“İnsanlar vurusa deyil, hökumətə, onların aldığı mənasız qərarlara inanmır” – NATİQ CƏFƏRLİ

105

“Hökumət o qədər başını itirib ki, vətəndaşı, biznesi anlayacaq durumda deyil”

“Hökumət virusla mücadilədə sinifdə qaldı, bacarmadı, tez-tez qərarların dəyişdirilməsi, proseslərin dərinliyini ölçə bilməməsi, modelləşmə bacarığının olmaması ölkəni çox ağır durumda buraxıb. Hesabatlılıq yox, alınan qərarların məntiqi yox, cəmiyyətlə normal kommunikasiya yox”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

İqtisadçı ekspert hesab edir ki, hökumət əhalinin, biznesin vəziyyətini də anlaya bilmir: “Səhər marketə getmişdim, bir nəfər yaxınlaşdı ki, müəllim, sizi internetdən izləyirəm, çox sağ olun, amma dedikləriniz bu hökumətə çatmır. Adam deyir ki, 4 aydır işsizdir, restoranların birində ofisiant işləyirmiş, günə 10-15 manat qazanırmış, indi işləmir, evdə də 2 uşaq, onun da biri xəstədir. Üzündən yaşlı adama oxşayırdı, deyəndə ki, cəmi 36 yaşı var – məni qəhər bürüdü. İmtina etməyə cəhd etsə də, israr etdim, imkanım çatacaq qədər bazarlıq etdim, yola saldım. Adam ayrılanda dedi ki, o qaltuklulara deyin, acından ölürük, bu məqamda yadımıza nə maska düşür, nə virus, mən uşaqlarımın üzünə baxa bilmirəm. Elə bu gün bəzi işlərimlə bağlı Statistika Komitəsinin yanından 20 nömrəli məktəbə qədər maşın sürdüm, bir neçə yerdə saxlamalı oldum, qısa görüşlərim var idi. Cəmi 2-3 km məsafədə, şəhərin gur və karlı yerində 11 obyektin bağlandığını, üzərinə “icarəyə verilir” yazıldığını gördüm. Ağır vəziyyətdir, hökumət o qədər başını itirib ki, vətəndaşı, biznesi anlayacaq durumda deyil. Bu isə çox təhlükəli durum yaradır. İnsanlar vurusa deyil də, bu hökumətə, onların aldığı mənasız qərarlara inanmır”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org