İnsanlığın məhvinə yönəlmiş əməllər

    30

    Meşələrin kütləvi qırılması hansı fəsadlara yol aça bilər?

    İki həftə əvvəl meşə sahələrində ağacların qanunsuz kəsilməsi və meşə materiallarından kömür hazırlanması hallarının qarşısının alınması, meşələrdə və ona yaxın ərazilərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Oğuz Rayon İcra Hakimiyyətində geniş tərkibli görüş təşkil edildi.

    Görüşdə ETSN-in səlahiyyətli şəxsləri, rayon icra hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak edirdi.

    Qeyd edək ki, meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qarşısının alınması, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub.

    ETSN-in səlahiyyətli şəxsləri və rayon icra hakimiyyətinin rəhbərliyi tərəfindən meşələrin mühafizə olunmasının vacibliyi xüsusi olaraq vurğulanıb, hərtərəfli nəzarətin həyata keçirilməsi məqsədilə aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.

    Bildirildi ki, ETSN-ə müxtəlif bölgələrdən meşələrdə qanunsuz qırıntı halları barədə daxil olan müraciət və şikayətlər operativ olaraq yerində araşdırılır, inzibati və hüquqi tədbirlər görülür. Lakin nazirlik meşələrdə qanunsuz qırıntıların qarşısının tam şəkildə alınması üçün yerlərdə icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin dəstəyinə, hərtərəfli nəzarət mexanizmlərinin yaradılmasına ehtiyac olduğunu nəzərə alaraq bölgələrdə bu formatda görüşlərin davamlı olaraq keçirilməsini zəruri hesab edir. Tədbirdə vurğulanıb ki, nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması, meşə brokonyerlərinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə belə görüşlərin təşkili mütəmadi davam etdiriləcək.

    Bu kimi görüşlərin əhəmiyyətini qeyd etməklə yanaşı, onu da bildirməliyik ki, son illər Azərbaycanda meşə təsərrüfatının məhv edilməsi həqiqətən də acınacaqlı vəziyyət yaradıb. Bu problemin qarşısı vaxtında alınmasa, bunun daha ciddi fəsadlara səbəb olacağı istisna deyil. Əslində, bu məsələyə heç də sadəcə yaşıllığın məhvi kimi yanaşmaq düzgün deyil. Bu qanunsuz əməllərin sahibi fərqində olmalıdırlar ki, hər bir ağac bir candır və meşələrin kütləvi qırılması insanlığın məhvinə yönəlmiş cinayət əməlidir…

    Qeyd etdiyimiz kimi, insanən yaşaması üçün ən zəruri element oksigendir. Məhz oksigenin bir neçə dəqiqə belə çatışmaması insan həyatına son qoya bilər. Lakin təəssüf ki, XX əsrin başlanğıcından bu yana dünyada oksigen fabrikləri sayılan meşələrin qırılma prosesi davam edir. Qlobal ekoproblemin əsas maddələrindən biri də meşələrin yoxa çıxması ilə bağlıdır.

    Məlumat üçün bildirək ki, vaxtilə yaşadığımız planetin quru ərazisinin az qala yarıya qədəri meşələrlə örtülü olub. İndi bu rəqəm iki dəfə azalıb. Cənubi Amerikada, Uzaq Şərqi Asiyada və Sakit okean adalarındakı sıx meşələr müxtəlif məlum səbəblərdən yox olur. Meşələr tədricən özünü bərpa etmək xüsusiyyətinə malik olsalar da, insanın dağıdıcı antropogen fəaliyyəti qarşısında aciz qalır, son nəticədə özünü bərpa etmək xüsusiyyətini tam itirərək savannaya, çöllüyə çevrilirlər.

    2000-2005-ci illər arasında ən çox Afrika və Cənubi Amerikadakı meşələr məhv olub, hər il təxminən 4,3 milyon hektar meşə sahəsi xəritədən silinib. BMT hesabatına görə, dünyada hər il təxminən Yunanıstanın sahəsindən 100 dəfə böyük ərazilərdə meşələr yox olur. BMT-nin 229 ölkədə apardığı araşdırmalarının nəticələrinə görə, təkcə 2000-2005-ci illər arasında 7,3 milyon hektar meşəlik sahə yox olub. Ümumiyyətlə, son iki əsrdə meşələrin 40 faizi, ötən 40 ildə 460 milyon hektarı məhv olub. Bundan başqa, dünyadakı ağac növlərindən 10 faizi, yəni 8 mindən çox ağac növü yox olma təhlükəsi ilə üzləşib.

    Meşələrin qanunsuz olaraq qırmasının üstünə təbii fəlakətləri, meşə yanğınlarını da gələndə, meşələrdən əsər-əlamət qalmır. Həm də, dünyada baş verən meşə yanğınlarının cəmi 4 faizi ildırım vurması, vulkan nəticəsində və s. təbii səbəblərdən baş verir. Əksər yanğınlarsa qəsdən və ya yanlış aparılan meşə təsərrüfatı siyasəti nəticəsində insanlar tərəfindən törədilir. Dəhşətli meşə yanğınlarının əsas səbəbləri sırasında qəsdən yanğın törətmə, hədsiz istilər, su çatışmazlığı, süni ekzotik meşələr göstərilir. Meşələrdə yerə düşən kiçik bir şüşə qırığı belə günəş şüaları ilə alışıb, yanğına səbəb olur. Hətta illərlə torpaqda qalmış şüşə belə fəlakətə gətirə bilər. Son illər baş verən yanğınlar Sakit okean bölgəsi, Aralıq dənizi hövzəsi və Şimali Amerika bölgələrində meşə sahələrinin azalmasına gətirib çıxarıb. Ancaq yanğınların meşələrə vurduğu ziyan ağacların kortəbii, amansızcasına qırılması ilə müqayisəyə gələ bilməz. Təqribi hesablamalara görə, dünyada icazəsiz ağac kəsmələri ilə ortaya çıxan illik itki 10 milyard dollardır.

    Onuda qeyd edək ki, ağacların hətta qismən kəsilməsi də qalan ağacların həyat mühitini dəyişdirir. Onların həyat fəaliyyəti və vəziyyətini pozur. Meşənin tamam kəsilməsi ilə meşə mühiti açıq məkana çevrilir. Bu isə onun sonu deməkdir. Cavan meşə bitkilərinin ot və kol yaruslarının kölgəsevən bitkilərin xlorofili parçalanır. Nəticədə ağacın yarpaqları saralır, özü sürətlə quruyur. Ağacın yerüstü orqanları inkişafdan kəsilir. Qırılmış yerlərdə işıqsevən, qızmaya və rütubət qıtığına davamlı bitkilərin məskunlaşması üçün şərait yaranır. Bu zaman heyvanların tərkibi də dəyişir.

    Meşələrin bərpası torpaqların eroziyasını, qida maddələrinin yuyulmasını azaldır və su mübadiləsi rejimi dəyişir.

    Meşələrin çox qırıldığı yerlərdə isə onların bərpası sonradan qeyri-mümkün olur.

    Hazırda köhnə və qırılmış ağaclarda öz qidasını axtaran ağacdələn və digər növ quşların mövcudluğu bütün Avropada təhlükə altındadır. Buna səbəb meşələrin böyük hissəsinin monokultur massivə çevrilməsidir. Qərbi Almaniyada meşə massivlərinin çox hissəsində – 97 faizində cəmisi 3 ağac növü qalıb.

    Bu cür meşələr müxtəlif xəstəliklərə daha tez tutulur. Epidemiya və zərərvericilərin basqını ABŞ, Mərkəzi Avropa və Çinin şam ağacı plantasiyaları üçün adi hala çevrilib. Epidemiyalar təkcə ayrı-ayrı meşə massivlərini yox, bütün ekosistemi məhv etmək gücündədirlər.

    Məlumat üçün bildirək ki, dünyada ən çox meşəlik əraziyə sahib olan ölkə Rusiyadır. Ərazicə Avropa qitəsindən də böyük olan Rusiyada 8 milyon hektardan çox meşəliklər var. Sibir, Tayqa, tundra meşələri Rusiyanın “vizit kartı” hesab edilir.

    İkinci yerdə isə Braziliya gəlir. “Planetin ağciyəri” sayılan Amazonka meşələrinin böyük hissəsi bu ölkənin payına düşür. Braziliyada meşəlik ərazi 5 milyon hektardan çoxdu.

    Üçüncü yerdə isə Kanada gəlir. Zəngin yeraltı və yerüstü sərvətlərinə görə fərqlənən və onların qorunması üçün xüsusi cəhdlər edən, bunu çox gözəl bacaran Kanada meşəlik ərazilərinin ümumi sahəsi beş milyon hektara qədərdir.

    Dördüncü yerdə dünya nəhəngi olan ABŞ gəlir. ABŞ-da meşəliklərin ümumi ərazisi əvvəlki onilliklərə nisbətdə xeyli azalıb. Lakin yenə də ABŞ siyahının dördüncü pilləsində qalmağı bacarıb. Buradakı meşəlik ərazilərinin ümumi sahəsi 3 milyon hektardan çoxdu.

    İlk beşliyin sonuncu ölkəsi isə digər bir dünya nəhəngi Çindir. Amma Çinlə ABŞ arasındakı meşəlik əraziləri arasında kəskin fərq var. Asiya ölkəsində meşələrin ümumi ərazisi cəmi 1,3 milyon hektardır.

    Əslində müqayisə üçün təqdim etdiyimiz statitik göstəricilər də sübut edir ki, meşələrin məhvi həqiqətən də insanlığa böyük təhlükədir. Ola bilər ki, indi çoxlarımız bunu dərk etmir, yaxud da əhəmiyyət vermək istəmirik. Lakin yer kürəsində meşələrin çox böyük sürətlə azalması yazın on illiklərəd olmasa da, yüzilliklərdə öz fəsadlarını mütlıq göstərəcəkdir. Bunun üçün, ən azı gələcək nəsillərimizin sağlamlığı üçün yaşıllıqların məhvinin qarşısını almalıyıq.

    “Hürriyyət”