İndoneziya ilə Çin arasında virusa qarşı peyvəndin tədarükü barədə müqavilə imzalanıb

51

İndoneziya və Çin arasında virusa qarşı 40 milyon doza peyvəndin tədarükü barədə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə peyvənd həmin Cənubi Asiya ölkəsinə noyabrdan başlayaraq göndəriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər naziri Retno Marsudi çinli həmkarı Van İ ilə görüşdən sonra keçirdiyi virtual mətbuat konfransı zamanı məlumat verib.

Çinin “Sinovac Biotech Ltd.” şirkəti ilə İndoneziyanın “PT Bio Farma” şirkəti arasında imzalanan müqavilə barədə məlumat verən R.Marsudi deyib ki, sənədə əsasən 40 milyon doza peyvəndin 2020-ci ilin noyabrından 2021-ci ilin martınadək tədarükü barədə razılıq əldə edilib.

Nazirin bildirdiyinə görə, peyvəndin əldə edilməsi ilə əlaqədar digər şirkətlərlə də müzakirələr aparılır. Bu, ümumi əhalisinin sayı 270 milyon nəfər olan İndoneziyaya kifayət qədər peyvənd əldə etmək imkanı qazandıracaq.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə, İndoneziyada koronavirusa yoluxanların sayı 147 min 211 nəfərə çatıb. Onlardan 6418-nin həyatını itirdiyi bildirilir.