İQTİDARIN MƏRDİ NAMƏRD ETMƏK İSTEDADI…

    27

    Nahəl olana mətləbi andırmaq olurmu?

    Söz qanmayana zor ilə qandırmaq olurmu?

    Beş-altı axmaq məqalə yazandan sonra özünü Azərbaycan mətbuatının gülməşəkər şahzadası sayan danabaşa necə izah edəsən ki, dilimizdə “həbsxana”, “məhbəs”, “zindan”, “təcridxana” sözləri ola-ola bu “türmə” sözünü işlətmək cahillikdir. Bu “mesaj”, “media” sözlərini haradan tapmısınız? Axı nəyi də olmasa, bu xarabanın mətbuat dilinin paklığına, təmizliyinə söz ola bilməzdi. Mühərrirlər vaxtilə hər kəlmənin, hər sözün üzərində əsim-əsim əsirdilər. İkrah hissi məni qoymur ki, mətbuatımızı murdarlayan yüzlərlə bicbala sözlərdən söhbət açım.

    Desəm də xeyri yoxdur, müştəbeh qəzet sahibləri onsuz da öz bildiklərini edəcəklər, söz üçün məsuliyyət, peşə şərəfi anlayışı bunlar üçün mənasız nəsnələrdir.

    Onu görürsən ki, məhz beləsi cahil cavan bir qız xeylağını, ya da mütaliəsi, dünya görüşü daş əsri səviyyəsində olan cavan oğlanı göndərib bir ədalı “xadimin” yanına. O da qarşısında oturanın savadsız olduğunu görərək başlayır üyüdüb tökməyə. Səhəri qəzet səhifələrində fəxri ad, titul sahibinin müsahibəsi çap olunur. Oxuyursan, dilin-ağzın quruyur… Tənbəllik eləməyib redaksiyaya telefon açırsan, redaktor yerində yoxdur, haçandan haçana bir əməkdaşla danışırsan.

    Ay oğul, filan yazını oxudum, axı bu biabırçılıqdır, belə çiy, mənasız yazını səhifəyə çıxararlar?

    Ağsaqqal, o kişi tanınmış adamdır, biz nə edə bilərik?

    Yaxşı tutaq ki, müsahibə aldığınız havalanıb, bəs sizin savadınıza nə gəlib?

    Redaktor belə məsləhət bilib…

    Nəhayət xoş bir saatda redaktor ağa ilə danışmaq imkanı yaranır, dərdini deyirsən və həmin dəqiqə də başa düşürsən ki, Quran səhifələrindən köynək də geysən sənə məhəl qoyulmayacaq. Niyə, nə səbəbə?

    Sadəcə olaraq 15-20 il bundan əqdəm cənabın büt hesab elədiyi qondarma bəyinin maskasını yırtıb, kimə qulluq etdiyini açıqlamısan. İllər ötüb, pərdə arxasında iqtidarın ən mürtəce niyyətlərinə canla-başla xidmət göstərən bu surroqat inqilabçı indi dolanacağın yolunu tapıb, “pis kişi” olmaq istəmir. Elə buna görə saraya yaxın olan titullu cüvəllağının sayıqlamalarına səhifələr verir.

    …Mən vaxtilə oliqarxların, quldur məmurların ellik zəmanətlə bir-birilərinə bağlanmaları barədə yazmışdım. İndi də iqtidar qarşısında birinci payəndaz olmaq xatirinə yaltaqlıqda yarışa girən redaktor və jurnalistlərin bir-bir adlarını çəkib rüsvay etmək istəyirdim ki, hörmətli Vüqar müəllim məni fikrimdən daşındırdı.

    Firuz baba, hamı onları tanıyır. Sizin yazmağınız vəziyyəti dəyişməyəcək. Onsuz da bizi nəfəs almağa qoymurlar… Axı bizim növbəti dəfə qəzəbə gəlməyimiz sizə də əl verməyəcək, istəyirsiniz ki, bizi bağlasınlar?

    Düz sözə nə deyəsən? Amma, üstüörtülü də sözümü demək istəyirəm. Bir təsəlli var, gec-tez vəziyyət dəyişiləcək, bu fani dünyada tez-tez qibləsini dəyişənlərin aqibətini görmüşük.

    Yaxşı arxivim var, ona-buna yaltaqlanmaqla, onu-bunu satmaqla rəyasətə çatmış, Milli Məclisdə oturmuş, indi də bala-bala dünyadan kam alan siyasətbaz lotuların ağızlarını yuma bilərəm. Bu hədə-qorxu deyil, bir qərinə ərzində onsuz da mətbuatda istədiyimi demişəm, inşallah bundan sonra da deyəcəm.

    …Bir neçə qəzet Abel Məhərrəmovun üzdə olan əmlakının, bahalı maşınlarının siyahısını verdi. İttihamlarım bir daha öz təsdiqini tapdı, ölkə heç kimdən qorxmayan, çəkinməyən yırtıcıların pəncəsi altındadır, qeyrətli ziyalı zümrəsi də yerli-dibli yoxdur.

    Bir ötkəm qələm yiyəsinin ağzından üç-dörd kəlmə çıxan kimi bütün repressiya aparatı ayağa qalxır. Yazarın anadan əmdiyi südü burnundan gətirirlər. Qarşısında iki yol qalır, ya həbs, mühacirət, ya da boyun əyib mənən kölə həyatı ilə razılaşma.

    Rəqib sayılan şəxsləri bir dəfəlik sındırıb, sıradan çıxarmaq xatirinə min rəzalətə əl atan iqtidarın baş bilənləri susur, özlərini məsum imam övladları kimi aparırlar. Guya bunlar hər şeydən bixəbər olublar… On ziqiymət maşın, neçə-neçə möhtəşəm bahalı restoran, saraylar, villalar, Allah bilir banklarda nə qədər sərvət, vəzndə yüngül, qiymətdə ağır hələ nə qədər gizlədilmiş zərgərlik məmulatı… Abel ağa millətin həyatını cəhənnəmə döndərmiş partiyanın tanınmış imkanlı fürerlərindən biri idi, yəni Siyasi şura üzvü.

    İşlər şuluq olan kimi əksəriyyət daş atıb başını tutacaq ki, əvvəla onlar məlumatsız olublar, ikincisi YAP-ın Siyasi şurasının üzvlərinin hamısının alınlarında möhür yeri var, onların dünya malında gözləri yoxdur.

    Mən də deyirəm, ay siz öləsiniz! Bu xarabada əsl qayda-qanun, ədalət ayaq açıb yerisə, YAP-ın yağ-bal içində üzən, cah-cəlallı imarətlərdə kefə baxan bütün qauleyterləri, bonzları dinməz-söyləməz məhbəslərə atılmalıdır. Ellik zəmanətlə bir-birilərinə bağlı olan bu güruh nəfərlərinin hər birinin qəşəng malikanəsi, imarəti, bağ evi var. Özü də bir-birilərini ayağa vermirlər, ancaq yuxarıdan “vurun!” əmri gələndə bunlar hərəkətə gəlirlər.

    Картинки по запросу prezident administrasiyası

    Mənim çoxdandır bu iqtidara nə hörmətim var, nə rəğbətim

    Yadınıza salın, “Yeni Musavat” qəzetində də deputat Elmira Axundovanın varidatının siyahısı verilmişdi. Camaat gözləyirdi ki, indin aləmlər bir-birinə dəyəcək, bu xanımı məhşər ayağına çəkəcəklər. Kişinin qızına güldən ağır söz deyən tapılmadı, əksinə Prezident ona “Xalq yazıçısı” adını verdi. Mən də dözməyib mətbuatda bildirdim ki, bir ölkədə ki, Aygün Kazımova “Xalq artisti” adına layiq görülürsə, orada Elmira xanımın fəxri ad almağına təəccüb etməzlər.

    …Təcili yardımı çağırdın, həkimin cibinə azı beş-on manat qoymalısan. O da yoxumuzdur…. bu mənim güzəranım. Bizim gözəl iqtidar bir il olar ki, qocalıq təqaüdümü kəsib məddahına verir. Hələ bir il də cəriməni ödəməliyəm. Özümü hamıdan savadlı, ağıllı sayırdım, sülalənin şərəfini, hakimiyyətini müdafiə elədim, əvəzini aldım. Mənim kimi qoca axmağa bu da azdır.

    Dözülməz həqarət, mənfur mühit məni məcbur edir ki, bir də Sizə üz tutum. Hörmətli Birinci vitse-prezident! Artıq hamıya bəllidir ki, Sizə ərizə, şikayətlə müraciət eləməyin xeyri yoxdur. Keçən əsrin 40-cı illərinin dəhşətli qıtlığını, aclığını görmüşəm. Əcəl yetənə qədər indi də min dərdə dözmyə hazıram. Amma elə təhqir var ki, onu götürmək qeyri-mümkündür.

    Hörmətli Birinci vitse-prezident, dərdimizə əlac etmirsiniz, özünüzü zavallı rəiyyətdən uzaq tutursunuz, belə əcəb edirsiniz. Bizim kimi şüursuz kütləyə bu da azdır. Bəs niyə göndərdiyimiz onlarla şikayətə, ərizəyə adi bir cavab yoxdur?

    Qoy heç olmasa Sizin səhabələrdən biri yazsın, bəs bütün müraciətlərinizi aldıq, oxuduq və belə qərara gəldik ki, Sizlərə cavab vermək o qədər də vacib deyil, siz çörək, dərman dərdini çəkməkdə olun, biz də öz kefimizdə. Yaxşı yadıma düşdü, qoy bunu da deyim, on il bundan əvvəl (onda qocalıq təqaüdümü tamam alırdım) səhhətim ağırlaşanda Ziyalılar birliyi məndən xəbərsiz Sizə kömək üçün müraciət etmişdi(7 noyabr 2008-ci il). Bir ay keçdi, iki ay keçdi, onu eşitdik ki, Əli Həsənov hər tərəfə car çəkib, guya iqtidar məni yağ-bal içində saxlayır, heç nədən korluq çəkmirəm.

    Hörmətli Birinci vitse-prezident, Sizin rəhbərlik etdiyiniz iqtidarın mərdi qova-qova namərd etmək istedadını artıq hamı bilir. Sizdən daha heç nə istəmirəm, amma indiki üsul –idarənin aqibətini görürəm. Allah-təala simsarsızların dadına çatıb körpələrə rəhm eləsin. Ətrafınızda elə bir cəsarət sahibi yoxdur ki, Sizə əsl həqiqətləri desin! İqtidarın ölkə daxilində ideoloji işi çoxdan iflasa uğrayıb. Xalq teleməddahların, rüşvətxor məmurların, “hərşeyşünasların” hərcayı çıxışlarından bezib. Mən ondan qorxuram ki, Siz həqiqətləri, ziyankarları görəndə artıq gec olacaq.

    Şeyxul-islamilərin, müftiyi islamlərin

    hankısı satmadı on müslümi bir tərsayə?

    “Satdı gülzari-behşiti iki buğdayə babam.

    Satmasam naxələfəm mən onu bir arpayə”

    Əzizlərim, oxuyun, diqqətlə oxuyun, cəfakeş cənnətməkan Sabirimiz bu ölməz misraları 1910-cu ildə yazıb. Son iki misra Hafizi Şirazinindir, amma nə yerinə düşüb!

    Deyilənlər düz imiş, bəli həşəmətli Şeyx cənabları eləmə tənbəlllik “Yeni Musavat” qəzetinin səhifələrində sərvəti hesaba gəlməyən Abel Məhərrəmova loru dildə desək, qahmar çıxıb. Batasan səni belə məmləkət!

    Başımla cavabdehəm ki, bu şeyx cənablarının iradəsi ilə vüsala gəlməyib. Aşkar olunan sərvəti-saman, qəsri-zərnigarlar, restoranlar, bahalı maşınlar balaca məsələ deyil, Abel ağanın özü də partayqenosslər arasında nüfuz sahibidir. Biz bəndeyi həqirlər hələ bilmirik bu ağa hansı qüdrətli klana arxalanır. Məxləs, özgə vaxtda lazım gələndə ağzına su alıb oturan Şeyx cənabları bu dəfə dil-dil ötüb.

    … Azərbaycanda fəaliyyət göstərən missioner təşkilatlarının dəqiq sayını bilən yoxdur. Mübariz Qurbanlı nə desə inanan deyiləm. Dədə-baba dinimizin əleyhinə yüz minlərlə kitab məmləkətə gətirilib. İnanmayanlara məsləhət görərdim, qoy gəlib ancaq Xətai rayonunda baş verənlərə tamaşa eləsinlər. QMİ-nin səsi eşidilmir!

    İrandan qovulmuş Eskudero adlı lotu Azərbaycana səfir təyin olunan kimi səlib dünyasının təxribatçıları üçün “yaşıl işıq” yandırıldı.

    2000-ci ilin yanvarın sonuna kimi fəaliyyətləri bir çox ölkələrdə qadağan olunmuş yeddi missioner təşkilatı Bakıda qeydiyyatdan keçdi.

    Şeyx cənablarının heç cınqırı da çıxmadı! Müvafiq komitəyə Rafiq Əliyev rəhbərlik etdiyi illərdə qeydiyyatdan keçmiş, bununla da hər cürə təxribat üçün artıq rəsmi icazə almış qrupların, sektaıarın sayını bir Allah bilir. Rafiq Əliyevin “fəaliyyətini” ifşa edən onlarla məqalə çap olundu, iş-işdən keçib ölkənin mənəvi mühiti rəxnə alandan sonra onu işdən çıxartdılar.

    Yenə də şeyx cənabları qımıldanmadı. Bu dəfə Hidayət Orucovu irəli verdilər. O da kişi kimi etiraf etdi, sektalar, missionerlərlə bağlı işlər elə kələfə düşüb ki, açmaq mümkün deyil.

    Şeyx cənabları yenə də susdu… Yazdıq ki, “Yəhova şahidləri” adlanan mənfur qurumun təbliğatçıları artıq evlərə soxulurlar, minlərlə qız-gəlin yoldan çıxarılıb, gündüzün günorta çağı əsl təxribatçı ədəbiyyat camaata pulsuz, parasız paylanır, nə polis reaksiya verir, nə icra hakimiyyəti. Bu illər ərzində bir dəfə görmədik ki, Şeyx cənabları yumruğunu masanın üstünə vurub hökumətdən təcili tədbirlərin görülməsini tələb etsin.

    Bər-bəzəkli məscidlər tikilib, ziyarətgahların təm-tərağına söz ola bilməz, namaza duranların sayı gündən-günə artır, amma hamının ağzı möhürlənib, imamlar, vaizlər ya Prezidentin şəninə mədhiyyələr deməlidirlər, ya da hamının zəhləsini tökmüş axmaq tolerantlığımızdan laqqırtı vurmalıdırlar. Əhkam, din-iman, müqəddəs qisas məsələləri, xülasə hamısı keçib arxa plana.

    Bütün səlib dünyası, mason –keşiş ideoloqları “İmam Hüseyn şəhadət məktəbinin” necə güclü silah olduğunu yaxşı bilirlər. Elə buna görə də onlar əllərindən gələni edirlər ki, od içində yanan, sərvəti, dəyər-dəyməzi talan edilən türk-islam dünyasının ölkələri, insanları heç bir vaxt mənəvi kömək, dayaq xatirinə də olsa bu məktəbə üz tutmasınlar.

    Firuz Haşımov

    (Ardı var)