Qubad İbadoğlu: “Gerçək məzənnə olmadan manata etimad bərpa olunmayacaq“.

    9

    İqtisadçı ekspert eyni zamanda mövcud iqtisadi durumda istehlakçıların qarşılaşdığı problemləri qeyd edib. “Azərbaycan istehlakçılarını gözləyən ən ciddi problem qiymətlərin bahalaşmasıdır. Xüsusilə də ərzaq qiymətlərinin bahalaşmasında meyllər daha güclüdür. Azərbaycan ailəsinin büdcəsinin strukturunda ciddi dəyişiklik baş verir. Çünki əvvəllər Azərbaycan ailəsi özünün vəsaitlərinin bir hissəsini ərzağa yönəldirdi, bir hissəsini qeyri-ərzağa, bir hissəsini istirahət üçün, bir hissəsini də böyük alışlar üçün xərcləyirdi və yerdə qalanı depozit olaraq banklarda yerləşdirirdi. İndiki halda ərzaq məhsullarının qiymətlərinin bahalaşması ailənin büdcə strukturunu dəyişib. İndi maşın alan yoxdur, ev alan yoxdur, çünki bunun üçün əlavə vəsait cəlb etmək imkanları da məhduddur. Əvvəllər bunun üçün kredit vəsaitlərindən də bəhrələnənlər var idi, çünki indiki halda bank sistemləri də o kreditləri vermək qabiliyyətinə malik deyil. Hətta kreditə maşın almaq qaydaları da xeyli sərtləşdirilib. Hesab edirəm ki, ən ciddi bahalaşma ərzaq məhsullarında olacaq. İstehlakçılar yeni qiymət artımına hazır olmalıdılar, çünki proses xüsusilə də mart, aprel və may aylarında artan xətlə inkişaf edəcək və ola bilər ki yayda mövsüm amillərinin təsiri altında qiymətlərdə sabitləşmə olsun. Amma 2016-cı il Azərbaycanda inflyasiyanın son 10 ildə ən yüksək səviyyəsinin qeydə alına biləcəyi bir ildir və mən bu baxımdan istehlakçılara təklif edərdim ki, öz alışlarında, öz xərcləmələrində daha rasional olsunlar və nəzərə alsınlar ki, getdikcə onların xərcləri çoxalacaq”.