İnsanların xoşuna gəlməyin 8 yolu

255

İlk təəssüratdan sevilən insanların sirri sizə də maraqlı gəlir? Bəziləri onlarda “şeytan tükü” olduğunu deyir, bəziləri isə müsbət enerjilərinə görə cəlbedici olduqlarını düşünürlər. Ancaq fakt odur ki, onlar həmişə marağa və suallara səbəb olurlar.

Maraqlı orasıdır ki, bəzi psixoloji fəndləri bilərək insanların xoşuna gəlmək mümkündür. Bu yazıda sizi həm də FTB-nin (Federal Təhqiqat Bürosu – FBI) keçmiş xüsusi agenti, psixologiya üzrə professor Cek Şaferin bəzi məsləhətləri ilə tanış edəcəyik.

  1. “Buqələmun effekti”ndən istifadə edin

“Buqələmun effekti” insanın özündən asılı olmadan digərinin mimikası, bədən hərəkətlərini təkrar etməsidir. Bu metodun həqiqətən də işlədiyini Nyu-York universitetinin apardığı araşdırma sübut eləyib.

Bir-birini tanımayan 72 nəfərin iştirak etdiyi araşdırmada komandanın yarısı araşdırmada iştirak edənlərin hərəkətlərini kopyalayırdı, digər yarısı isə etmirdi. Eksperimentin nəticəsi onu göstərdi ki, kopyalanan insanlar qarşı tərəfi bəyəniblər və onlarla münasibəti davam etdirmək istəyiblər. Odur ki, siz də qarşı tərəfin mimika və jestlərini təkrarlayaraq onun xoşuna gələ bilərsiniz.

  1. Kompliment deyin

Qrethen Rubin “Xoşbəxtlik” layihəsi” kitabında yazır: “İnsanlar haqqında dedikləriniz sizin kənardan necə göründüyünüzə təsir edir. Belə ki, sizin başqalarına dediyiniz komplimentlər digər insanlar tərəfindən sizin öz xarakteriniz kimi qəbul olunur”.

Bu fenomen həm də əksinə işləyir, əgər siz tez-tez digər insanlar haqqında neqativ danışırsınızsa, insanlar sizi pis insan kimi “görməyə” başlayırlar.

Keçmiş FTB agenti Cek Şafer birbaşa kompliment deməyin bəzən yaltaqlıq kimi başa düşüldüyünə görə, başqa bir yol təklif edir. Məsələn, siz müdirinizlə rastlaşdınız və söhbət arasında ona deyirsiniz: “Anar bəy, bir az əvvəl marketinq şöbəsinin direktoru ilə rastlaşdım, dedi ki, etdiyiniz bir təklif şöbəyə milyon manat xeyir gətirib. Siz nə təklif elədiniz belə?”  

  1. 3Pozitiv ötürün

Amerikanın Ohayo Universitetinin araşdırmalarına görə, insanlar ətrafdakıların emosiyalarını özlərindən asılı olmadan hiss edirlər. Başqa sözlə, həmsöhbətinizin əhvalı hər zaman sizə təsir edir. Ona görə də əgər yaxşı təəssürat yaratmaq istəyirsinizsə, müsbət əhvala köklənin və onu ötürün.

  1. İdeal olmayın

Amerikanın məşhur sosial psixoloqu Elliot Aranson sübut edib ki, səhvlərimiz bizim haqqımızda müsbət rəy yaradır. Belə ki, “ideal” insanlar əlçatmaz qəbul olunduqları üçün bizi qorxudurlar.

Aparılan maraqlı bir eksperiment də bunu sübut edib. Eksperimentdə tələbələr müsabiqədə iştirak edən iki nəfəri izləyirlər. Suallara düzgün cavab verib sonra qəhvəni dağıdan iştirakçı heç bir səhv buraxmayan digər iştirakçıdan fərqli olaraq daha çox simpatiya toplayır.

Cek Şafer xoşa gəlmək üçün ünsiyyət zamanı kiçik bir səhv buraxmağı məsləhət görür. Tutaq ki, hansısa sözü səhv tələffüz edin. Məsələ ondadır ki, insanlar olduqlarından daha yaxşı görünmək istəyirlər. Buna görə də əgər siz səhv etsəniz, qarşı tərəf sizin yanınızda özünü daha rahat hiss edəcək.

  1. Dinləyin

Harvard Universitetinin apardığı təcrübələrə görə, insanlar özləri haqqında danışmağı  yemək, pul və seks qədər sevirlər. Əgər söhbət vaxtı həmsöhbətinizə özü haqqında danışmağa şərait yaradıb, ona qulaq assanız və danışdığı mövzular barədə suallar versəniz, o, görüşdən xoş təəssüratlarla ayrılacaq.

  1. Gülümsəyin

Həqiqi gülüşlə saxta gülüşün iki əsas fərqi var. Həqiqi gülüşü zamanı yanaqlar qalxır və gözün ətrafında qırışlar yaranır. Saxta gülüşü olan insanlar etibar yaratmır. Odur ki, insanların xoşuna gəlməyin digər bir yolu da ürəkdən və səmimi gülüşdür.

  1. Pıçıltı ilə danışın

Belə hesab olunur ki, biri ilə nə qədər aşağı səs tonu ilə danışırsınızsa, aranızdakı münasibət o qədər yaxın və intimdir. Fikir vermisinizsə, bir-biri ilə pıçıltı ilə ən çox danışanlar sevgililər və bir-birinə aşiq olan insanlardır.

İnsanlar bir-birinə sirr verəndə belə bunu pıçıltı ilə deyirlər. Məhz buna görə də pıçıltı bədən dili vasitəsilə etibar yaratmağın yollarından biri hesab olunur.

  1. Empatiya qurun

Əgər bir insanla dərin və uzunmüddətli münasibət qurmaq istəyirsinizsə, empatiya qurmağı öyrənin. Bunun ən rahat yolu dinləməyi öyrənmək, hisslərini başa düşə bilmək və sözlərinə pozitiv reaksiya verməkdir.