İnterpolun axtarışında olan Arayik Arutunyan separatçı çağırışlara davam edir: “Hədəflərimiz dəyişməyib”

1170

Hurriyyet.org xəbər verir ki, erməni separatçılarının başçısı, artıq tarixə qovuşmuş qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma “prezidenti” Arayik Arutyunyan “Feysbuk” hesabında separatcasına bir yazı paylaşıb.

Paylaşma deyilir: “Əziz həmvətənlər!

Bu gün DQR-in dövlət müstəqilliyi referendumu Günüdür. Həm 1991-ci, həm də 2006-cı il referendumlarında xalqımız yenidən öz iradəsini, yaşamaq və yaratmaq, doğma vətəni abadlaşdırma və möhkəmləndirmək qətiyyətini təsdiq edib.

Bu gün də bizim hədəflərimiz və səylərimiz eynidir, qərarımız da dəyişməyib.

Dövlət quruculuğunun mürəkkəb və tikanlı yollarında biz çox sayda sınaqlardan və çətinliklərdən keçmişik, yerini doldurmaq mümkün olmayan itkilər vermişik, lakin həmişə sarsılmaz və yenilməz, güclü və dönməz iradə sahibi olaraq qalmışıq. Xüsusilə də son aylarda çox ağır çağırışlarla qarşılaşdırq. Yeri dolmayacaq ağrılı itkilər versək də, dönmədən yolumuza davam edirik, iradəmiz isə getdikcə daha da möhkəmlənir.

Bu gün də daxilimizdə təsvirəgəlməz ağrı və kədər içərisində hər gün qanayan yaralarımızı bağlayaraq, irəli getməyə, xəyallarımızın Vətənini qurmağa, nəsillərimiz üçün gələcək qurmağa davam edirik. Sizlərdən hər birinin ailəsinə güc, uğur və sülh arzu edirəm”.

Bəlli olduğu kimi, ötən ayın əvvəllərində mətbuata açıqlama verən Baş prokuror Kamran Əliyev Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən Arayik Arutyunyanla cinayətkar yoldaşlarının axtarışa verildiyini bildirmişdi. K.Əliyevin verdiyi məlumata görə, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma “DQR”in prezidenti elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin “müdafiə naziri” adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb: “Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilir və bu şəxslərin istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, həmin şəxslərin həbs edilməsi barədə Azərbaycan məhkəməsi qərar qəbul edib, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib”.