İqtisadiyyatın “yaşıllaşdırılması”nın önəmi

    30

    Və yaxud “yaşıl iqtisadiyyat”ın mahiyyəti

    Son illərdə Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovativ inkişafı, rəqabət qabiliyyətinin artırılması, enerji səmərəliliyinin təmini iqtisadi artıma istiqamətləndirilsə də, məqsəd hər bir insanın həyat şəraitinin yaxşılaşdırılması və gələcək nəsillərin normal rifah şəraitinin təmin edilməsidir. Bu məsələ hazırda formalaşdırılmaqda olan informasiya cəmiyyəti iqtisadiyyatının prinsipləri əsasında davamlı inkişafın təmini kimi müəyyənləşdirilmişdir. Bu isə dünya və ölkə miqyasında istehsalın və istehlakın ekolojiləşdirilməsini zəruri edir.

    İnformasiya cəmiyyətində ekosistem

    Ölkənin ümumi inkişaf strategiyasında ətraf mühit aspektlərini əhatə edən əsas proqram – “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram hələ 2003-cü ildə qəbul edilmişdir. Həmin proqramın məntiqi davamı kimi 2012-ci ildə qəbul edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas hədəflərindən biri ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Konsepsiyada göstərilib ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və onun akvatoriyasının çirklənməsinin aradan qaldırılması və qorunması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində zəruri tədbirlər gələcəkdə də davam etdiriləcək. Konsepsiyanın əhatə etdiyi dövrdə Azərbaycanda orta hesabla bir vahid ümumi daxili məhsul istehsalı üçün istifadə edilən enerjinin və emissiya olunan zərərli qazların miqdarı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə yaxınlaşdırılacaq. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının məntiqinə müvafiq olaraq Azərbaycanda iqtisadiyyatın “yaşıllaşdırılması”, alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsi də ciddi məsələlərdəndir.

    Belə ki, 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadimi BMT-nin baş katibinə “Ya biz çirklənməni bitiririk, ya da çirklənmə bizi bitirər” adlı müraciət edib. Bunun nəticəsi olaraq 16 dekabr 1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında BMT-nin yeni təşkilatı – United Nations Enviroment Programme (UNEP) yaradılıb. Həmin sessiyada həmçinin 5 iyun Beynəlxalq Ətraf Mühit Günü elan edilib. Ümumdünya Ətraf Mühit Günü 1973-cü ildən etibarən hər il bu təşkilat tərəfindən qeyd olunur. Günün əsas məqsədi ətraf mühitin mühafizəsi məsələsinə diqqəti yönəltmək, əhali arasında ekoloji şüurun yüksəldilməsi üçün maarifləndirmə işləri aparmaq və hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyinin vacib olduğunu vurğulamaqdır. Ümumdünya Ətraf Mühiti Gününün qeyd edilməsi üçün 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, Bakı şəhəri də mərkəzi şəhər seçilib. Bu, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilir. Lakin ətraf mühitin çirklənməsi və qorunmaması yolunda ölkəmizin bir sıra problemləri vardır. Hesab etmək olar ki, ekoloji balansın pozulmasına və ətraf mühitin çirklənməsinə görə bizim bu günü qeyd etməyimiz üçün daha çox səbəb var.

    “Yaşıl” iqtisadiyyatın mahiyyətinin səbəbləri

    “Yaşıl” iqtisadiyyatın konsepsiyası iqtisad elmində və fəlsəfədə mövcud postmodernizm, resursyönümlü iqtisadiyyat, ekoloji iqtisadiyyat, ətraf mühitin iqtisadiyyatı, yaşıl siyasət və s. kimi bir çox istiqamətlərin ideyalarını özündə birləşdirir. “Yaşıl” iqtisadiyyat (green economy) paradiqmasının əksi olan “qəhvəyi” iqtisadiyyat (brown economy) termini resursların daha çox istifadəsi, aşağı enerji səmərəliliyi, dayanıqlı olmayan enerji qaynaqlarından asılılıq və yüksək dərəcədə iqlim riskinə əsaslanır. Belə ki, havanın və suyun çirkləndiyi, yaşıllıqların azaldığı indiki vaxtda getdikcə mühüm əhəmiyyət qazanan yaşıl iqtisadiyyatın mahiyyəti müntəzəm olaraq “davamlılıq” şüuru ilə həm ekosistemin, həm də gələcək nəsillərin qeydinə qalmaq, təbiətdəki bütün canlıların əsas həyat haqlarının qorunmasına nail olmaqdır.

    Ona görə də OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl” inkişaf və ya “yaşıl” iqtisadiyyatı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal və istehlakını, həmçinin “yaşıl” inkişafa yatırılan investisiyaları nəzərdə tutan bir anlayış kimi qəbul edirlər. Bu baxışda ekoloji davamlılıq təmin edilərkən iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması amilləri ətraflı şəkildə düşünülür. Beynəlxalq sənədlərdə “yaşıl” sənaye (green industry), “yaşıl” bazarlar (green markets), “yaşıl” məşğulluq (green jobs) və s. terminlər daha geniş istifadə olunur. Alternativ energetika, elektronəqliyyat, bioloji yanacaq və s. kimi ətraf mühitə minimal təsirə malik yeni texnologiyaları nəzərdə tutan “yaşıl” innovasiyalar da tez-tez elmi ədəbiyyatlarda istifadə olunur. UNEP-in məruzələrində “yaşıl” iqtisadiyyat insanların rifahını yüksəldən və sosial ədaləti təmin edən, eyni zamanda ətraf mühit üçün riskləri və onun deqradasiyalarını kəskin dərəcədə azaldan iqtisadiyyat kimi təyin olunur. Bu iqtisadiyyat təbii resursların effektiv istifadəsi, təbii kapitalın qorunması və artırılması, çirkləndirmənin azaldılması, ekosistem xidmətlərinin və biomüxtəliflliyin itkisinin qarşısının alınması, gəlirlərin və məşğulluğun artması kimi əsas xüsusiyyətlərə malik olur.

    Avropada “yaşıl” siyasəti

    Avropa Birliyi yaşıl iqtisadiyyatı davamlı istehsal-istehlak, enerji səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılması və insan rifahının artırılması ilə yaxından əlaqəli şəkildə olan iqtisadiyyat kimi müəyyən edir. “Yaşıl” iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının əsaslı şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin dəyərinin bilinməsi, insanların rifahının yüksəldilərək yoxsulluğun azaldılması, məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi “yaşıl” iqtisadiyyatın təməl prinsiplərini meydana gətirir. Hazırda “yaşıl” iqtisadiyyat anlayışının dəqiq müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəbdən ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya qoyurlar. Əslində bugünkü dövrdə “yaşıl” iqtisadiyyatın anlaşılması və ona müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə inkişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq ölkələrin “yaşıl” iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir. Qeyd olunanları ümumiləşdirəndə aydın olur ki, davamlı inkişaf iqtisadi, ekoloji və ictimai inkişaf sütunlarının təməli olan “yaşıl” iqtisadiyyata əsaslanır. “Yaşıl” iqtisadi sistemə keçid əsas üç dövrü əhatə edir: I dövr – 2020-ci ilə kimi olan zamanı əhatə edir ki, buraya insanların maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxil edilir. II dövr – 2020-2030-cu illəri əhatə edir ki, burada “yaşıl” iqtisadi sistemin elementlərinin formalaşdırılması nəzərdə tutulur. III dövr – 2030-2050-ci illərə təsadüf edir. Bu dövrdə artıq “yaşıl” iqtisadi sistem bəhrə verir və davamlı inkişaf təmin olunur.

    XXI yüzil “yaşıl” iqtisadi siyasətin təməlidir

    XXI əsrin əsas prioriteti olan davamlı və insan potensialına əsaslanan inkişafın təmin edilməsində bilik və bacarığın, bunların əsasını təşkil edən İKT-nin, informasiya cəmiyyətinin qarşısında bir çox problemlər dayanır. Müasir dövrün vacib bir istiqaməti biliyə, elm və qabaqcıl texnologiyalara əsaslanan inkişafa xidmət edə bilən vətəndaşların hazırlanmasıdır. 2009-cu ilin sonunda keçirilmiş qlobal iqlim dəyişikliklərinə və bu proseslərlə əlaqədar olan ekoloji və iqtisadi problemlərə həsr edilmiş Dünya sammiti, eləcə də planetin müxtəlif hissələrində müşahidə edilən təbii fəlakətlər göstərdi ki, Yer kürəsində həyatın qorunması, uzunmüddətli inkişafın təmin edilməsi insanın iqtisadi fəaliyyətində və həyat tərzində yeni prioritetlərin formalaşmasını tələb edir. Onlardan ən əsasları ətraf mühit ilə qarşılıqlı əlaqədə olan, davamlı inkişafı təmin edən “yaşıl” iqtisadiyyat, “yaşıl” həyat tərzi və “yaşıl” təfəkkür, “yaşıl” düşüncə, “yaşıl” intellektdir. “Yaşıl” iqtisadiyyatın formalaşması həm ətraf mühitin qorunmasının, həm də mövcud olan təbii ehtiyatlara və müasir biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsinin əsas yoludur. Hazırkı mərhələdə “yaşıl” bilik və bacarıqlar xüsusi əhəmiyyət daşıyır. Gələcək əmək bazarı üçün hazırlanan kadrlar həm peşəkar mütəxəssis, həm də vətəndaş kimi bu çağırışlara cavab verməlidirlər. Gələcək nəsillərin maraqlarına xidmət edən davamlı və uzunmüddətli inkişaf yalnız bu prinsiplər əsasında mütəxəssislərin hazırlanması şəraitində təmin edilə bilər.

    Azərbaycanın “yaşıl” iqtisadid proseslərdə rolu

    Ölkədə 2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Bu istiqamətdə müxtəlif işlər görülmüş, spesifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat genişlənmişdir. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində çox sayda beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inkişafına nail olub. Bu sahədə qanunvericilik Avropanın hüquqi tələblərinə uyğun hazırlanıb. Ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün zəmin vardır. Rio və Yohannesburq sammitlərinin qərarlarına uyğun olaraq Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata keçirir. Ekoloji tədbirlər sırasında dövlət proqramlarının və qanunların qəbul edilməsi, yeni idarəçilik prinsiplərinin tətbiqi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis edilməsi, milli park şəbəkələrinin genişləndirilməsi, insanların su ilə təminatının daha da təkmilləşdirilməsi, tullantıların idarəolunması və ətraf mühitin çirklənməsinə qarşı müəyyən fəaliyyətlər vardır. Müasir iqtisadi modernləşdirmənin mahiyyəti ətraf mühitin münbitliyi, əlverişliliyi, yaxşılaşdırılması və təbii resurslardan səmərəli istifadəyə yönəlmişdir. Dünya səviyyəsində bu məsələ “dekaplinq” prinsipinin realizasiyası kimi səciyyələnir. Bu prinsip insanların artan tələbatlarını ən az təbii resurs hesabına ödəməyi nəzərdə tutur. Bu isə iqtisadi artımın enerji tutumunun, təbiət tutumunun aşağı salınmasını, bərpaolunan enerji mənbələrindən geniş istifadəni, istehsalın ən yeni innovativ texnologiyalar hesabına modernləşdirilməsini tələb edir.

    “Yaşıl” iqtisadiyyatın formalaşması üçün “dekaplinq” effektinə nail olunması olduqca əhəmiyyətlidir. Son zamanlar “dekaplinq” termini çox istifadə olunan terminə çevrilmişdir. “Dekaplinq” ekoloji cəhətdən davamlı iqtisadiyyata irəliləyişin strateji əsasıdır. Bununla yanaşı, sosial və iqtisadi inkişafa nail olma resurs istehlakının və ətraf mühitin deqradasiyasının azaldılmasının olduqca aşağı templərinə əsaslanmalıdır. Başqa sözlə “dekaplinq” effekti iqtisadi nəticənin vahidinə resursların daha kiçik miqdarından istifadəni və neqativ ekoloji təsirlərin azalmasını göstərir. “Dekaplinq”in əldə olunması dövlət siyasətində, özəl şirkətlərin davranışında, elmi-texniki tərəqqinin templərində əhəmiyyətli dəyişikliklər tələb edir. Belə şəraitdə iqtisadiyyatda müasirləşdirmə və innovasiya, resursa qənaət əhəmiyyətli rol oynaya bilər.

    “Hürriyyət”