“İrəvanda bir çoxları elə bilirdilər ki, müharibə əyləncədir”

279

Jirayr Liparityan: “Həmin əraziləri tarixi erməni torpaqları adlandırmağımız bizim xeyrimizə işləmədi…”

Ən pisi odur ki, biz özümüz özümüzlə danışıq aparırdıq. Azərbaycanın mənə nəyi verə bilib-bilmədiyini anlamağa və öyrnməyə cəhd eləmirdik”

“Biz xalqa yalan informasiya, yanlış analiz veririk, mümkün həll olaraq qeyri-real ssenarilər təklif edirik”

“İstənilən müharibədə qələbəyə ümid eləmək reallıqla yox, miflərlə yaşamaq deməkdir”

“Bizim həyat strategiyamız – xəyal qurmaqdır. Lakin xəyal qurmaq – strategiya deyil”
“1992-ci ild
ə biz Laçını alanda, Dövlət Müdafiə Komitəsinin sədri olan Robert Koçaryan bəyanat verərək, bizim təhlükəsizlik təminatı alacağımız təqdirdə Laçını qaytaracağını vəd elədi. Məndən bəyanatın mətnini yazmağı xahiş elədi. Bunu az adam bilir, heç Koçaryanın da yadına düşməz…”

Erməni diplomatiyasının veteranı, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın müşaviri, Ermənistan xarici işlər nazirinin sabiq müavini, 1991-1997-ci illərdə Qarabağ münaqişəsi ilə bağlı danışıqların iştirakçısı, Miçiqan Universitetinin professoru, tarixçi Jirayr Liparityan rəsmi İrəvandan fərqli olaraq, Ermənistanın müharibədəki məğlubiyyətinin erməni diplomatiyasının səhvləri və son 30 il ərzində erməni siyasətçilərin aşıladığı və cəmiyyətinin qəbul elədiyi yalançı gözləntilərlə bağlı olduğunu izah edir.

BBC-nin rusdilli xidməti Jirayr Liparityandan müsahibə alıb və onun erməni tərəfinin səhvlərinə baxışı və Qadabağın gələcək statusu barəsindəki fikirləri barəsində suallar verib. “Hürriyyət” həmin müsahibənin tərcüməsini oxucularına təqdim edir.

(Əvvəli ötən sayımızda)

– Rəsmi İrəvan məsələni başqa cür görür. Paşinyan elə indi Qarabağın beynəlxalq arenada müstəqilliyinin tanınmasına çağırır.

– Mən də elə bundan danışıram – mentalitet dəyişməyib. Bu, siyasi təfəkkürümüzün əsas problemidir. Bu, bizim siyasi təfəkkürümüzün başlıca problemidir və bu problemin azı 200 yaşı var. Bu, yeni problem deyil. Bizə belə xoşdur – illüziyalardan xoşumuz gəlir, ədalətli qərarın, ideal qərarın – mümkün qərar olduğunu düşünməyi sevirik. Bizim həyat strategiyamız – xəyal qurmaqdır. Lakin xəyal qurmaq – strategiya deyil.

– Strategiya – xəyal qurmaqdır… Bu necə olur ki?

– İnsanlar öz istədikləri ilə onlara verilməli olanı qarışıq salırlar. Heç kim sizə heç nə verməməlidir. Sizə nəyi götürməlisinizsə, onu verirlər. İstənilən müharibədə qələbəyə ümid eləmək reallıqla yox, miflərlə yaşamaq deməkdir. Biz reallığı qəbul eləməyi istəməməyimizi, reallığı qəbul eləməmək metodlarını və onu öz xəyallarımızla əvəzləməyi təbliğ edirik. Biz bunu sənətə çevirmişik, özümüzə peşə eləmişik.

Lakin mən öz məqalələrimdə reallığın gözlərinə dik baxmağa çağıranda məni tənqid edir və “Bəs başqaları?” –  deyə sual verirlər.

– Yeddi rayonun qaytarılmasını imtinanı bununla bağlayırlar – müəyyən bir məqamda erməni ictimaiyyəti onları işğal edilmiş yox, azad edilmiş adlandırmağa başladı. Bu necə baş verdi?

– Bizim fikrimizcə, bu yeddi rayon zamanla dəyişib… Biz onları müdafiə məqsədi ilə götürdük və dedik ki, təhlükəsizlik təminatı olanda, onları qaytaracağıq.

1992-ci ildə biz Laçını alanda, Dövlət Müdafiə Komitəsinin sədri olan Robert Koçaryan bəyanat verərək, bizim təhlükəsizlik təminatı alacağımız təqdirdə Laçını qaytaracağını vəd elədi. Məndən bəyanatın mətnini yazmağı xahiş elədi. Bunu az adam bilir, heç Koçaryanın da yadına düşməz… Beləliklə, biz bu rayonları əvvəlcə müdafiə məqsədi ilə alırdıq və onları təhlükəsizliyin təminatı qarşılığında verməyə hazır idik.

Sonra bu rayonlar danışıqlar predmetinə çevrilməyə başladı. Sonra isə bu ifadə belə səsləndi: biz onları qaytara bilmərik, çünki erməni torpaqlarıdırlar. Hətta onlar münaqişənin əvvəlində erməni torpağı olmasalar da, tarixi erməni torpaqlarıdır (ermənilərin xəyallarına görə – tərc.)  və biz onları heç bir şəraitdə qaytarmamalıyıq.

Bu baxışın formalaşmasında mühüm rolu Baş nazir və Müdafiə naziri olmuş (1999-cu ilə qədər) Vazgen Sarkisyan oynayıb. O, bu rayonları qaytarmamalı olduğumuzu iddia edirdi. Onun məntiqi belə idi: əsgərlərimizin qanı ilə alınan torpaqlar verilə bilməz.

Sizə bir hadisəni danışmaq istərdim. Sui-qəsd nəticəsində öldürülməsindən (1999-cu ildə) üç həftə əvvəl Vazgenlə danışmışdım. Ondan bu baxışa necə yanaşdığını soruşdum. Həmin vaxtda o, artıq bir müddət baş nazir işləmişdi, danışıqlarda iştirak eləmişdi. Mənə elə gəlir ki, o, Ter-Petrosyana qarşı Koçaryanla əlbir olduğu üçün peşmanlıq hissi keçirirdi. Mən ondan bu məntiqi (əsgər qanı) barəsində soruşanda cavabında dedi: “Bunu kim deyib?!” Cavabında söylədim: “Sən demişdin”.

– Siz artıq hökumətdə deyildiniz, niyə görüşdünüz?

– Ondan öz kitabın üçün müsahibə alırdım. Hələ həmin kitabı yazıb bitirməmişəm. Bu kitabla əlaqədar 1991-1997-ci illərdəki Qarabağ danışıqlarının 27 iştiakçısı ilə, o cümlədən dörd azərbaycanlı, beş türk, üç iranlı,iki rusiyalı, isveçlər, italyanlar, finnlər, fransızlar ilə danışmışam…

– Yeddi rayona baxışın evolyusiyası məsələsinə qayıdaq…

– Bu rayonları qaytarmamağı qərara alanda bu, bizi ermənilərin Qarabağda azad və təhlükəsiz yaşayışının, onların öz müqəddəratını təyin eləmək hüququnun mübarizəsinin əvəzinə, ekspansiya (imperialist dövlətlərin yeni torpaq, müstəmləkə və bazarlar əldə etmək məqsədilə öz siyasi və iqtisadi nüfuzunu başqa ölkələrə yaymaq üçün yeritdikləri təcavüzkar siyasət – tərc.) tərəfdarlarına çevirdi. Bunun əvəzinə biz həmin əraziləri tarixi erməni torpaqları adlandırmağa başladıq. Bu, bizim xeyrimizə işləmədi…

Biz həmişə özümüz özümüzlə danışmışıq. Dediklərimiz partiotların sözləri olanda və vətənpərvərcəsinə səslənəndə özümüzü haqlı hesab edirik. Ən pisi odur ki, biz özümüz özümüzlə danışıq aparırdıq. Azərbaycanın mənə nəyi verə bilib-bilmədiyini anlamağa və öyrnməyə cəhd eləmirdik. Sadəcə qərara aldıq ki, Azərbaycan bizə dəyərli heç nə verə bilməz.

Danışıqlar – olduqca ağrılı gündəlik işdir. Eynilə balaca ölkələrin, xüsusilə bizimki kimilərin müstəqilliyi məsələsi kimi ağrılı. Bu, gündəlik işdir. Müstəqilliyin bəyan edilməsi – sizin problemlərinizin yalnız başlanğıcıdır, sonu deyil. Onu qiymətləndirmək və ətrafınızdakı dünyanın dəyişilməsinə müvafiq şəkildə gündəlik əsasda mühafizə eləmək lazımdır.

– Zənnimcə, bu məsələ barəsində yeni erməni hakimiyyəti ilə əlaqə saxlamısınız.

– Bir dəfə mən Paşinyanın kabinetinin yüksək vəzifəli məmuru ilə danışdım. Soruşdum: “Qarabağ münaqişəsini necə həll eləməyi təklif edirsiniz?” Cavabında eşitdim: “Burada həll ediləsi heç nə yoxdur”. Həmin məqamda artıq danışıqlar dayandırılmışdı və heç bir həll təklif olunmurdu.

Ondan soruşdum: niyə belə qərara qərara gəldiniz? Əliyevlə masa arxasına keçib, bütün mümkün variantları müzakirə elədinizmi? Siz bunu eləmədiniz. Mən müəyyən qədər bunu elədim, mümkün variantları görürdüm, lakin bunun əhəmiyyəti yoxdur. Sizin vəzifəniz Azərbaycanla müzakirə mövzusunun qalmadığını bəyan eləməzdən əvvəl mümkün olan hər şeyi eləməkdir. Bu sadəcə, dövlətçilik təfəkkürünün yoxluğu demək deyil. Bu, öz-özü ilə danışıqlardır…

Biz xalqa yalan informasiya, yanlış analiz veririk, mümkün həll olaraq qeyri-real ssenarilər təklif edirik. Onları dövlətçilik əvəzinə millətçiliyə doğru itələyirik. Sonra isə deyirik: dünya qəbul eləmyəcək. Bu kimin məsuliyyətidir?..

– Bütün bu dediklərinizə görə, sizi vətən xaini adlandıracaqlar. Bu, sizi narahat etmir?

– Bunu  məsuliyyətsiz adamların söyləməsi – şərəfdir… Bu, məni narahat eləmir.

– Məsuliyyətdən söz düşmüşkən. Sizin mentalitet barəsində danışdıqlarınız – sanki Paşinyanın üzərindən məsuliyyəti götürür. Lakin son 2,5 il ərzində Ermənistana məhz o, rəhbərlik edib.

– Məsuliyyət zamana görə bölünür. Paşinyanın məsuliyyəti daha çoxdur, çünki o, artıq mövcud olan düşüncə tərzini üç-dörd sadə müddəada birləşdirmişdi: Azərbaycan bizə qəbul ediləcək heç nə verə bilməz, Qarabağın statusunu müharibə həll edə bilər, danışıqlar aparmaq lazım deyil, demokratiya bizə Qərbin dəstəyini gətirəcək.

Lakin bu təfəkkür tərzi ona qədər mövcud olmasaydı, o, bu məsələləri meydana salmazdı. Təbii ki, o, bir sıra səhv qərarlara görə məsuliyyət daşıyır…

Əgər sən qəsdən qarşı tərəf üçün qəbuledilməz olan şərtləri dəfələrlə yenidən irəli sürürsənsə, deməli bununla danışıqlar ideyasının özünü sabotaj edirsən.  Sonra isə o, üç xalq üçün qəbul edilən qərardan danışmağa başladı. Üç dövlət üçün yox…

Bir zamanlar mən Arkadi Qukasyan ilə (separatçı DQR-in keçmiş rəhbəri) ünsiyyətdə olmuşam… Lakin istefa verəndən sonra mən bir çox qarabağlılarla və Qarabağdakı vəziyyəti bilən adamlarla söhbət eləmişəm. Onların təfəkkürü belədir: bizim az istədiyimizdən az alacağımız istənilən variant risklidir. Müharibə olacaqsa, qoy olsun.

Cavabında deyirdim: dostum mənim, lakin müharibənin necə bitəcəyi bəlli deyil, nə qədər çox uzansa, bir o qədər qeyri-müəyyən və bizim zərərimizə olacaq. Onlar cavab verirdilər: mübarizə aparacağıq və istəmədiyimizə razı olmaqdansa, ölməyimiz yaxşıdır.

Bu, böyük əksəriyyətin məntiqidir. Bir çoxları elə bilirdilər ki, müharibə oyuncaqdır. Müharibə əyləncədir. Müharibə qəhrəmanlar yaradır. Müharibə bizim vətənpərvərliyimizi və qəhrəmanlığımızı isbat eləmək üçündür. Müharibə – qurban deməkdir, əlbəttə, bu qurban qonşunuzun oğlu yox, sizin özünüzsünüzsə.

Tərcümə etdi: ZEYNƏB