İnternatda böyüyən qəhrəmanımız

255

“Şəhid olduğumu düşünən ailəm evə qayıtdıqdan sonra məni böyük coşquyla qarşıladı”

“Döyüşlərin birində mühasirəyə düşmüşdük. Tabor komandirimiz bildirdi ki, ölsək də biz burdan atışaraq çıxmalıyıq. Həmin vaxt Ərgünəş dağının ətəyindəydik. Hamımız da onun xətrini çox istəyirdik. O, qabağa çıxdı. Bir də gördük ki, bütün tabor onun arxasındadır”

“Atılan mərmilərdən biri yaxınlığımıza düşdü. Həmin an tabor komandiri digər tərəfə, mən isə əks istiqamətə atıldım. Tabor komandiri elə bilirdi ki, mən şəhid olmuşam, mən də elə bilirdim ki, o, şəhid olub… Həmin an durmadan atəş açılırdı. Tabor komandiri “Əhmədov sağsan?” deyə qışqırdı. Onun səsini eşidən zaman sevindim. Atəş dayandıqdan sonra bir-birimizə sevinc göz yaşlarıyla sarıldıq”

Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizin sırasında Maştağada yerləşəm 1 №-li İnternat evində böyüyən və internat evinin adını işğaldan azad olunan torpaqlarımızda divara yazan, həmçinin sosial şəbəkələrdə əsgərlərin “yorğan-döşəkdə” yerdə yatdığını bircə foto ilə gözümüzdə əbədiləşdirən könüllü əsgər Elçin Əhmədovun da adı var. Vətən müharibəsinin sonlarına yaxın ailəsi Elçinin şəhid olduğu xəbərini bilib. Lakin sonradan onun sağ olduğunu öyrənən ailə üzvləri, tərxis olunduqdan sonra Elçini böyük coşquyla qarşılayıblar. Hürriyyətin əməkdaşı qəhrəman döyüşçümüzlə həmsöhbət olub:

– Elçin bəy, ilk olaraq özünüz haqqınızda məlumatdan başlayaq…

– 1987-ci ildə Şamaxıda anadan olmuşam. Üç yaşım olarkən, 1990-cı ildə atam avtomobil qəzasında dünyasını dəyişib. Anam da bu xəbəri eşidib infarkt keçirdib. Atamın vəfat etməsindən iki il sonra anam da dünyasını dəyişib. Üç qardaşıydıq. Bizi Lənkəran uşaq evinə apardılar. Böyük qardaşımı isə Bakıda internat evinə apardılar. Böyük qardaşım da bizdən ayrı qalmaq istəmirdi. Aidiyyatı qurumlara müraciət etdikdən sonra, bizi də qardaşımın yanına gətirdilər.

Maştağada 1 nömrəli internat evində böyüdük. İnternat evindən sonra ən böyük arzum ali məktəbə daxil olmaq idi. Orda olarkən həmişə ali məktəbə daxil olmağımı arzulamışam. Lakin internat evindən çıxandan sonra başa düşdüm ki, işləmək lazımdır. Artıq ali təhsil məsələm ən axrıncı planlarıma düşdü. Həyatımda ali təhsil ala bilmədiyimə görə çox heyfslənirəm. Hazırda evliyəm. Övladlarım var.

– İşləyirsiniz?

– Hazırda SOCAR-ın Neft-qaz tikinti Trestində çilingər olaraq çalışıram.

– Orduya könüllü yazılmışdız?

–  Bəli, orduya könüllü olaraq yazılmışdım. Döyüşlərin ilk günlərindən hərbi komissarlığa müraciət etdim. Dəfələrlə müraciət etməyimə baxmayaraq, yaş məhdudiyyətimin oluğu bildirilirdi. Mənim otuz üç yaşım var. Bütün bunlara baxmayaraq, əl çəkmədim. Bildirirdim ki, illərdir bu anı gözləmişik. Mən də torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməliydim. Məni hərbi komissarlıqdan öz internat yoldaşlarım yola saldı.

– 44 günlük müharibə sizə nə qazandırdı?

– Müharibə mənə çox şey qazandırdı. Demək olar ki, illərdir üstümüzdə olan utanc hissi üzərimizdən götürüldü. Hərdən düşünürdüm ki, bizdən qat-qat zəif bir düşmən necə olar ki, torpağımızı işğal edə bilər?… Onlar axı bizdən qat-qat zəif dövlətdir. Heç ora dövlət də demək olmaz. Ermənistan sadəcə tayfadır. İllərdir gözlədiyimiz anın yetişməsi bizə qürur hissi verdi. 44 gün ərzində ikinci dövlət tanımıram ki, işğalda olan torpaqlarını geri ala bilsin. Bunu da Azərbaycan xalqı olaraq bacardıq. Tarixi qələbə ömür boyu bizə qürur hissləri yaşadacaq.

– Döyüş zamanı əsgərlədə psixoloji vəziyyət necə idi?

– Tam olaraq əhaval-ruhiyyə yerində idi. Əvvəl fikir versəydiniz, insanlarımızda qaş-qabaq olurdu və eyni zamanda mehribanlıq da o qədər də hiss olunmurdu. Bəlkə də millətin daxilində gizlənmiş qisas hissi yatırdı deyə, insanlarda aqressiya hissi var idi. Müharibə başlayan ilk günlərdən isə xalqımız həmrəy oldu. Canını göz qırpmadan Vətən uğrunda fəda etmək istəyən insanları gördük.

– Döyüşə girən zaman ilk açdığınız atəşi xatırlayırsınızmı?

– İlk dəfə Hadrutda (Suqovuşan) əsgər yoldaşlarıma döyüşə qoşuldum. Həmin vaxt Hadrut tam əldə olunmuşdu. Sadəcə düşmən snayperləri durmadan atəş açırdı. Daha sonra ordan xeyli ərazi irəli gedib, Xocavənd tərəfə irəlilədik. Xocavəndin kəndiylə Hadrutun ortasındaydıq. Mövqeyimizə də yerləşmişdik. Artıq ordan düşmənə ilk atəşimi açdım.

– Daha sonra hansı döyüşlərdə iştirak etmisiz?

– Hadrutdan sonra Xocavəndin Tuğ, Böyük Tağlar kəndləri və digər ərazilər uğrunda gedən döyüşlərdə iştirak etdim. Orda kəndləri dəqiq bilmirdik. Bildiyim qədəriylə olduğum bəzi kəndlər Xocalıya aiddir. Son olaraq, Şuşaya qədər irəlilədik. Axrıncı mövqeyimiz oraydı.

– Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmisiniz?

– Şuşanın özünə ilk olaraq əsas xüsusi təyinatlı qüvvələr girib. Çünki orda sıldırım qayanı aşmaq lazım idi. Bunu isə yalnız xüsusi təyinatlı qüvvələr edə bilərdi. Daha sonra biz onlara köməyə girdik.

– Döyüşlərdə yaralanmısınız?

– Yüngül yaralandım. Barmağımdan qəlpə yarası aldım. Həmin yaraya görə xəstəxanaya müraciət etməyə ehtiyac yox idi. Yaralandığım vaxt əsgər yoldaşlarım ilkin tibbi yardımı göstərdi.

– İştirak etdiyiniz döyüşlərdən hansısa maraqlı və yaddaqalan xatirə varmı?

– Yaddaqalan xatirələr çoxdur. Bizim tabor komndirimiz ehtiyatda olan zabit idi. O da döyüşlər başlayan andan orduya çağırılıb. Çox ürəkli zabitlərimizdən olub. Döyüşlərin birində mühasirəyə düşmüşdük. Tabor komandirimiz bildirdi ki, ölsək də biz burdan atışaraq çıxmalıyıq. Həmin vaxt Ərgünəş dağının ətəyindəydik. Hamımız da onun xətrini çox istəyirdik. O, qabağa çıxdı. Bir də gördük ki, bütün tabor onun arxasındadır. Həmin vaxt dəhşətli bir mənzərə yaranmışdı. O vəziyyətdə biz ordan çıxa bildik. Daha sonra, taborun bütün əsgərlərini bir-bir qucaqlayıb öpdü. Ona “yoldaş mayor” deməyimizi istəmirdi. Bildirirdi ki, mənə “qardaş” deyə müraciət edin. O hadisədən sonra biz komandirimizi daha yaxşı tanıdıq, o da bizi…

Bir xatirəni də danışmaq istəyirəm. Şuşa ətrafında olarkən, qəlpələrdən qorunmaq üçün yer qazmışdıq. Düşmən dayanmadan atırdı. Atılan mərmilərdən biri yaxınlığımıza düşdü. Həmin an tabor komandiri digər tərəfə, mən isə əks istiqamətə atıldıq. Tabor komandiri elə bilirdi ki, mən şəhid olmuşam, mən də elə bilirdim ki, o şəhid olub… Həmin an durmadan atəş açılırdı. Tabor komandiri “Əhmədov sağsan?” deyə qışqırdı. Onun səsini eşidən zaman sevindim. Atəş dayandıqdan sonra bir-birimizə sevinc göz yaşlarıyla sarıldıq. Belə maraqlı xatirələrimiz olub…

– Döyüşlər gedən zaman yanınızda əsgər yoldaşınız şəhid olubmu?

– Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ümumilikdə götürdükdə, bizim tabordan 10-15 nəfər şəhidimiz olub. Yaralılarımız çox oldu. Buna baxmayaraq, anında tibbi yardım göstərilirdi. Düşmən alçaqcasına sanitar maşınlara da atəş açırdı. Halbuki, müharibə qanunlarına görə, döyüş şəraitində tibbi avtomobillərə atəş açılmamalıdır. Yarılıları sanitar maşınına qədər aparırdıq ki, tibbi yardım olunsun.

– Döyüşlər zamanı arxa cəbhədəki vəziyyət, yəni dinc əhalidəki əhval-ruhiyyə sizə necə təsir edirdi?

– Əlbəttə ki, insanların əhavl-ruhiyyəsini hiss edirdik. Arxa cəbhə bizi daha da döyüşə ruhlandırırdı. Mən dinc sakinlərimizi daha çox döyüşmüş hesab edirəm. Bizə vətəndaşlarımızdan çox miqdarda pay göndərilirdi. Göndərilən payların içindən məktublar da çıxırdı. Mənə verilən payların içindən beşinci sinif uşağının məktubu çıxmışdı. Məktubları oxuyanda daha da ruhlanırdıq. Məktubda beşinci sinif uşağı yazmışdı ki, əsgər əmi, bu corabı geyinin ki, ayağınız üşüməsin. Həmin məktubu xeyli müddət üzərimdə saxladım ki, Bakıya gedən zaman uşaqla görüşəcəm. Günlərin birində meşədə yatan zaman yağış yağdı. Həmin vaxt gördüm ki, artıq məktub yağışdan yararsız hala düşüb.

– Şanlı həyat yolunuzun təcrübələrinə dayanaraq, gənclərimizə nə demək istərdiniz?

– Gənclərimizə demək istəyirəm ki, hər zaman Vətənini sevsinlər. Vətən sevgisi tək bu torpağı sevmək demək deyil. Vətəni sevmək ailəni, yaxınlarını, övladlarını, ümumilikdə millətini sevmək deməkdir. Gənclərimiz Vətənini, ailəsini sevdiyi kimi sevsinlər. Eyni zamanda, gənclərimiz savad alsınlar. Onlar bilikli olarlarsa, ölkəmizi də başqa ölkələrdə layiqincə təmsil edə biləcəklər.

– 44 günlük müharibədən sonra evinizə qayıtdığınız zaman necə qarşılandız? Qarşılanma anınız hansı təəssüratlarla yadda qaldı?

– Döyüşlərdə olarkən, bir həftə evlə əlaqə saxlaya bilmədim. Sadəcə, iki gündən bir evlə əlaqə saxlayırdım ki, narahat olmasınlar. Artıq məndən xəbər çıxmayınca qardaşım Füzuliyə qədər gəlib çıxmışdı. Qardaşıma demişdilər ki, mən döyüşdə olduğum yerdən şəhidlər gəlib. Həmin şəhidlərə baxmağını istəmişdilər. Evimizə də şəhid olmağımla bağlı məlumatlar gəlmişdi. Evlə əlaqə saxladığım zaman, vəziyyət tamam başqa cür idi. Evə qayıdandan sonra, ailə üzvlərim çox sevinirdi. Axşama kimi məni buraxmırdılar (gülümsəyir). Övladlarım mənə sarılıb dayanmışdılar.

 

YƏHYA