İnsanları intihar etməyə məcbur edən amillər nədir?

279

Aytən Ələkbərova: “İradəsi möhkəm insanlar bütün çətinliklərə dözür, yaşayır, iradəsi zəif insanlar isə ən rahat çıxış yolunu intiharda görürlər”

Səbinə Bayramova: “Boşanma, maddi çətinlik, ailədaxili münaqişələr, biznesdə, işdə, təhsildə uğursuzluq və sevdiyi şəxslərlə evlənə bilməmək intiharda görülən əsas səbəblərdəndir”

Paşa Yaqub: “Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur”

Gülnar Orucova: “İnsanların əksəriyyəti sadəcə, özünə yüngül xəsarət verməklə qarşıdakı tərəfi peşman etmək və ya insanların özünə qarşı mərhəmətli davranmasını təmin etmək üçün bu yola əl atır”

Elnur Rüstəmov: “İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır”

Demək olar ki, hər gün intihar xəbəri eşidirik. Biri özünü dənizə atır, biri asır. İntihar xəbərlərini diqqətlə izləsək görürük ki, özünə qəsdlər intiharlar payız aylarında daha çox olur. Ötən gün Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi də yenidən bizi intihar mövzusunu araşdırmağımıza vadar etdi. Bəs insanları intihar etməyə məcbur edən amillər nədir? Azərbaycanda bu sahədə real durum necədir?

Psixoloq Aytən Ələkbərova, iradəsi möhkəm insanların bütün çətinliklərə dözdüyünü, lakin iradəsi zəif insanların isə düşdüyü bataqlıqdan çıxa bilmədiyini, daha doğrusu çıxa bilməyəcəyini düşünüb ən rahat çıxış yolunu intiharda gördüklərini bildirdi: “Bu çox geniş mövzudur. Mən bu haqda bacardıqca qısa fikir bildirməyə çalışacam.

Əslində bu fikri də insanlarda cəmiyyət yaradır, cəmiyyətin pis ağuşu dediyimiz uçurum yaradır. Uşaqların, yeniyetmələrin intihar fikrinə düşmələrinin də səbəbkarı çox zaman valideyinlər, yaxud da cəmiyyətdir. İnsan o zaman artıq yaşamaq haqqında düşünmür. Bəzən ölümdən qorxan insanları iradəsiz insan hesab edirlər. Mən bunun tam əksini düşünürəm. Əksinə iradəsi güclü insanlar ölümdən qorxur. Çünki onlar özlərindən sonrakıları, yəni buraxıb getdiklərini və o biri dünyasını düşünür. İradəsi möhkəm insanlar bütün çətinliklərə dözür, yaşayır, iradəsi zəif insanlar isə düşdüyü bataqlıqdan çıxa bilməyib, daha doğrusu çıxa bilməyəcəyini düşünüb ən rahat çıxış yolunu intiharda görürlər. Bu isə çıxış yolu deyil. Bu çətinlikləri yaşayan insanlarla uzun müalicədən, danışıqlardan sonra fikrindən daşındırmaq mümkün olur. Ümumilikdə, sosial çətinliklərə görə, intihar etmək istəyənlər arasında gənclər üstünlük təşkil edir. Əslində insan psixologiyasına görə, konkret bir məsələnin üzərində dayanmaq olmur ki, intihara təhrik edən problemi dəqiq bilək. İntihara doğru getmək depressiyaya düşmüş bir insanın bədənində gedən psixi pozğunluqdur. Həmin proses intihara doğru aparır. Digər tərəfdən iradə zəifliyinə qayıdırıq. İnsanın iradəsi zəif olduğundan problemlərə daha tez təslim olur, düşünür ki, intihar edib canını qurtaracaq. Amma güclü insan intihar etməz, mübarizə aparmağı üstün tutar. Güclü insan rahatlıqla intihara cəhd etməz. Hər bir insanın çətin anı olur. Amma hər çətinlikdə intiharı yox, çətinliyə güc gəlməyi düşünmək lazımdır ki, intihar sizdən uzaqlaşsın. Bunu özünüz bacarmırsınızsa, kömək olacaq insanlara müraciət edin. Hər bir çətinliyin arxasında intihar bizlərlə gizlənpaç oynayır. Asanlıqla tapılıb intiharı qalib etməyin. Elə gizlənin ki, sizi tapa bilməyib, intizarda qalsın, əlacsız olub, sizdən əl çəksin. Amma səbəbini bilmədiyimiz halda, intihar edəni də qınamaq lazım deyil”.

Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü, Eros psixologiya mərkəzinin psixoloqu Səbinə Bayramova isə qeyd etdi ki, depressiv hallara daha çox payız aylarında rast gəlinir və intiharların başlıca səbəbi də depressiyadır: “İntiharın müxtəlif səbəbləri var. Bunlara şəxsin həddən çox yüklənməsi, psixoloji zədə alması, əhval-ruhiyyəsinin aşağı düşməsini misal gətirə bilərik.

Boşanma, maddi çətinlik, ailədaxili münaqişələr, biznesdə, işdə, təhsildə uğursuzluq və sevdiyi şəxslərlə evlənə bilməmək intiharda görülən əsas səbəblərdəndir. Bunu deyim ki, intihar edən şəxsdə intihardan öncə psixoloji problemlər müşahidə olunur. Onlar narkotikə və içkiyə qurşanırlar və daha çox şəxsiyyət pozğunluğu müşahidə edilir. Belə şəxsləri gördükdə onların intihara meyilli şəxslər olduğunu unutmamalı onlarla ehtiyatlı davranmalıyıq. Bu, yalnış fikirdir. Əgər ətrafınızda intihardan bəhs edən şəxslər varsa, onları mütləq ciddiyə almalısınız. Bəzən insanlar mənə müraciət edir ki, yaxını intiar etmək istəyir amma psixoloq yanına gətirə bilmir? Mənim tək məsləhətim budur ki, həmin insanları psixoloq və psixoterapevt yanına gəlməyə cəsarətləndirin. Əgər şəxsdə depresiyanın əlamətləri varsa yəni, özünü dəyərsiz, narahat hiss edirsə, gün boyu yuxulu olursa, diqqət dağınıqlığı, cinsi istəksizlik, iştahsızlıq və ya həddən artıq yemək yemək istəyi, ölüm və intihar düşüncələri varsa, mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Hətta belə deyə bilərik ki, intihar edən kişilərin sayı qadınlardan 3 dəfə daha çoxdur. Qadınlarda intihar cəhdlərinin çoxu baş tutmur”.

Psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub, intihar etmək istəyən adamların öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirdiyini dedi: “İntiharlar depressiyadan yaranır. Əsasın də payız fəslində daha çox müşahidə olunur.

Fəsil dəyişkənliyi ilə əlaqədar sinir sistemində dəyişikliklər baş verir. Yaz və payız fəsillərində insanlarda sinir sistemləri oyanır və müşhitə uyğunlaşa bilmir. Nəticədə insanda əsəb gərginliyi yaranır. Bu da intiharların baş verməsinə gətirib çıxarır. İntiharlar neqativ enerjidən yaranır. Pis enerjilər insanlara ötürülür. Ümumiyyətlə, insanı yaşadan həyat eşqidir. İnsanın həyata məhəbbəti olsa,nə qədər çətinliyi olsa belə, o çətinliklərə qalib gəlir. İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir. Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur.

Bu hiss onların qəlbindən silinir. Kompüterə düşən virus fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır.

İntiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir. İntihar etmək istəyən adamlar öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. İntihar edənlər üçün ilin hansı fəsli olması, havanın necə olması o qədər də önəmli deyil. Ancaqonlaraxşamüstüdahaçoxsıxılırlar”.

Psixoloq Gülnar Orucova isə insanların əksəriyyətinin özünü öldürmək məqsədilə intihar etmədiyini, sadəcə, özünə yüngül xəsarət verməklə qarşıdakı tərəfi peşman etmək və ya insanların özünə qarşı mərhəmətli davranmasını təmin etmək üçün bu yola əl atdığını vurğuladı: “İntihar etmək heç də insanların davamlı düşündüyü bir şey deyil. Bu, qəfil insanın ağlına gəlir və həmin anda ona cəhd edir.

İnsanların əksəriyyəti özünü öldürmək məqsədilə intihar etmir. Sadəcə, özünə yüngül xəsarət verməklə qarşıdakı tərəfi peşman etmək və ya insanların özünə qarşı mərhəmətli davranmasını təmin etmək üçün bu yola əl atır. Bəzi hallarda intihar edənlər həyatı bizdən qat-qat çox sevən insanlar olur. Sadəcə, o adamlar həmin anda düşünürlər ki, içində olduqları problemləri həll edə bilməyəcəklər. Bu gün ailələrdə əsas problemlərdən biri də valideynlərin öz övladlarına sevgi göstərməməsidir. 11-16 yaş dönəmində uşaqlar sevgiyə daha çox ehtiyac duyurlar. Çünki valideynlər yeniyetməlik dönəmində övladlarına bəzi qadağalar qoyurlar. Uşaqlar isə bunu sevgisizliklə əlaqələndirirlər”.

Psixologiya və Konsultasiya Mərkəzinin psixoluqu Elnur Rüstəmov isə dünyada intiharın əsas səbəbini iqtisadi faktorlarla əlaqələndirsələr də, lakin yaşayış səviyyəsi yüksək olan Avropa ölkələrinin intihar sayına görə ilk yerdə getdiyini bildirdi: “İntihar prosesi yaxın 15 ildə dünyanı narahat edən problemdir.

Dünyanın əksər ölkələrində intihar hadisələri sürətlə artır. Bunun da bir çox səbəbləri göstərilir. Düzdür, daha çox iqtisadi faktorları göstərirlər. Amma iqtisadi göstəriciləri yüksək olan ölkələr də intiharlar müşahidə olunur.  Şimali Avropa ölkləri yaşayış səviyyəsi yüksək olan ölkələrdəndir. Lakin intihar hadisələrinə görə birinci yerdə gedirlər. Bu baxımdan, son dönəmlər intiharları psixoloji gərginlik və narahatlıqla əlaqələndirirlər. Bizim ölkədə son vaxtlar psixoloji faktorlara görə intihar hadisələri baş verir. Eyni zamanda şəxsin axtarmış olduğu çıxış yoludur. Nə qədər neqativ də olsa, bu bizim cəmiyyətimizdə baş verir. İntihara səbəb olan faktorlar çoxdur. İntihar riski yaşayanlar əsasən tənhalar, müəyyən zərərli vərdişlərə aludə olanlar, xroniki xəstəliyi və depressiyada olan insanlardır. Ancaq təəssüflər olsun ki, bu gün intiharın cavanlaşdığını görürük.

Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin kökünə varsaq, bunların əksəriyyəti ailədaxili münaqişələrdən qaynaqlanır. Məsələn, ali məktəbə qəbullla bağlı imtahanlarda bəzən görürsən ki, valideyn övladının nə istədiyinin fərqinə varmadan ona diktə etməyə çalışır. Valideyn özlüyündə bir yol cızır və bunu mütləq bir şəkildə aşılamağa çalışır. Sən bu ixtisas üzrə təhsil almalısan və yaxud bu peşənin sahibi olmalısan. Bütün bunlar yeniyetmədə müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə bilməyəcəyini düşünərək intihara cəhd edir. ncaq nəzərə almaq lazımdır ki, intihar heç bir halda çıxış yolu deyil. Sadəcə, problemdən qaçmaqdır. Bir qisim ailələrdə də intihara cəhd insanların diqqətini bu problemə yönəltməkdir. Elələri özünü öldürmək üçün bu aktı həyata keçirmir. Onlar istəyir ki, insanların diqqətini çəksin”.

Son olaraq qeyd edək ki, bütün dünya intiharların qarşısının alınması istiqamətində tədbirlər üzərində düşünür. Əsas tədbirlər sırasında yenə də maarifləndirmə dayanır. Bu işdə, ilk növbədə, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən hər bir fərdin üzərinə mühüm vəzifələr düşür.

YƏHYA