İngilis deputat: “Avropa İttifaqı dağılır”

    27

    “Avropa İttifaqı lahiyəsi son günlərini yaşayır. “Brexit” (İngiltərənin Avropa İttifaqından ayrılması) bu parçalanmanın ilk hissəsi idi. Digər ölkələr də ayrılacaqlar. Çünki Avropa xalqları milli dövlətçilik ənənələri ilə idarə edilmək istəyirlər”.

    “Hürriyyət” xəbər verir ki, bu sözləri Avropa Parlamentində (AP) çıxış edən Birləşmiş Britaniyanın Müstəqillik Partiyasının (UKIP) keçmiş lideri Naycel Faraj bildirib.

    O, gözlənilən parçalanmanın səbəbini ittifaqın süni prinsiplərə söykənərək qurulmasıyla əlaqələndirib və qitə miqyasında keçirilən seçkilərin nəticələrini öz fikirlərinə misal gətirib.

    Faraj Avropa İttifaqının mərkəzi halına gələn Belçikaya da “ilişib”. Belçika Baş naziri Çarlz Mişelin Aİ-nin gələcəyinə dair çıxışının ardından söz alan ingilis deputat deyib: “Belçika təbii bir ölkə olmadığı üçün Avropa səviyyəsində bir quruluşun hissəsi olmaq sizi xoşbəxt etmiş ola bilər. Bu gün Belçika faktiki iki hissədən ibarət süni dövlətdir, ölkənin müxtəlif hissələri fərqli dillərdə danışırlar və sözləri bir-birilərinin xoşlarına gəlmir."

    Farajın iddialarına replika ilə cavab verən Belçika Baş naziri Mişel onu "populist və ekstremist" olmaqda günahlandırıb.