İnsan təbiətən xeyirxahdırmı?

117

 

Rusiyanın rus olamayan böyük yazıçılarından biri Mixail Bulqakovdur ki, bütün varlığı və bütün yaradıcılığı ilə bolşevik inqilabının, onun rəhbərlərini  yumşaq desək  sevməyən, ciddi desək əleyhdarı idi. Buna baxmayaraq Stalin ömrünün axırına kimi ona toxunmadı. “Xalqlar atası”nın da bu cür qəribə işləri də var idi. Bəzən bir şeirə görə Osip Mandelştamı məhv edir,  başqa birisinə isə çoxlu antisovet əsərləri ola-ola güzəştə gedirdi. Məsələn oktyabr çevrilişindən sonra Leninə və onun yaratdığı quruluşa qarşı çoxlu sayda kəskin publisistik yazılara baxmayaraq məşhur yazıçı  Stalin Maksim Qorkini Rusiyaya gətirib çox böyük səlahiyyətlərlə mükafatlandırdı. Bundan sonra  rəhbər  özü haqqında  ondan kiçik də olsa bir əsər yazmasını istədi. Sovet rejiminin qəddarlığını, antihumanizmini, riyakarlığını görə-görə Qorki sosializmi tərifləyib göylərə qaldırsa da, Stalinin həmin arzusunu  yerinə yetirməkdən imtina etdi.

Doğrudan da insan qəribə məxluqdur. Sosializmi tərifləyir, onun rəhbərinə isə kiçik də olsa tərif yazmaqdan imtina edir. Yəni o doğrudan da bilmirdi ki, Stalin bunu ona bağışlamaz? Elə də oldu və adı dillər əzbəri olan, yenicə yaranmış SSRİ Yazıçılar İttifaqının sədri təyin olunan “böyük proletar ədibi”  1936-cı ilin iyununda aradan götürüldü. Onların son görüşlərinin birində Stalin onun xahişini yerinə yetirməyən Qorkini “ədəbi fahişə”, Qorki də Stalini “cinayətkar, cani” adlandırmışdı.

Nə isə, qayıdaq əsl məsələyə. Bulqakovun  ölümündən çox-çox sonralar çap olunan və dərhal bütün dünyada şöhrət qazanan “Ustad və Marqarita” (Böyük kansler) romanıdır. Romanın fəsilləri bir-birinin ardınca gələn və bir-birindən çox uzaq olan iki dövrün hadisələrindən bəhs edir. Həm sovet ittifaqının 30-cu illər dövründən, həm də İsanın zühur etdiyi yeni eranın əvvəllərindən bəhs edir. Yazıçı ustalıqla hadisələri ruh və məntiq etibarilə bir-birinə uyğunlaşdırır və əsasən İsa Məsihin Moskvada peyda olmasından və onun macəralarından çox maraqlı, ustalıqla yazılmış səhnələr yaradır. Mən bu yazıda bir məsələdən danışmaq istəyirəm. İNSAN TƏBİƏTƏN XEYİRXAHDIRMI? Sual çox qəlizdir və həyatda onun həm təsdiqinə, həm də inkarına aid saysız-hesabsız misallar gətirmək olar. Böyük yazıçı Bulqakov İsanın Qüdsdə peyda olub Roma prokuratoru Ponti Pilat tərəfindən dindirliməsi, mühakiməsi və ölüm hökmü və çarmıxa çəkilməsi ilə başa çatır. Məsələ bundadır ki, İslam dininin də peyğəmbər hesab etdiyi İsa tez-tez, kəlməbaşı və ümumiyyətlə hamını, bütün insanları, hakimləri də, satqınları da “xeyirxah adam” adlandırır. Gəl onun bu anlayışını şərh edək. Hərçənd ki Bulqakov qəhrəmanlarından birini Ponti Pilatın hökmü ilə onun xeyirxah  yarlıkını rədd edir. Belə ki, Ponti Pilat İsanın onu xeyirxah adlandırmasının qəti əleyhinə çıxır. Amma bilmək olmur ki,  yazıçı bu fikirlərdən hansı birinin tərəfdarıdır. Aydındır ki, xeyirxahlıq  insan təbiətinin ayrılmaz hissəsi olsaydı, heç şübhəsiz ki nə o vaxt İsanın başına bu fəlakət gələr, nə də Bulqakov onu bu cür xarakter sahibi kimi təsvir edərdi. Bəs necə ola bilər ki, xristianların “allah” (və ya Allahın oğlu) hesab etdiyi İsa necə səhv edə bilərdi? Allah və ya “Allahın övladı” (“sın bojiy”) da səhv edə bilrədimi? Qətiyyən yox. Onda belə çıxır ki, insanlar təbiətən zalım deyil, xeyirxahdırlar. Bəs onda bir neçə sadə ifadəyə görə İsanı, peyğəmbəri necə çarmıxa çəkiblər?  Belə çıxır ki, insan zalımdır. Amma axı bütün dinlərdə allahın insanı zalım məxluq kimi yaratmadığı iddia olunur. Doğrudur, ilk insanın (Adəm peyğəmbərin) oğlu Qabil öz qardaşı Habili öldürür və bununla da dünyada qətl hadisəsinin əsası qoyulur. Amma buna baxmayaraq İsa peyğəmbərin dediyi kimi, hər yerdə insan xeyirxah kimi təsvir olunur. Məsələ burasındadır ki, insanlar xarakter və təbiətcə müxtəlifdirlər və buna addımbaşı rast gəlmək olar. Amma məsələ burasındadır ki, insanı qəddarlığa əl atmağa məcbur edən səbəblər var. Bu səbəblər olmasa heç kim başqasına əl qaldırıb günahsız ola-ola onu qətlə yetirməz. Qətllərin çoxu da hakimiyyət və sərvət əldə etmək nəticəsində baş verir.

Gəlib çıxırıq böyük yunan tarixçisi Fukididin  insanın hakimiyyət hərisliyi və hakimiyyət əzmi fikrinə.  Və yalnız XIX əsrdə böyük Nitşe bu fikri geniş bir konsepsiyaya çevirdi. Deməli belə çıxır ki, insan təbiətən xeyirxahdır, amma həyat, şərait onu zalım və zülmkar olmağa məcbur edir. Lakin şəxsən mənə gəldikdə isə düşünürəm ki, insanların yalnız üç-beş faizi – yəni cüzi bir hissəsi təbiətən xeyirxah doğulur. Əksəriyyəti və qalanları isə anadangəlmə şər toxumu səpənlər olur.

Əlisa  NİCAT