İPOTEKA BORCU OLANLARA GÜZƏŞT, YOXSA… – Mərkəzi Bank krediti olan vətəndaşlara nə təklif edir?

54

Azərbaycan Mərkəzi Bankı (AMB) elan edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərindəstəklənməsi istiqamətindəİpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1,1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq.

Dəstəyin nədən ibarət olacağına gəlincə, AMB bildirib ki, kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.

Beləliklə, məlum olur ki, ipoteka krediti olanlara AMB dəstəyi yalnız kreditlərə restruktursizasiya imkanı yaradılmasıdır. Bu məqsədlə banklara və borcalanlara sentyabrın 30-dək vaxt imkanı verilir.

“Restrukturizasiya” sözü kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsini ehtiva edir. Bu isə borcalan üçün aylıq ödənişlərin azalması deməkdir.

Bu halda müştərilərə tövsiyə olunur ki, kredit üzrə aylıq ödənişlər gecikdirmə ehtimalı ortaya çıxan kimi gecikməyə yol vermədən kreditin restrukturizasiyasıüçün banka dərhal müraciət etsinlər. Bu zaman möcüzəyəümid olub, maliyyə durumunun öz-özünə düzələcəyini gözləməyə dəyməz. Borcun yenidən strukturlaşması haqqında filial müdirinin və ya idarə heyətinin sədrinin adına ərizə yazmaq daha yaxşıdır.

Əgər müştəri həqiqətən də borcun öhdəsindən gələ bilmədiyinin sübutlarınıəks etdirən dəlilləri banka təqdim etməsə, heç bir bank ona güzəştə getməyəcək. Ona görə də yenidən strukturlaşdırma haqqında ərizə yazanda ödəniş qabiliyyətinizə təsir göstərən bütün xırdalıqlarıəhatə etmək lazımdır, hadisəni təfərrüatı ilə izah etmək gərəkdir.

Həmçinin ərizəyə mövcud vəziyyəti təsdiq edən sənədləri dəəlavə etmək lazımdır: məşğulluq idarəsindən ərizə, işdən çıxarılmaq haqqında bildiriş, gəlirlərin azalması ilə bağlı arayış və s.

Hazırki şəraitdə ipoteka krediti olan müştərilərin bu tələbləri ödəmək imkanları kifayət qədər aşağıdır. Təkcə bir faktı xatırladaq ki, yüz minlərlə işsiz ordusunun 190 manat müavinət tələbini araşdırıb qarşılamağa çalışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindən işsiz statusu almaq olduqca çətin məsələdir.

İkinci mühüm məqam ipoteka kreditlərində əks olunan faiz borclarla bağlı yaranacaq problemdir. Tutaq ki, müştərinin 400 manat aylıq ödənişi var. Hər ay onun 150 manatı əsas borcun, 24 manatı sığortanın, qalan məbləğ isə ümumi faiz borclarının ödənilməsinə sərf olunur.

Restruksiasiyadan sonra bank və müştəri aylıq 200 manat ödənilməsinə razılaşırlar. Bu zaman yuxarıda qeyd olunan faiz borcunun aqibəti necə olur? Bu vəsait əsas borc hesab olunaraq müştərinin bankdan götürdüyü əsas məbləğin üzərinə həvalə olunur. Beləliklə müştərinin borc yükü dəyişmir və olduğu kimi qalır.

Təəssüf ki, Mərkəzi Bank borcu müştərilərə kredit tətilləri imkanı vermədi. Bu zaman müştəri yalnız borca görə faizləri ödəyir vəəsas məbləğ olduğu kimi qalır. Yəni kreditin əsas məbləğinin ödənişi müəyyən, razılaşdırılmış müddətə təxirə salınır.

Hazırda pandemiyanın yaratdığı gərgin sosial-iqtisadi şəraitdə kredit yüklü vətəndaşlara real dəstək kredit tətillərinin verilməsi ola bilərdi. Bu zaman müştərinin aylıq ödənişi kəskin azalar, əlavə sənəd toplamağa, işsiz statusu almaq üçün dövlət qurumlarının qapılarında sürünməyə ehtiyac qalmazdı.

Nəticə olaraq qeyd etmək olar ki, Mərkəzi Bankın restrukizasiya imkanından olduqca az sayda müştəri yararlana biləcək, bu da bank sektorunda əlavə problemlərin yaranmasına səbəb ola bilər.

Xatırladaq ki, hökumətin bank sektoruna dəstək paketində İpoteka Kredit və Zəmanət Fonduna 90 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitlə Fond yeni kreditlər verməli, bununla tikinti, əmlak bazarını stimullaşdırmğa yardım etməlidir. Əsas hədəf məşğulluğu təmin etmək, vətəndaşlara əlavə imkanlar yaratmaqdır.

Müstəqil ekspertlər Fonda bu dəstəyin dolayı olduğunu, hazırkı məhdud maddi imkanlar çərçivəsində gözlənilən effekti verməyəcəyini bildirirlər. Çünki orta gəlirli vətəndaşların belə ağır ipoteka şərtləri ilə borclanması ağlabatan görünmür./azpolitika.info/