Onik Qasparyanın öz postunu qoyub qaçan fərarinin qəbuluna gedəcəyinə inanmıram. Nikol Paşinyan fəraridir. O, heç vaxtı orduda xidmət etməyib. Başqa məsələlərdə də fəraridir. Çünki ən məsuliyyətli yerlərdən qaçıb. Ən böyük fərari o və müharibə başlayanadək ordu sıralarından tərxis olunan ətrafıdır”,- A.Vanesyan vurğulayıb.

Qeyd edək ki, A.Vanesyan 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək xidmətin direktoru işləyib. O, xarici dövlətlərdən birinin casusu olmaqda şübhəli bilinir.

A.Vanesyan hazırda N.Paşinyan hökumətinə müxalifətdə olan Vətən Partiyasının sədridir. İkinci Qarabağ müharibəsi zamanı onun başçılıq etdiyi “Vətən” silahlı dəstəsi döyüşlərə qatılmışdı. Azərbaycan Ordusu onun dəstəsini darmadağın edib.

 

Paşinyanın etirafı…

 

Ermənistan baş naziri Nikol Paşinyan isə bəyan edib ki, Rusiyanın rəhbərliyi ilə Qarabağa dair əldə edilən razılaşma erməni qoşunlarının mühasirəyə alınmasının və kollapsının (tam darmadağın edilməsinin) qarşısını aldı.

“Hərbi əməliyyatların davam etməsi halında Stepanakertin (Xankəndi) itirilməsi təhdi yaranacaqdı. Baş qərargah mənə məruzə etdi ki, resurslarla bağlı bizim problemlərimiz var. Və Artsaxın (Dağlıq Qarabağa verilən qondarma ad) siyasi rəhbərliyi də bu mövqeyi bölüşdü. İmzalanmış sənəd sayəsində biz hərbi əməliyyatların davam etməsi halında əldə edə bilməyəcəyimizi qazandıq. Stepanakert mahiyyətcə tam müdafiəsiz qalmışdı. Əgər müharibə davam etsəydi erməni tərəfi nəinki Stepanakerti, eləcə də Martuni və Əsgəranı da itirəcəkdi. Bunun ardınca növbə ikinci, üçüncü, dördüncü müdafiə rayonlarına çatacaqdı və hərbçilər mühasirəyə düşəcəkdi. Nəticədə kollaps baş verəcəkdi. Məhz bu əsasla belə qərar qəbul edildi. Təsadüfi deyil ki, bu günlərdə hərbçilər ön xətdən videoroliklər göndərib qəbul edilən qərarı dəstəkləyirlər. Bu nə deməkdir? O deməkdir ki, onlar yerdə situasiyanı daha yaxşı başa düşürlər. Bütün həqiqət bax budur”, – Paşinyan özünün Facebook səhifəsində bildirib.

Hazırladı: KƏNAN