“İnternet vasitəsilə onlayn moizələr təşkil edilir” – Mübariz Qurbanlı

90

“Azərbaycanda bu il mart ayının 18-dən qapalı məkənlarda dini ayinlərin icra edilməsi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məhdudlaşdırılıb. Lakin Azərbaycandakı dini icmalar artıq bu vaxtadək bu məsələyə münasibətlərini bildirmişdilər. Mart ayının 5-də Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirildi, dini icmalara və dindarlara dini ayinləri evlərində yerinə yetirmələri ilə bağlı tövsiyə və çağırışlar edildi. Həmin dövrdən etibarən bütün ibadət evlərində, o cümlədən məscidlərdə dini ayinlərin icrası dayandırıldı. Hazırda məscidlərdə vaxtı-vaxtında azanlar verilir. Bəzi din xadimləri tərəfindən internet vasitəsilə onlayn moizələr təşkil edilir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Bu gün bəzi ölkələrdə koronavirus pandemiyası ilə əlaqədər bir sıra sahələrdə, o cümlədən dini ibadət yerləri ilə bağlı məhdudiyyətlər aradan qaldırılmağa başlanılıb. Azərbaycan da may ayının 11-dən xüsusi rejimin qaydalarını mülayimləşdirməyə və məhdudiyyətləri aradan qaldırmağa başlasa da, təəssüflər olsun ki, işlər istənilən kimi getmədi, “COVID-19” xəstəliyinə yoluxma halları artdığı üçün yenidən karantin qaydalarını sərtləşdirməyə qərar verildi. Ümumiyyətlə, ibadət ocaqlarının, o cümlədən məscidlərin fəaliyyətə başlaması barədə dini icmalarla mütəxəssislərin arasında hər hansısa fikir ayrılığı yoxdur. Onların, həmçinin dindarların yekdil qənaətinə görə, koronavirus pandemiyasının yayılmasını qarşısının alınmasınadək bu məsələdə tələsgənliyə yol vermək olmaz. Ümid edirik ki, yaxın vaxtlarda Azərbaycan koronavirusla mübarizədə daha böyük uğurlar qazanacaq və tezliklə ibadət evləri yenidən dindarların istifadəsinə veriləcək” – M.Qurbanlı qeyd edib. \\Pravda