İrəvan ermənilərə necə verildi? – Faktlar

123
1918-ci ilin 29 mayında İrəvanın ermənilərə verilməsi ilə bağlı bütün faktlar ortadadır. 1918-ci ildə Osmanlı ordusu ermənilərin rusların buraxdıqları silahlarla Şərqi Anadoluda qətliamlarına dözməyərək, onları qova-qova indiki Ermənistanın Baş Abaran və Sərdarabad məntəqələrinə gətirib çıxardı. Ermənilər sülh istədilər və Osmanlı bunu qəbul etdi.
Hurriyyet.org xəbər verir ki, bu fikirləri Musavat.com-a ermənişünas alim, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təşəbbüs qrupunun sədri Qafar Çaxmaqlı bildirib. Q.Çaxmaqlı qeyd edib ki, 102 il öncə Ermənistan 9 min kvadrat kilometr ərazidə tanınıb:
“İlk tanıyan ölkə Türkiyədir. İrəvan şəhəri və çevrəsi bu əraziyə daxil deyildi. Ermənistan müstəqilliyini elan edərkən İrəvan onun paytaxtı deyildi və mayın 11-dən başlayaraq Batumda sülh danışıqları gedirdi. Ermənilər orada məsələni belə qoymuşdular ki, Gümrü türklərin əlindədir, paytaxt edəcək şəhərimiz yoxdur, ona görə də Azərbaycan İrəvanı güzəştə getsin. 29 may 1918-ci ildə Milli Şuranın iclasında 3 nömrəli protokolla İrəvan ermənilərə güzəşt edildi. Amma bu, həm Milli Şurada, həm də əhali içərisində ciddi etirazla qarşılanıb. Ermənilər bu tarixi faktı dana bilmirlər. Onlar İrəvanın güzəşt edilməsi qarşılığında Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvana iddialarından vaz keçdiklərini Batum konfransında rəsmən bəyan ediblər. Həmin şərtlərə isə əməl edilməyib”.
Q.Çaxmaqlı qədim Azərbaycan ərazisi olan İrəvanın ermənilərə verilməsinin ildönümü ilə bağlı Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının hazırladığı bəyanatı da təqdim edib. Bəyanatda deyilir:
“Bu gün Azərbaycanın tarixi ərazisi olan İrəvanın Ermənistana verilməsindən 102 il keçir. 1918-ci il mayın 29-da yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti böyük dövlətlərin təzyiqi ilə qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı təqribən 9,5 min kv/km torpaqla birlikdə ermənilərə güzəştə getdi. Bununla da keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı. 29 may 1918-ci il! Bu tarix Şimali Azərbaycan ərazisində, ümumiyyətlə, Cənubi Qafqazda tarixdə ilk dəfə erməni dövlətinin yaradıldığı gündür”.
Bəyanatda daha sonra bildirilir:
“Hamıya məlum olan tarixi faktdır ki, bundan əvvəl heç zaman Cənubi Qafqaz ərazisində ümumiyyətlə, erməni dövləti olmayıb, ermənilər heç Qafqaz xalqı belə olmayıblar. Daha sonra ermənilər 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən azərbaycanlıların öz tarixi-etnik torpaqlarından – Ermənistan Sovet Sosialist Respublikası ərazisindəki öz ata-baba torpaqlarından deportasiyası barədə qərar imzalamasına nail oldular. Nəticədə 1948-1950-ci illərdə 100.000 nəfərdən çox azərbaycanlı öz ata-baba yurdlarından – dağlıq-yaylaq iqliminə malik torpaqlardan Azərbaycan SSRİ-nin isti Mil-Muğan düzünə deportasiya olundu. İ.Stalinin imzaladığı qərarda köçürülmə müddəti 1948-1950-ci illər müəyyən olunduğu halda azərbaycanlıların köçürülməsi prosesi 1953-cü ilə qədər və bundan sonra da davam etdirildi, daha onminlərlə yerli əhali doğma yurdundan məhrum edildi. Beləliklə, hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən, əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1953-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə – Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra – 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində – İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar min illərlə yaşadıqları vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistanın silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu”.
Bəyanatda çox mühüm bir məqama da diqqət çəkilir:
“Xüsusi olaraq vurğulanmalıdır ki, İrəvanın Ermənistana güzəştə gedilməsi 99 illik müqavilə əsasında və ermənilərin Naxçıvan, Qarabağ və Zəngəzura iddialarından əl çəkməsi şərti ilə baş tutub. Lakin sonrakı tarix də göstərir ki, bu şərtlər yerinə yetirilməmiş və ermənilər Azərbaycan torpaqlarında elan etdikləri dövlətin ərazisini yenə də Azərbaycan torpaqları hesabına dəfələrlə artırmağa müvəffəq olmuşlar. Biz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası olaraq bildiririk ki, İrəvan şəhəri və çevrə bölgələri ədalətsiz şəkildə, orada yaşayan əhalinin rəyi nəzərə alınmadan Ermənistana güzəştə gedilib. Biz bunu qəbul etmirik. Ermənistanı indiki əraziləri ilə tanımırıq və torpaqlarımızın geri qaytarılması və Qərbi Azərbaycan kökənli insanların pozulmuş hüquqlarının bərpa edilməsini tələb edirik. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaq və bizlər dədə-baba yurdlarından deportasiya edilmiş insanlarımızın öz tarixi yurdlarına qayıdışını təmin edənədək və ədaləti bərpa edənədək mübarizəmizi davam etdirəcəyik”.